Yanvarın 18-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd olunmuşdur.
Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanlı çıxış edərək 20 Yanvar faciəsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, keçmiş Sovet imperiyası tərəfindən törədilən bu qırğın Azərbaycan xalqının müstəqillik arzusunu boğa bilməmişdir. Həmin dəhşətli günlərdə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş cinayəti pisləmiş, Sovet imperiyasını kəskin ittiham etmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə isə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi qiymət verilmişdir.
Mərasimdə çıxış edən Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlu 20 Yanvarı Azərbaycan tarixinin şanlı səhifəsi kimi dəyərləndirmişdir.
Sonra şəhidlərimizin ruhuna dualar oxunmuş, sənədli filmə və hazırlanmış fotostendlərə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Mərasimdə Qars valisinin müavini Adəm Ünal, Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, Ədalət və İnkişaf Partiyasının Qars vilayəti üzrə rəhbəri Adəm Çalkın, digər rəsmi qurumların rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.
“Şərq qapısı”