Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında ötən ilin yekunları ilə bağlı keçirilən şura iclasında şura üzvləri və ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
İclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov mövzu ilə əlaqədar məruzə edib. Qeyd olunub ki, 2015-ci ildə təşkilat öz işini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Hesabat ili ərzində təşkilatın 4 şura iclası, İdarə Heyətinin 12 yığıncağı keçirilib. Yığıncaqlarda Yeni Azərbaycan Partiyasının V Qurultayının və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi vəziyyəti diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilmiş sessiya və müşavirələrin yekunları, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən qarşıya qoyulmuş məsələlər müzakirə olunub.
Bildirilib ki, hesabat ili ərzində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb.
2015-ci ildə rayonda aparılan tikinti-quruculuq və abadlıq tədbirlərində, yaşıllaşdırma iməciliklərində partiya üzvləri mütəşəkkillik nümunəsi göstəriblər. Vurğulanıb ki, təşkilatda partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bəhs olunan dövrdə Yeni Azərbaycan Partiyasının sıraları 55 nəfər artaraq partiya üzvlərinin ümumi sayı 1431 nəfərə çatıb. Onların 261 nəfərini qadınlar, 368 nəfərini gənclər təşkil edir.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyevanın və Heydər Əliyev adına Gənclər Birliyinin sədri Oğuz Əliyevin çıxışları olub.
Muxtar Məmmədov