1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclərin I Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir.
Hər bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki gənclik davamlı inkişafın qarantıdır. Bu mənada, gəncliyin inkişafı, dünya birliyinə inteqrasiyası Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu gün özünün yüksək inkişaf mərhələsini yaşayan dövlət gənclər siyasəti ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”, – deyən dahi rəhbərin təşəbbüsü ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına başlanılmışdır. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdı. Məhz ötən əsrin 70-ci illərində ulu öndərin diqqət və qayğısı nəticəsində yetişən gənclik ölkəmizin müstəqilliyinin qorunmasında və inkişafında yaxından iştirak etmişdir.
Ümummilli liderimiz müstəqillik dövründə – 1993-2003-cü illərdə ölkəmizə rəhbərliyi zamanı da gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, onların sosial problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün lazımi şərait yaratmışdır. Ayrı-ayrı dövlət təşkilatlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə “Gənclər siyasəti haqqında”, “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” qanunlar qəbul olunmuş, bir sıra fərman və sərəncamlar imzalanmışdır. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunmuş, onlar cəmiyyətin fəal sosial təbəqəsinə çevrilmişdir. Gənclərin idarəetmə sahəsində fəal iştirakı, gənc mütəxəssislərin yetişdirilməsi, işlə təminatı və digər sosial problemlərin həlli Azərbaycanda gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu təsdiq edir. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə dünyada tanınır və qəbul olunurlar. Ölkə Prezidenti cənab İlham Əliyev gənclər qarşısında mühüm vəzifələr durduğunu bildirərək demişdir: “Biz bu gün güclü dövlət qururuq. Biz çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün, sadəcə, güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.
Muxtar respublikada da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Son illər bu məqsədlə muxtar respublikada Gənclər Mərkəzi, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilmişdir.
Muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının davamıdır. Bu fərmanlarla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmişdir. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu amil nəzərə alınaraq muxtar respublikada idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənclərin hərtərəfli böyüməsinə xidmət edir. Yaradılan imkanlardan istifadə edən gənclər Azərbaycan və dünya miqyaslı yarışlarda və çempionatlarda uğurla iştirak edərək Naxçıvan idman məktəbinin adını yüksəldirlər.
Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, 2014-cü ildə Naxçıvan şəhərində yeni yaşayış kompleksi tikilərək istifadəyə verilmişdir. Gənclərin güzəştli şərtlərlə mənzil sahibi olması yönündə işlər bu gün də uğurla davam etdirilir. Naxçıvan şəhərində 5 binadan ibarət yeni “Gənclər şəhərciyi”nin inşası bunun əyani ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Bu gün dövlətimiz gənclərin hərtərəfli inkişafı, ən əsası vətənpərvər ruhda böyüməsi üçün bütün imkanlardan istifadə edir, etibarlı gənclik ordusu formalaşır. Ölkəmiz inkişaf etdikcə gənclərimiz üçün yaradılan şərait də, onların fəaliyyət imkanları da genişlənir. Bu da Azərbaycanın uğurlu gələcəyini təmin edən ən əsas yoldur.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, daim müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti