Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarı təsdiq edilmişdir. Qərara əsasən, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 6, 7 iyul Ramazan bayramı, 12, 13 sentyabr isə Qurban bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin yanvar ayında da bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti orqanlarının siyahısı” təsdiq edilmişdir. Həmin qərarla da “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanlarının siyahısının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 oktyabr tarixli qərarı ləğv edilmişdir.
2016-cı il 18 yanvar tarixli qərarla isə “Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fondu”na toxumun tədarükü, saxlanması və istifadəsi qaydaları təsdiq edilmişdir.
Bu Qaydalar “Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fondu”na kənd təsərrüfatı bitkilərinin toxumlarının tədarükü, saxlanması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiq edilmişdir.
Bu Qayda yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurlarını müəyyən edir.
Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.