Tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsi, həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi, istehsalat müəssisələrində texniki və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbir keçirilib. Aidiyyəti tikinti materialları istehsalı müəssisələri nümayəndələrinin iştirak etdiyi tədbiri idarənin rəisi Vüqar Kazımov açıb.
Bildirilib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir dövrdə bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində qanunvericilik bazası təkmilləşdirilib, bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, ötən müddət ərzində idarə tərəfindən muxtar respublika ərazisində tikintisi başa çatdırılmış və davam etməkdə olan 614 sayda bina və qurğunun qeydiyyatı aparılıb, mühəndis-geoloji işlərin aparılması ilə bağlı 116 obyekt ərazisindən quyu və şurf qazma üsulu ilə götürülən qrunt nümunələri analizdən keçirilib, müvafiq hesabatlar hazırlanıb. Tikintidə istifadə olunan materialların dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması məqsədilə idarənin Mühəndis-geoloji, sement və beton laboratoriyasında 1509 sayda sınaq keçirilib. Keçirilən sınaqlar zamanı 55 sınaq nəticəsinin standartların tələblərinə uyğun olmadığı müəyyən edilib. Aparılmış tədbirlər nəticəsində çatışmazlıqların aradan qaldırılmasına nail olunub. Tikinti dövründə istifadə olunan material və konstruksiyaların laboratoriya şəraitində keyfiyyətinin yoxlanılması ilə yanaşı, səyyar üsulla tikinti obyektlərində dəmir-beton konstruksiyalarda betonun naturada möhkəmlik göstəricisi 1479 halda yoxlanılıb. 230 obyektin tikintisi ilə bağlı layihə-smeta sənədləri ekspertizadan keçirilib və işçi layihələrə müvafiq rəylər verilib. Peşə sahələrinə aid işləri yerinə yetirən şəxslərin müvafiq peşəkarlıq sertifikatına malik olmaları yoxlanılıb.
Sonra çıxışlar olub, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın mahiyyəti və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işlər haqqında məlumat verib.
Kərəm Həsənov