İclasda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən geniş söhbət açılıb.
Tədbiri Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ötən il Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 6 şura yığıncağı, İdarə Heyətinin 12 iclası olub, partiya fəalları ilə 6 yığıncaq keçirilib. Yığıncaqlarda Yeni Azərbaycan Partiyasının V Qurultayının və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi vəziyyəti diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Bildirilib ki, təşkilatda partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. 2015-ci ildə rayondakı 112 ilk partiya təşkilatlarından hər birində partiya sıralarına yeni üzvlər qəbul olunub. Ümumi sayı 122 nəfər olan yeni üzvlərin 88 nəfəri gənclər, 75-i isə qadınlardır. Təşkilatın üzvlərinin ümumi sayı 6 min 675 nəfərdir. Bunlardan 2 min 744 nəfərini qadınlar, 3 min 557 nəfərini isə gənclər təşkil edir.
Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Qadınlar Şurası tərtib edilmiş iş planına əsasən fəaliyyət göstərərək yeni üzvlərin partiya sıralarına cəlb edilmələri üçün təbliğat işlərini davam etdiriblər.
Bildirilib ki, rayonda aparılan quruculuq işlərində Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının üzvləri də yaxından iştirak ediblər.
İsa Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının üzvləri bundan sonra da öz işini ulu öndər Heydər Əliyevin ideyalarına və siyasi kursuna uyğun quracaq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcək, ölkəmizin inkişafı, əhalinin rifahı naminə həyata keçirilən məqsədyönlü işlərdə daim ön sıralarda olacaqlar.
Şura iclasında Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, təşkilatın şura üzvləri Elnur Abbasov və Sədaqət Mahmudov çıxış ediblər.
Xəbərlər şöbəsi