24 Dekabr 2024, Çərşənbə axşamı

– Salam, şəhidim!
– Salam!
– Yenə səni ziyarətə gəlmişəm, qərənfili qəbrin üstə düzmüşəm. Bu çiçəkdə 20 Yanvar qırğınının ələmi var, hüznü var. Sənin kimi haqq yolunda ölənlərin əzmi var. Ləçəyində sıralanıb milyonlarla insanların göz yaşı, yarpağında millətimin silinməz qan yaddaşı. Bu çiçəkdə var o günün Fərizə sədaqəti, o çiçəkdən ətir saçır İlhamın məhəbbəti. Bil ki, boynu bükülüb sən şəhid olan gündən, ayrılıb bu torpağın başqa çiçəklərindən.

– Sağ olun, yad etdiniz, qoşa qərənfilləri qəbrim üstə sərdiniz. Şəhidlik mənim üçün əlçatmaz zirvə idi, Vətən uğrunda ölmək böyük vəzifə idi. Bu səbəbdən qaçmadım ağır tank qarşısından, qorxmadım mən ilanın ağından-qarasından. Titrəmədim ölümün buz kimi nəfəsindən, ürkmədim silahların gurultulu səsindən. Bir gecədə yol aldım şəhidlik zirvəsinə, harayımla səs verdim Vətənimin səsinə. Yağı düşmən “Sən qarşımda alçal, kölə ol” dedi, məndən onun qarşısında diz çökmə­mi istədi. Əyilmədim, sınmadım mən düşmən qarşısında, ağ oldum, çirklənmədim düşmənin qarasında. Mən o gün şəhid oldum, təki Vətən sağ olsun, al qanım gələcəyə nur saçan çıraq olsun.
– Dillərə dastan olub böyük mübarizəniz, xalqıma yol göstərib sizin şəhadətiniz. Göstərib ki, dönməyək biz öz haqq yolumuzdan, olsaq da biz bu yolda öz şirin canımızdan. Çətin gündə birləşib od olaq, alov olaq, silahlar qarşısında poladdan sipər olaq. Sizin həyat yolunuz bizə bir nümunədi, atdığınız hər addım qiymətli xəzinədi. Sən şəhid olmusan ki, xalqın görməsin hüzün, şəhidim, bir de görüm, xalqıma varmı sözün?
– Nigaranam qardaşım, yurdumdan nigaranam. Şuşadan, Kəlbəcərdən, qırılan meşələrdən, kərpic-kərpic daşınan evlərdən nigaranam. Minarəsi uçulmuş gözəl məscidlərimdən, bulağımdan, suyumdan, elimdən nigaranam. Köksündən qan fışqıran torpağımdan, daşımdan, yuvası uçurulmuş bülbülümdən, quşumdan, ağu, zəhər qatılmış aşımdan nigaranam. Doğmaca qardaşından ayrı düşmüş bacıdan, köksüz ağactək olan övladdan nigaranam. De görüm sən, bunların haçan olacaq sonu, nə zaman sonlanacaq məlun düşmən oyunu?
– Şəhidim, az qalıbdır, bitəcək bu oyunlar, bil ki, azad olacaq yurd-yuvalar, obalar. İllər öncə xalqımın atmağa bir gülləsi, bir mərmisi olmadı. Düşmənə “Dur!” deyəcək topu və topxanası, təyyarəsi olmadı. Ancaq indi xalqımın var silahı, var gücü, var qüdrətli ulusu, bir əmrə müntəzirdir Azərbaycan Ordusu. Sənin məzarın üstə açıram ürəyimi, sənin məzarın üstə qəlbimdə niyyət edib, tuturam diləyimi. Niyyətimsə budur ki, gələn il şad xəbərlə gəlim ziyarətinə. Elə xəbər verim ki... Elə bir söz deyim ki, sərin bir su səpilsin nigaran ürəyinə. Onda tam cəsarətlə deyə biləcəyəm mən, – Ruhun şad olsun, qardaş. Ruhun şad olsun qardaş, məğlub olub düşmənin, azad olub torpağın, yurdun-yuvan, ellərin!..
– Amin!
– Amin! Ölümsüzlüyünün iyirmi yeddinci ilində yenə gələcəyəm. Hələlik, şəhidim, hələlik!

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR