Şərur rayonu
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi ölkəmizdə misligörünməmiş faciəyə gətirib çıxardı.
Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizliyini sındırmaq məqsədi daşıyan bu mənfur planın həyata keçirilməsi imperiyanın iç üzünü ortaya qoydu. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsində xalqımız müstəqillik uğrunda mübarizliyini bir daha nümayiş etdirdi.
Bu hadisə nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mücadilə əzmini qıra bilmədi. Həmin gecə şəhid olan övladlarımız tariximizə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Ona görə də 20 Yanvar faciəsi şərəf və qürur, qeyrət və qəhrəmanlıq tariximizdir.
1990-cı ilin 20 Yanvar hadisələrinin 26-cı ildönümü muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da qeyd olunub. 77 şəhidin doğulub boya-başa çatdığı bölgənin sakinləri yanvarın 20-də azadlıq mübarizlərinin xatirəsini böyük qürur və vətənpərvərlik hissi ilə yad ediblər.
Həmin gün rayon ictimaiyyətinin nümayəndələri Şərur şəhərindəki Şəhidlər xiyabanına gedərək şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirib, Vətən övladlarının məzarlarına tər qərənfillər düzüblər.
Babək rayonu
20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qürur günü kimi yazılıb. Ölkəmizin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları 26 il bundan əvvəl öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Ürəkləri daim Vətən sevgisi ilə döyünən bu qəhrəman oğullarımızın qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq, ölkəmiz suverenlik əldə etdi. 20 Yanvar məzmunca terror aksiyası, qanlı faciə, bəşəriyyət qarşısında cinayət olsa da, xarakter etibarilə xalqımıza qarşı yönəldilmiş açıq hərbi təcavüz idi. Törədilmiş faciə nə qədər ağır olsa da, bu, azadlıqsevər xalqımızın mübarizliyini bir daha ortaya qoydu. Aradan 26 il keçməsinə baxmayaraq, xalqımız o faciəni böyük qürur hissi ilə xatırlayır.
20 Yanvar hadisələrinin 26-cı ildönümü muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Babək rayonunda da geniş qeyd olunub. Müstəqilliyimizin, suverenliyimizin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda 43 babəkli şəhid olub. Bu qəhrəman Vətən övladlarının xatirəsi hər zaman dövlətimiz tərəfindən uca tutulur, şəhid ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri rayon mərkəzi Babək qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək onların ölməz xatirəsinə ehtiramlarını bildirib, abidə önünə gül-çiçək düzüblər.
Ordubad rayonu
41 şəhidi olan Ordubad rayonunda da yanvarın 20-də faciənin ildönümü ilə bağlı anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Ordubad şəhərindəki Şəhidlər xiyabanına gələrək şəhid məzarları üzərinə qərənfillər düzüblər.
Mərasimdə rayon sakinləri ilə söhbətimiz zamanı bildirdilər ki, 20 Yanvar hadisələri xalqımızın milli azadlıq arzusuna qarşı həyata keçirilən ən böyük təcavüz faktı, bir qəhrəmanlıq səhifəsidir. Bu, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının törətdiyi ən böyük cinayət kimi tarix səhifələrinə yazıldı.
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini sıx birləşdirdi, onların mübarizliyini daha da artırdı. 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Çünki bu hadisə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. 26 ildir ki, həmin gün ölkəmizin hər yerində qeyd edilir, şəhidlərin xatirəsi böyük ehtiramla anılır.
Culfa rayonu
1990-cı ilin 20 Yanvar hadisələrindən 26 il ötür. Xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi kimi yaddaşlara yazılmış 20 Yanvar günü hər il olduğu kimi, bu il də böyük ehtiramla yad olunub.
Xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin uyuduğu müqəddəs ünvanlar bu gün hər bir azərbaycanlının ziyarət yerinə çevrilib. Vətənini qorumağı özünün vətəndaşlıq borcuna çevirən hər bir azərbaycanlı onun üçün şəhidlik zirvəsinə ucalanların xatirəsini həmişə uca tutur.
Yanvarın 20-də muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da tədbirlər keçirilib. Həmin gün rayon əhalisi Culfa şəhərinin Heydər Əliyev prospektində Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçmiş 32 nəfər culfalının xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Tədbirdə iştirak edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müxtəlif döyüşlərdə qəhrəmancasına həlak olmuş culfalı şəhidlərin ruhuna dualar oxuyub, abidə önünə gül düzüblər. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, müxtəlif təşkilatların, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektivləri, Culfa şəhər sakinləri iştirak edib, şəhidlərin ruhuna öz ehtiramlarını bildiriblər.
Kəngərli rayonu
İmperiyaların öz mövcudluğunu qorumaq üçün qan tökməsi, qırğınlar törətməsi tarixin bütün dönəmlərində olub. Sovet imperiyasının ömrünü uzatmaq üçün belə addımları atanlar da tarixi xislətlərinə sədaqət nümayiş etdirmək istəyirdilər. Ancaq 1990-cı ilin yanvar ayında Bakıda törədilmiş qanlı faciənin əsas səbəbi təkcə imperiyanın qorunması deyildi.
O günlər Moskvada cərəyan edən ictimai-siyasi proseslərin görünməyən qatlarında Azərbaycan xalqının iradəsini qırmaq və respublikamızın torpaqlarının bir hissəsinin, xüsusən də Naxçıvan Muxtar Respublikasının ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. Bu barədə dünyanın bütün qütblərini təmsil edən obyektiv düşüncəli ekspertlərin və ədalətli siyasətçilərin çoxsaylı qənaətləri mövcuddur. Lakin düşmən nə bizim əzmimizi, iradəmizi qıra bildi, nə də buyruq köləsi olan ermənilər Naxçıvanı işğal edə bildi. Əksinə, həmin günlərdə ümumxalq birliyi daha da möhkəmləndi, həmrəyliyimiz gücləndi. Buna görə də Qanlı Yanvar faciəsi Azərbaycan tarixinə qəhrəmanlıq günü kimi yazıldı.
20 Yanvar faciəsinin 26-cı ildönümü Kəngərli rayonunda da ümumxalq hüzn günü kimi qeyd olunub. Həmin gün kəngərlililər Azərbaycanın ərazi bütövlüyünü qorumaq, xalqımızın azadlığı naminə canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onların xatirəsini dərin ehtiramla yad edib, abidə önünə tər çiçəklər düzüblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Kəngərli rayonundan 36 nəfər şəhidlik zirvəsinə ucalıb. Yanvarın 20-də rayon mərkəzi Qıvraq qəsəbəsindən və digər kəndlərdən gəlmiş mərasim iştirakçıları səhər saatlarından başlayaraq Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək üçün şəhidlər abidəsinə axın ediblər. Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar gününün xalqımızın azadlıq mübarizəsindəki məğrurluğunun və mübarizliyinin nümayişi olduğu bildirilib.
Şahbuz rayonu
1990-cı il yanvarın 20-də xalqımız minillik qəhrəmanlıq tarixini dünyaya yenidən göstərdi, varlığını məğrurluğu, mətinliyi ilə bir daha sübut etdi. Sübut etdi ki, bu xalq azadlığı yolunda hər an çəkinmədən ölümə hazırdır. Azadlığını, müstəqilliyini şəhid övladlarının qanı bahasına qazanan xalq əbədi yaşamağa qadirdir.
20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və bu yolu qəhrəmanlıqla qət etdilər. Ölümə gedən yollar onları ölməzliyə, əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirdi.
Qeyd edək ki, bu yüksək amallar uğrunda Şahbuzun vətənpərvər övladları da mübarizə aparıblar. Rayonun Keçili kəndindən olan və o zaman Bakı şəhərində ali təhsil alan tələbə Teymur Orucov da Qanlı Yanvar gecəsinin günahsız qurbanlarından biridir. Məlum olduğu kimi, 20 Yanvar faciəsinin törədildiyi qanlı şənbə gecəsindən 8 saat əvvəl erməni daşnakları rus havadarları ilə birlikdə Naxçıvana – sərhəd bölgəsi olan Sədərəyə hücum etmişdilər. Bu hücumun qarşısının alınmasında iştirak edən şahbuzlu Rövşən Orucov qəhrəmanlıq göstərərək həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
20 Yanvar hadisələrinin 26-cı ildönümü münasibətilə muxtar respublikanın bütün bölgələri kimi, Şahbuz rayonunun sakinləri də Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri – ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, əsgərlər Şahbuz şəhərindəki “Ana abidəsi” kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra şəhidlərin ruhuna dualar oxunub.
Sədərək rayonu
Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökürdü. 1989-cu ilin dekabr ayında muxtar respublikada SSRİ sərhədlərinin dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan hələ 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi. Eyni vaxtda ermənilərin məhz yanvarın 19-da cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, onlar Bakıya qoşun yeridiləcəyindən və bununla da, Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi. Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum etmiş, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atmışlar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılmışdır. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlmiş, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalmışdır. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.
20 Yanvar faciəsinin 26-cı ildönümü Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Xəbərlər şöbəsi