Qış fəslinin ən gözəl təbiət hadisələrindən biri də qarın yağması, küçə və xiyabanların, bağ və bağçaların, çöllərin, düzlərin ağ örpəyə bürünməsidir. Bolluq, ruzi-bərəkət rəmzi olan qarın yağması bir neçə il bundan öncə təsərrüfatın müxtəlif sahələrində çatışmazlıqları ortaya çıxararaq çətinliklər yaratsa da, muxtar respublikada indi bu çətinliklər haqda söhbətin belə, açılmaması onu göstərir ki, əhalinin xidmətində olan bütün sahələrdə qışa ciddi hazırlıq işləri aparılıb.
Əvvəllər qış aylarında, xüsusən də qar yağanda ortaya çıxan çətinliklərdən biri də yolla, nəqliyyatla əlaqədar olub. Xüsusilə ucqar yaşayış məntəqələrinə aparan yollar mütəmadi təmizlənmədiyindən, eləcə də yola xidmət göstərməli olan qurumların səriştəsizliyi ucbatından nəqliyyatda tez-tez fasilələr yaranırdı. Ancaq bu çatışmazlıqlar aradan qaldırılıb.
Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, aramsız yağan qar əhaliyə ictimai nəqliyyat xidmətinin göstərilməsində heç bir problem yaratmayıb. Buna səbəb qış mövsümündə əhalinin fasiləsiz və təhlükəsiz nəqliyyatla təmin edilməsi, nəqliyyat-yol kompleksində baş verə biləcək hər hansı çatışmazlığın vaxtında aradan qaldırılması üçün nazirlik, habelə onun tabeliyində olan təşkilatlar tərəfindən kompleks tədbirlərin həyata keçirilməsidir.
Məlumatda o da bildirilir ki, qarlı və şaxtalı havalarda nəqliyyata olan tələbatın artması nəzərə alınaraq “Naxavtoyol” Dövlət Şirkətində qış mövsümündə işləyən avtomaşın və yol texnikasının saz vəziyyətə gətirilməsi də nəqliyyatın fasiləsiz fəaliyyətinə şərait yaradıb. Muxtar respublikada fəaliyyətdə olan 1473 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yollarına nəzarət artırılıb, yollarda hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra işlər görülüb. Belə ki, şirkətin balansında olan 12 ədəd avtoqreyder, 29 ədəd özüyükünüboşaldan avtomaşın, 8 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 3 ədəd ekskavator, 5 ədəd avtoyükləyici və 1 ədəd qartəmizləyən mexanizm işlək vəziyyətdədir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikamıza yağan qar və soyuq hava şəraiti avtonəqliyyat xidmətinin ahəngdar işini poza bilməyib. Ucqar dağ kəndlərinə gedən yollar da tez bir zamanda qardan təmizlənib və istifadə olunacaq vəziyyətə gətirilərək marşrutların fəaliyyəti təmin edilib.
Qışın sərt üzünü göstərdiyi bu günlərdə əhali elektrik enerjisi ilə tam təmin olunub. Bu barədə Dövlət Energetika Agentliyindən aldığımız məlumatda bildirilib ki, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator yarımstansiyalarının texniki baxışdan keçirilməsi, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıq və xətlərinin yenilənməsi, Naxçıvan şəhərində yerüstü elektrik xətlərinin yeraltı kabellərlə əvəz olunması, enerji israfçılığına yol verilməməsi, texniki itkinin minimum həddə saxlanması əhalinin qarlı günlərdə elektrik enerjisi ilə tam təminatına imkan yaradıb. Bundan başqa, Dövlət Energetika Agentliyinə tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsi, zəruri ehtiyat yaradılması, qəza-bərpa briqadalarının komplektləşdirilməsi və onların təlimatlandırılması yağan qarın qarşıya çıxardığı çətinliklərin qısa zamanda aradan qaldırılmasına imkan verir.
Qarlı günlərdə əhalinin mavi yanacaqla təminatı da yüksək səviyyədədir. “Naxçıvanqaz” İstehsalat Birliyindən bildirilib ki, qaz təchizatı sistemində texniki baxış tədbirləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib, nasazlıqlar vaxtında aşkar edilərək aradan qaldırılıb və təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görülüb. Yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqlarının müəyyən edilərək yenilənməsinə nəzarət artırılıb, sayğacdankənar istifadə hallarının qarşısının alınması üçün ciddi tədbirlər görülüb. Naxçıvan şəhərində mövcud sayğacların smartkarttipli sayğaclarla əvəzlənməsi davam etdirilir.
Qarlı havada əhalinin əsas qayğılarından biri də istilik təminatıdır. Bu məqsədlə şəhər və rayonlarda müvafiq icra hakimiyyətləri tərəfindən qazanxanalarda elektrik enerjisi, təbii qaz və su təchizatı məsələləri araşdırılıb, nöqsanlar aradan qaldırılıb. İctimai yaşayış binalarının zirzəmilərindən keçən istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığı araşdırılıb, qış mövsümünə hazırlıqla bağlı müvafiq tədbirlər görülüb. Həmçinin kommunal xidmət texnikalarının saz vəziyyətdə olması nəzarətdə saxlanıb.
Bütün bu sadalananlar onu deməyə əsas verir ki, bu gün muxtar respublika əhalisi bundan iki onillik öncəsində olduğu kimi yağan qarın yaratdığı problemlərlə yaşamır. İndi aramsız yağan qarın yaratdığı təbiət mənzərələri insanlara ancaq və ancaq mənəvi zövq verir, onları yaşamağa və yaratmağa, gələcəyə daha nikbin nəzərlərlə baxmağa sövq edir. Bir də hamı bilir ki, bu qar bolluq, bərəkətdir. Yaz və yay aylarında su və məhsul bolluğudur.
Səbuhi Hüseynov