24 Dekabr 2024, Çərşənbə axşamı

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Duzdağ” otelində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıb.
Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının uğurlu gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib. Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsində bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.

“Muxtar respublikamızda gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir”, – deyən Azad Cabbarov qeyd edib ki, gənc­lərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif obyektlər tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib.
Bildirilib ki, Naxçıvan Mux­tar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Son illər gənclərimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət pro­qramlarının uğurla reallaşması, bütövlükdə, gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.
Qeyd olunub ki, indi muxtar respublikamızda gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır və böyük nailiyyətlər əldə edirlər.
Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Nərmin Allahyarova çıxış edərək deyib ki, bu gün muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərin inkişafı sahəsində görülən işlər sırasında onların mütaliə vərdişlərinin və dünyagörüşlərinin artırılması diqqət mərkəzində saxlanılır. O, gənclərə göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra səhnəyə dəvət olunan gənclərin iştirakı ilə tədbirin rəmzi olan tort kəsilib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənc­lər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının çıxışı və gənc müğənnilərin, həmçinin tanınmış muğam ustası İlkin Əhmədovun ifaları, yumor ustası Fərda Xudaverdiyevin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR