Bu mədəniyyəti nümayiş etdirməklə təhlükəsizliyimizi də qorumuş olarıq
Kütləvi yaşayış məskənləri kimi tanınan şəhərlər tarixən inkişaf etdikcə özündə bir çox ictimai mədəniyyət nümunələrini formalaşdırıb. Belə nümunələrə şəhərdə hərəkət etmək, dincəlmək, kütləvi yerlərdə davranış qaydalarına riayət etmək kimi xeyli misallar gətirmək olar. Müasir şəhər həyatında əsas faktorlardan biri də piyada və sürücü münasibətlərini özündə əks etdirən yol mədəniyyətidir. Bu mədəniyyətin formalaşması ötən əsrdən başlayıb və adətən, elmi-texniki tərəqqinin nailiyyətlərindən sayılan müxtəlif nəqliyyat vasitələrinin həcminin artması zərurətindən yaranıb. Ancaq məsələ burasındadır ki, üstündən bir neçə onilliklər keçsə də, piyada və sürücü mədəniyyəti hər ölkədə eyni səviyyədə inkişaf etməyib. Bunun bir çox səbəbləri olsa da, gəlinən nəticə budur ki, yol mədəniyyətinin səviyyəsi artdıqca sürücü və piyadaların təhlükəsizliyi də o səviyyədə qorunmuş olub.
Son illərdə muxtar respublikamızda yol-nəqliyyat infrastrukturu sahəsində mühüm işlər görülüb. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində muxtar respublikada avtomobil yollarının böyük əksəriyyəti yenidən qurularaq genişləndirilib, işıqlandırma sistemi quraşdırılıb, hərəkət qaydalarını tənzimləyən müxtəlif nişanlar qoyulub.
Görülən işlər əhalinin rahat hərəkət imkanlarını təmin etsə də, bu, heç də müxtəlif təhlükələrdən sığortalanmağımız anlamına gəlmir. Eyni zamanda qeyd etməliyik ki, əhalinin sosial rifah halının yüksəlməsi son illərdə şəxsi minik avtomobillərinin sayının artmasında da özünü göstərib. Bu da, təbii ki, avtomobil yollarında hərəkətin intensivliyinə təsir edir, piyada və sürücülərin məsuliyyətini ikiqat artırır. Və hər birimiz istər-istəməz bu məsuliyyətin iştirakçısına çevrilirik. Bunu belə başa düşmək lazımdır ki, hər gün biz olduğumuz yerdən küçə və yollara çıxarkən hərəkət iştirakçısına çevrilirik: avtomobili idarə edərkən sürücü, avtomobildə hərəkət edərkən sərnişin, küçə və yollardan keçərkən isə piyada qismində oluruq. Yəni tutduğumuz vəzifədən, mövqedən, cinsimizdən və yaşımızdan asılı olmayaraq, hər birimiz yol hərəkəti haqqında qanunları bilmək məcburiyyətindəyik. Sürücülər sürücü kimi, piyadalar isə ən azından piyada kimi necə hərəkət etmək lazım olduğunu bilməlidirlər. Bəs bu gün muxtar respublikamızın paytaxt şəhəri olan Naxçıvan şəhərində sürücü-piyada münasibətləri necə tənzimlənir və yaxud bu sahədə yuxarıda qeyd etdiyimiz kimi bir mədəniyyət nümunəsi göstərə bilirikmi? Düşünürəm ki, bu istiqamətdə apardığımız müşahidələr sualımıza cavab tapmaqda bizə kömək edəcək.
Hər şeydən əvvəl qeyd etməliyik ki, Naxçıvan şəhərində hərəkətin təhlükəsizliyini təmin etmək üçün Nахçıvаn Muхtаr Rеspublikаsı Dövlət Yоl Pоlisi İdаrəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşları onlar üçün təyin olunmuş müxtəlif yerlərdə xidmət aparırlar. Xüsusilə şəhərimizin müxtəlif hissələrindəki piyada keçidləri yaxınlığında yol polislərini günün istənilən saatında görmək mümkündür. Biz də müşahidələrimizə piyada keçidlərindən başladıq. Həm də ən çox piyada axını yaradan müxtəlif obyektlərin (məktəb, xəstəxana, uşaq bağçası və sair) yaxınlığındakı piyada keçidlərini seçdik və bu keçidlərdən istifadə edən və etməyən piyadalardan bir neçəsi ilə həmsöhbət olduq.
Naxçıvan şəhər sakini Cavid Dünyamalıyevlə tanışlığımız müsahibimizin “İstiqlal” küçəsindəki piyada zolağı ilə qarşı tərəfə keçidindən sonra baş tutur. Bildirir ki, hər gün işə gedib-gələrkən bu piyada keçidindən istifadə edir: “Piyada keçidlərinin qoyulması hər birimizin təhlükəsizliyinə xidmət edir. Düzünü desəm, əvvəllər yoldan keçərkən piyada keçidlərinə fikir vermirdim. Dünən qarşı tərəfə keçmək istəyərkən yol polisi əməkdaşı nəzakətlə, əgər siz buradan keçməsəniz, əli ilə arxadan gələn məktəbli uşaqları göstərib, onlar da buradan keçməyəcəklər, – dedi. Həmin zaman geriyə dönərək piyada keçidinin üzəri ilə addımlamağa başladım və yolu keçəndən sonra fikirləşdim ki, həqiqətən, biz çox zaman öz hərəkətlərimizlə uşaqlarımıza düzgün nümunə göstərə bilmirik. Bundan sonra həmişə bu qaydalara diqqət etməyə çalışacağam”.
Şəhər sakini Ziyəddin Quliyev də mütəmadi olaraq piyada keçidlərindən istifadə etdiyini deyir: “Piyada keçidlərindən istifadə etmək hər birimizin təhlükəsizliyi baxımından vacibdir. Bu həm də ona görə lazımdır ki, piyada keçidlərindən keçərkən avtomobillər piyadaları məcburən gözləyirlər. Buna görə də qarşı tərəfə tez keçmək olur. Əgər başqa yerdən keçsəniz, yoldan keçən avtomobilin sizi gözləyəcəyini təxmin edə bilmirsiniz, məcbur olub sağdan və soldan keçən avtomobilləri gözləyirsiniz ki, bu da sizin üçün əlavə vaxt itkisidir, bəzən isə bu, qəza vəziyyəti yaradır”.
“Niyə piyada keçidindən istifadə etmirsiniz?” sualını isə avtomobillərin arasından sürətli addımlarla yolu keçərək piyada səkisinə özünü çatdıran 45-50 yaşlarında bir qadına ünvanlayırıq. Cavab vermədiyindən sualı ikinci dəfə səsləndirməli oluruq. Qadın “vaxtım yoxdur, işə tələsirəm”, – deyib bizdən uzaqlaşır.
Piyada keçidindən istifadə etməyən digər şəhər sakini isə adının Ayxan olduğunu deyir. Tələbə olduğunu söyləyən Ayxandan niyə yaxınlıqdakı keçiddən istifadə etmədiyini soruşduğumuzda “eh müəllim, fərqi nədir, bir də piyada keçidi axtarmalıyam bu qədər yolda? Onsuz da maşınlar saxlayıb piyadalara yol verir”, – deyə sualımızı cavablandırır.
Növbəti yaxınlaşdığımız piyada isə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən mobil telefonla kiminləsə uzun-uzadı danışaraq keçən 18-20 yaşlarında tələbə xanımdır. Hər halda yaxınlıqdakı ali təhsil müəssisəsinə doğru getdiyindən belə zənn edirik. Ondan niyə piyada keçidindən istifadə etmədiyini soruşduqda, bizə yox, telefondakı şəxsə cavab verərək uzaqlaşır. Qərəz, müşahidələrimizi şəhərdəki müxtəlif piyada keçidləri yaxınlığında aparsaq da, mənzərə dəyişmir: piyada keçidlərindən istifadə edənlər də var, bu keçidlərə məhəl qoymayanlar da. Maraqlı burasıdır ki, adını çəkmədiyimiz digər piyadalarla da apardığımız söhbətlərdə hər kəs sürücülərdən razılığını bildirdi, yol keçərkən onları gözlədiklərini, yol verdiklərini qeyd etdi. Təbii ki, narazı olanlar da tapılır, ancaq onların sayı o qədər də çox olmur. Söhbət etdiyimiz sürücülərin əksəriyyəti isə piyadaların yol hərəkəti qaydalarına çox zaman məhəl qoymadıqlarını bildirdilər. Məsələn, Eldar adlı taksi sürücüsü deyir ki, məşğul olduğu peşə onu sükan arxasında daim diqqətli olmağa məcbur edir. Amma bununla belə, gün ərzində yol hərəkəti qaydalarını pozan, işıqfora məhəl qoymayan, piyada keçidlərindən istifadə etməyən, hətta avtomobillərin hansı istiqamətdən gəldiyinə diqqət etməyən çox sayda piyadalarla qarşılaşdığını söyləyir. “Ən çox hansı yaş qrupundan olan piyadalar qayda pozuntularına yol verirlər?” sualıma taksi sürücüsü cavab verir ki, əslində, bunu bütün yaş qruplarından olan piyadalar haqqında demək olar, ancaq mənə görə belə piyadalar daha çox qadınlar olurlar.
Həmsöhbət olduğumuz yol-patrul xidmətinin əməkdaşları da bildirdilər ki, ötən dövrlərlə müqayisədə piyadaların yol hərəkəti qaydalarına riayət etməsində müsbət irəliləyişlər var. Amma bu qaydaları pozan, piyada keçidlərindən istifadə etməyənlər də az deyil. Qanun keşikçiləri onu da qeyd etdilər ki, xidmət zamanı qaydalara tabe olmayan piyadalarla daim maarifləndirici söhbətlər aparır, piyada keçidlərindən, eləcə də şəhərdəki yeraltı və yerüstü keçidlərdən istifadənin piyadaların öz təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu onlara çatdırmağa çalışırıq.
Müşahidələrimiz zamanı gəldiyimiz nəticə isə bunu deməyə imkan verir ki, şəhərimizdəki sürücü-piyada münasibətləri gərginliklə müşahidə edilməsə də, piyadalar öz vəzifələrinə hələ də biganə yanaşırlar. Halbuki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində piyadaların da vəzifələri nəzərdə tutulub. Qanunda yolda piyadanın istiqamətinin tənzimlənməsindən tutmuş hər hansı pozuntuya görə tətbiq edilən cəriməyədək hər şey öz əksini tapıb. Ancaq təəssüflər olsun ki, hələ də piyadalarımızın əksəriyyəti yol hərəkəti qaydalarının pozulmasında yalnız sürücüləri günahkar bilirlər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bəzilərimiz piyada kimi öz vəzifəmizi dərk etsək də, qanunlara əməl etməyi, necə deyərlər, sevmirik. Bəzən bir çox məsələlərdə Avropa ölkələrini nümunə gətirib onlardakı müxtəlif mədəniyyət nümunələrindən heyranlıqla danışırıq. Lakin unuduruq ki, Azərbaycan sahib olduğu mədəniyyətlə dünyada tanınan ölkədir. Onda nəyə görə biz yol mədəniyyətimizi nümayiş etdirməyək?
Deyirlər ki, yol mədəniyyətdir. Onda yola çıxarkən, gəlin mədəni olmağı da unutmayaq.
Səbuhi Həsənov