24 Dekabr 2024, Çərşənbə axşamı

20 yanvar 1990-cı il. Rusiya Federasiyasının Tümen şəhəri. Şəhərdəki yeni yaşayış binalarının tikintisində azərbaycanlılardan ibarət Azərbaycan-Tümen tikinti dəstəsi də var idi. Bakı Baş Tikinti İdarəsinin evtikmə kombinatının üzvlərindən ibarət 300 nəfərlik heyət bura 3 illik müddətə göndərilmişdi. İnşaat dəstəsində çalışan əkiz qardaşlar – Səyavuş və Ramazan öz ədəb-ərkanı, böyük-kiçik yeri bilməsi, çalışqanlıqları ilə digərlərindən daha çox fərqlənirdi. Buna görə də hər kəs onların xətrini çox istəyir, bir çox məsələlərdə bu qardaşlarla, xüsusilə Səyavuşla məsləhətləşirdi.
O gün isə onların anadan olduqları gün idi. Ad günlərini qeyd etmək üçün gündüzdən hazırlıq işləri görülmüş, yaxın dost-tanış axşam açılacaq süfrəyə dəvət olunmuşdu. Hava qaraldıqca kombinatın işçiləri üçün ayrılmış yataqxanada Səyavuşgilin yaşadığı mənzildə dostların da sayı çoxalırdı. Hər kəs bu əkiz qardaşları təbrik edir, onlara öz arzularını çatdırırdı. Ancaq bu zaman Azərbaycandan gələn sarsıdıcı xəbər süfrə başında olan hər kəsi məyus etdi: dünən, yəni yanvarın 19-da gecə saatlarında Bakıya daxil olan sovet hərbi birləşmələri zirehli texnika ilə insanları vəhşicəsinə qətlə yetirmiş, xeyli sayda insan yaralanmışdır. Hər kəs təəccüb içində idi. Mərkəzi televiziya bu haqda səthi məlumatlar versə də, gələn xəbərlər ziddiyyətli idi. Gecəni sübhəcən oyaq qalan soydaşlarımız ertəsi gün Bakıda vəziyyətin çox ağır olduğunu öyrənirlər. Buna görə də Səyavuş və qardaşı ailələri ilə birgə Bakıya geri dönməyi qərara alırlar. Onlara həmyerlilərimizdən də qoşulanlar olur. Bakıya qayıtdıqdan sonra torpaqlarımızın düşmən təhlükəsində olduğunu öz gözləri ilə görən Səyavuş hər an düşməndən intiqam almaq hissi ilə alışıb-yanır.

Az bir müddətdən sonra torpaqlarımızın müdafiəsi məqsədilə könüllülərdən ibarət özünümüdafiə dəstələri yaranacaq və ora ilk qoşulanlardan olan gələcək Milli Qəhrəmanımız Səyavuş Həsənovun bu gün böyük qürur hissi ilə söhbət açacağımız döyüş yolu başlanacaqdı...
1964-cü il yanvarın 20-də Şərur rayonunun Yengicə kəndində Həsən kişinin ailəsində əkiz oğlan uşağı dünyaya göz açır. Adlarını Səyavuş və Ramazan qoyurlar. Həcər ananın mehriban nəvazişi, Həsən kişinin halal zəhməti ilə böyüyən əkizlər kənd tam orta məktəbini 8-ci sinfə qədər oxuduqdan sonra təhsillərini Bakıdakı 54 nömrəli texniki-peşə məktəbində davam etdirirlər...
Onların qardaşı Adil Həsənov deyir ki, Səyavuşgil 20 Yanvar faciəsini eşidən kimi Azərbaycana qayıdırlar. Burada onlara məlum olur ki, imperiya ordusunun Bakıda dinc əhaliyə qarşı qırğın törətməkdə əsl məqsədi xalqımızın azadlıq, müstəqillik duyğularının qarşısına sədd çəkməkdir. Həmin dövrdə ermənilərin öz havadarlarının köməyi ilə torpaqlarımıza aramsız hücumları artıq onu daha da hiddətləndirir. Tezliklə Səyavuş Qarabağa könüllü müdafiə batalyonu yarananda ona ilk qoşulanlardan olur. Qazaxda, Goranboyda, Gədəbəydə mühüm hərbi tapşırıqları yerinə yetirir. Bu rayonlarda yerləşən müxtəlif döyüş məntəqələrində düşmənə sarsıdıcı zərbələr vurur. Xüsusilə Daşaltı, Şuşa, Laçın döyüş əməliyyatlarında yaxından iştirak edir. O, Şuşa-Laçın yolunda bizim hərbi texnikalara və canlı qüvvəyə heç cür irəliləmək imkanı verməyən düşmən piyada döyüş maşınını ekipajı ilə birlikdə məhv edir. Bundan sonra qüvvələrimiz döyüşdə bir sıra nailiyyətlər əldə edirlər. Ancaq bütün bunlara baxmayaraq Şuşa işğal olunur. Şuşadakı müvəffəqiyyətsizlikdən sonra Daxili İşlər Nazirliyinə gedərək polis sıralarına qəbul olunur və birbaşa döyüş bölgəsinə göndərilməyini xahiş edir. Səyavuşun xidmət etdiyi taqım 1992-ci il iyunun 18-də qızğın döyüşlər gedən Ağdərəyə yola düşür. Tezliklə Ağdərədəki Qırmızıkəndin alınması onlara tapşırılır. “UAZ” maşınında kəndə tərəf irəliləyən taqım dörd yol ayrıcında pusquda dayanmış ermənilərin güclü hücum atəşinə məruz qalır. Hər kəs maşından tökülüşüb özünə mövqe seçir. Atışma getdikcə şiddətlənir. Düşmən tankının onlara tərəf gəldiyini görən Səyavuş tank əleyhinə qumbaraatanı işə salır. Elə ilk həmlədə tank məhv edilir. Səyavuş bu döyüşdə təkbaşına 17 erməni quldurunu öldürür. Özü isə sursat qurtardığından açıq meydanda əliyalın yaralı vəziyyətdə qalır. Son nəfəsinədək vuruşan eloğlumuzu düşmən gülləsi yerə sərir. Ancaq onun nəşini oradan çıxarmaq mümkün olmur. Kənd tərəfindən ermənilərə əlavə qüvvə gəldiyindən yoldaşları döyüşə-döyüşə geri çəkilməyə məcbur olurlar. Tərtərli bir əsgərin həmin kəndi yaxşı tanıması sayəsində taqımdakı polislər kənddən çıxa bilirlər. 8 gün sonra – iyulun 3-də Ağdərə boyu döyüşlər milli ordumuzun qələbəsi ilə davam etdirilir. Döyüşçülərimiz yenidən Qırmızıkəndə daxil olurlar və kəndi erməni quldurlarından təmizləyərək dörd yol ayrıcında Səyavuşun nəşini taparaq əvvəl Tərtərə, sonra isə Bakıya gətirərək Şəhidlər xiyabanında dəfn edirlər.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli Fərmanı ilə Həsənov Səyavuş Həsən oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Şərur rayonunun Yengicə kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən Adil Həsənovdan öyrənirik ki, Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənov torpaqlarımız uğrunda şəhid olarkən ikiyaşlı oğlu və bir də üç ay sonra dünyaya gələcək qızı yadigar qalır.

... 20 Yanvar faciəsi xalqımız tərəfindən milli qürur günü kimi qeyd olunur. Bu gün həm də Azərbaycanda azadlığın doğulduğu gündür. Yüzlərlə qəhrəman övladlarımız həmin gün öz qanları ilə azadlığın Vətənimiz üçün əbədi olacağını yazdılar. Təsadüfdən, yoxsa zərurətdənmi şəhid qəhrəmanımız Səyavuş Həsənov da 20 yanvar tarixində göz açmışdı bu dünyaya. Məhz bu tarix onu uzaq Tümen vilayətindən Azərbaycana gəlməyə məcbur etmiş, yanvar şəhidləri ilə həmrəy olmağa səsləmişdi. Səyavuş bu həmrəyliyi, bu dəyanəti öz məğrur ölümü ilə sübut etdi, Vətən qarşısında borcunu şərəflə yerinə yetirərək şəhid oldu... Şəhidliyin və doğum günün mübarək, Milli Qəhrəman!

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR