24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında da bu sahədə həyata keçirilən tədbirlər özünün
yeni keyfiyyət mərhələsinə qədəm qoyub

Multikulturalizm hər zaman bəşəriyyətin sosial və mədəni inkişafının, intellektual və mənəvi tərəqqisinin universal bazası olub. Bu baza xalqların tarixi məsuliyyətinə, siyasətə, idarəçiliyə, mədəni mübadiləyə, qarşılıqlı zənginləşməyə böyük təsir göstərib. Hər zaman olduğu kimi, müasir dövrdə də müxtəlif  mədəniyyət və sivilizasiyaların dialoqunda multikulturalizm böyük rol oynayır. Çünki bəşəriyyət fərqli mədəniyyət və dünyagörüşlərin qarşılıqlı anlaşmasını, birgə yaşayışını təmin edən başqa bir yol tapmayıb. Buna görə də eyni bir ölkədə yaşayan müxtəlif xalqların tarixi, dini, sosial, mədəni  hüquqlarına humanist dünyagörüşü ortaya qoyan multikulturalizm, eyni zamanda cəmiyyətin öz daxilində ənənəvi dəyərlərin yaşadılmasına töhfəsini verən zəruri vasitədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmlə bağlı fikirlərini belə ifadə edib: “Multikulturalizmin dəyərləri, onun əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir”.

Dünya təcrübəsi göstərir ki, multikulturalizmdən imtina etmək gələcəkdə hər bir ölkə üçün yaxşı heç nə vəd etmir. Ancaq təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif, hətta inkişaf etmiş ölkələrində belə, baş verən münaqişələrin böyük əksəriyyətinin kökündə milli, dini qarşıdurmalar ilk sırada gəlir. Bunun əsas səbəbi isə həmin ölkələrin multikulturalizmi lazımi səviyyədə qəbul etməmələri və ya başqa xalqlara məxsus dini, milli, mədəni dəyərlərə dözümsüzlük nümayiş etdirməsidir. Ancaq bütün bunların əksinə olaraq Azərbaycandakı tolerant mühitin inkişafına yönəlik aparılan dövlət siyasəti fərqli mənsubiyyəti ilə seçilən xalqların nümayəndələrinin, etnik qrupların harmonik inkişafını səciyyələndirən amillərdəndir. Bu mühit isə asanlıqla yaradılmayıb, multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış təcrübənin milli ənənələr üzərində inkişafını stimullaşdıran dövlət qayğısının və siyasətinin nəticəsində mümkün olub. İnsanlar arasında qarşılıqlı anlaşmaya, dostluq və əməkdaşlığa öz töhfəsini verən multikulturalizm Azərbaycanın zəngin mədəni və mənəvi irsinin göstəricisidir.

Azərbaycan Respublikası Prezidentinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında 15 may 2014-cü il tarixli Fərmanında deyilir: “Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir”.
Qeyd etmək lazımdır ki, Azərbaycanın zəngin mədəniyyətə və qədim tarixə malik Naxçıvan diyarı da tarixən öz multikultural mühitinə görə seçilib. Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan tarix boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu region kimi tanınıb. Regionun əlverişli coğrafiyaya malik olması onu fərqli maraqların toqquşduğu məkana çevirməsi ilə yanaşı, həm də bu maraqların harmonik şəkildə inkişafını təmin edib. Məsələn, bu diyara ayaq basan istənilən qonaq hər zaman böyük hörmətlə qarşılanıb, onun milli və ya dini mənsubiyyətinin göstərilən münasibətə zərrə qədər təsiri olmayıb. Əsrlərlə yaşadılmış bu ənənələr xalqımızın həyat tərzinə çevrilərək onun milli xüsusiyyətinə – mentalitetinə çevrilib. Bu xüsusiyyət, tolerantlıq özünün yüksək səviyyəsinə çataraq onu özündə əks etdirib ki, hətta düşmənlərimiz belə, qapımızı əli silahsız döyübsə, mərdlik göstərərək onu xalqımızın adına uyğun qəbul etmişik. Tolerantlığın, dözümlülüyün bu səviyyəsini gözləmək istənilən sivilizasiyalı, inkişaf etmiş bir ölkə üçün ibrətamiz nümunədir.
Xatırlatmaq lazımdır ki, ölkəmizdə multikulturalizmin dövlət səviyyəsində dəstəklənməsi, xalqımızın digər xalqlarla qarşılıqlı anlaşma, tolerant münasibətlər səviyyəsində inkişafı Heydər Əliyev siyasətinin əsas məramını təşkil edir. Bu ideoloji-siyasi kursun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, artıq Azərbaycan bu gün bütün dünya ölkələri üçün tolerant nümunə ortaya qoyub. Naxçıvan Muxtar Respublikasında da bu sahədə həyata keçirilən tədbirlər özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası, eləcə də şəhər və rayon icra hakimiyyətləri üzrə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Komissiyaların yaradılmasında əsas məqsəd Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsindən, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsindən ibarətdir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlar yüksək səviyyədə qeyd edilir. Eyni zamanda muxtar respublikanın məscidlərində İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, dini dəyərlərdən irəli gələn ənənələr yaşadılır, azsaylı xalqların nümayəndələrinin də mədəni irsinin qorunmasına və dini azadlığına hörmətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bizimlə söhbətində bildirdi ki, hazırda muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bunun da 72-si ölkəmiz müstəqillik qazandıqdan sonrakı dövrdə tikilib, 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Komissiya tərəfindən muxtar respublikada mövcud olan məscidlərin qorunmasına, onların binalarının yaxşı saxlanılmasına daim nəzarət edilir. Həmsöhbətimiz vurğuladı ki, bu gün multikulturalizm ənənələrinin qorunmasında muxtar respublikamızda fəaliyyət göstərən din xadimlərinin də üzərinə böyük məsuliyyət düşür. Çünki din də multikultural dəyərlərin əsas tərkib hissəsi kimi aparıcı rola malikdir. Bu mənada, muxtar respublikada məscidlərin və din xadimlərinin qeydiyyatı, dini mərasimləri idarə edənlərin attestasiyadan keçirilməsi və onların xüsusi geyim forması ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Əvvəlki illər də daxil olmaqla, komissiya tərəfindən bu günədək qeydiyyatdan keçmiş 680 din xadiminin hər birinə pulsuz olaraq iki dəstdən ibarət yay və qış geyim forması verilib. Bundan əlavə, İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. 2015-2016-cı tədris ilində “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisasının açılması bu sahəyə göstərilən diqqətin nəticəsidir.
Söhbət əsnasında öyrəndik ki, Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası 2015-ci ildə fəaliyyətini dövlət-din münasibətlərinin tənzimlənməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı maarifləndirmə işlərinin təşkili istiqamətində qurub. İndi muxtar respublika ərazisində müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur, dini icmaların iştirakı ilə sağlam dini mühitin formalaşdırılması, dindən hər hansı bir məqsədlə vasitə kimi istifadə olunmaması üçün ardıcıl tədbirlər görülür.
Bəli, bu gün muxtar respublikada multikulturalist dəyərlərin qorunmasına və təbliğinə göstərilən dövlət qayğısı aparılan siyasətin ana xəttini təşkil edir. Çünki milli və mənəvi dəyərləri inkişaf etdirmədən, digər din və mədəniyyətlərə tolerant münasibət göstərmədən ciddi uğurlara nail olmaq mümkün deyil. Nəzərə alaq ki, müasir dünyada multikulturalizm ənənələrinin inkişafı və qorunması hər kəs tərəfindən arzu olunsa da, müstəqil Azərbaycan dövləti buna sistemli və kompleks yanaşma ortaya qoyaraq özünün əsl nümunəvi modelini yaradıb və bu model dünyanın söz sahibi olan dövlətləri tərəfindən də birmənalı olaraq qəbul edilir. Buna görə də multikulturalizm inkişaf edən Azərbaycanın qazancıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham ­Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması isə beynəlxalq aləmin diqqətini yenidən ölkəmizə yönəldəcək. Çalışmalıyıq ki, cari ildə Azərbaycandakı tolerant reallığın təbliğindən düzgün yararlanaq, ölkə­mizin, eləcə də muxtar respublikamızın beynəlxalq aləmdə tanıdılmasına öz töhfəmizi verək.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR