24 Dekabr 2024, Çərşənbə axşamı

Ordu hər bir ölkənin müstəqilliyinin təminatçısı olmaqla bərabər, həm də dövlətlərin hərtərəfli inkişafının qarantıdır. Müasir dünyada hərbi münaqişələrin artdığı bir zamanda, “ədalətin güclünün yanında olması” prinsipinin daha işlək olduğu bir dövrdə ölkə­mizin təhlükəsizliyinin təmin edilməsi hər keçən gün öz əhəmiyyətini daha da artırır. 20 ildən artıqdır ki, müharibə vəziyyətində olan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dünya dövlətlərinin ikili standartlarla yanaşması istənilən halda Silahlı Qüvvələrimizin gücünün artırılmasını zəruri edir. 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğuna bu gün dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğı bu prosesin yeni mərhələyə qədəm qoymasına şərait yaratmaqla yanaşı, ölkəmizin regionda nüfuzunun artmasına da öz təsirini göstərib. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, ordu quruculuğu prosesində ölkə ərazilərinin geostrateji mövqeyi mühüm rol oynayır. Çünki mühüm coğrafi ərazilər təkcə iqtisadi-siyasi deyil, həm də hərbi-strateji əhəmiyyətinə görə seçilir. Buna görə də sülh və müharibə şəraitində ölkənin hava, dəniz və quru sərhədlərinin etibarlı qorunması aidiyyəti ərazilərdə müvafiq qoşun birləşmələrinin dislokasiyasından və döyüş hazırlığından birbaşa asılıdır. Məhz bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir.

Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası coğrafi cəhətdən ölkənin əsas torpaqlarından ayrı düşüb. Bu tarixi ədalətsizliyin acı nəticələri ilə Naxçıvan keçən əsrin sonlarında çox qarşılaşıb. Ancaq ulu öndər Heydər Əliyevin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu qədim diyarın qorunub saxlanılmasında böyük rol oynayıb. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda ilk milli ordu hissələrinin yaradılmasına buradan başlayıb. Məhz həmin dövrdən başlayaraq muxtar respublikada ordu quruculuğu bir çox mərhələlərdən keçib və ötən hər il hərbi hissələr daha da təkmilləşdirilib. 2013-cü ilin dekabrında muxtar respublikada 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən atılan bu tarixi addım Naxçıvanın hərbi gücünün artırılmasında yeni bir mərhələyə çevrilib. Qısa müddət ərzində Əlahiddə Ümumqoşun Ordu müxtəlif təyinatlı müasir döyüş texnikaları ilə təmin olunub, şəxsi heyətin sayı dəfələrlə artırılıb. Bu texnikalara piyada döyüş vasitələrindən tutmuş müasir artilleriya qurğuları və hava hücumundan müdafiə sistemlərinədək müxtəlif növlərdə silahlar daxildir. Güclü maddi-texniki baza muxtar respublikamızın quru sərhədləri ilə bərabər, hava məkanının da mükəmməl mühafizəsinin təmin edilməsinə şərait yaradıb. Eyni zamanda mövcud hərbi hazırlıqlar Əlahiddə Ümumqoşun Ordunun regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyanı həyata keçirməyə imkan verib.
Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də muxtar respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Belə ki, hərbi hissələrdə tikinti-quruculuq tədbirləri davam etdirilib, şəxsi heyətin döyüş hazırlığının artırılması istiqamətində müxtəlif təlimlər keçirilib.
Ötən il ən yaddaqalan hadisələrdən biri mayın 12-dən 15-dək muxtar respublikada Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi olub. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə taktiki təlimlər çox mühüm tərəfləri ilə diqqəti cəlb edirdi.
1000-dən artıq şəxsi heyətin, 150-dən çox döyüş və digər texnikaların, 50-yə yaxın artilleriya və reaktiv qurğularının, 4 atəş dəstək vertol­yotunun, 6 ədəd zenit-raket qurğusunun iştirak etdiyi təlimlər üç mərhələdə keçirilib. Təlimlərdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Təlimlərin keçirilməsində əhəmiyyətli olan həm də bu idi ki, Naxçıvan ordusu bu əməliyyatları NATO-nun ikinci ən böyük gücü sayılan Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növləri ilə birgə keçirirdi.
Bir ay sonra – iyunun 6-da isə muxtar respublikada daha bir taktiki təlimin keçirilməsinə başlandı. Bu dəfə Əlahiddə Ümumqoşun Ordunun gecə şəraitində taktiki hazırlığı diqqət mərkəzində idi. Gecə şəraitində keçirilən təlimə 600-dən çox şəxsi heyət, 110 döyüş və müxtəlif təyinatlı texnikalar, 25 reaktiv və artilleriya qurğusu, 2 döyüş vertolyotu, 4 zenit-raket qurğusu və 4 mühəndis texnikası cəlb olunmuşdu. Təlimin keçirilməsində məqsəd dağlıq ərazidə, istənilən hava və məhdud görmə şəraitində hissə və birləşmələrin döyüş tapşırıqlarını yerinə yetirmək idi. Təlim zamanı tapşırıqların vaxtında və dəqiq icrası, şəxsi heyətin gecə dağlarda fəaliyyəti, silah və döyüş texnikasının gecə vaxtı tətbiqi uğurla həyata keçirildi və təlimin nəticəsi göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti dağlarda müxtəlif gecə döyüş əməliyyatlarını həyata keçirməyə qadirdir.
Noyabrın 5-i isə muxtar respublikamızın ucqar dağ silsiləsində yerləşən Soyuq bölgəsində hərbi hissə üçün əsgəri-yaşayış kompleksinin istifadəyə verilməsi ilə yadda qalıb. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən hərbi hissədə istifadəyə verilən kompleksdə əsgər və zabitlər üçün yataq otaqları, məişət və ideoloji otaqlar, tibb otağı, mətbəx, yeməkxana, eləcə də komandir heyəti üçün xidməti otaqlar yerləşir. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Hərbi hissənin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan bina telefon, daimi işıq və istilik sistemi ilə təchiz olunub.
Qeyd etmək lazımdır ki, Soyuq bölgəsi muxtar respublikanın mühüm strateji döyüş postlarındandır. Yüksək dağlıq əraziyə malik bu bölgədə xidmət aparmaq vaxtilə böyük çətinliklər yaradıb. Ancaq buna baxmayaraq, Milli Ordumuzun əsgərləri hər zaman ayıq-sayıqlığı ilə seçilib, düşmən hücumlarının qarşısını mərdliklə alıblar. Hazırda burada xidmət üçün hərtərəfli şəraitin yaradılması ordumuzun imkanlarını daha da genişləndirib. Ümumiyyətlə, bütün döyüş postlarında yaradılmış müasir şərait Əlahiddə Ümumqoşun Orduya düşmənlə üz-üzə təmas xətti boyu nəzarəti əldə saxlamağa imkan verir.
Bəli, sabitlik olmasa, inkişafdan söhbət gedə bilməz. Bu sabitliyin təminatçısı isə ordumuzdur. Bu gün muxtar respublikamızın təhlükəsizliyini öz üzərinə götürmüş Əlahiddə Ümumqoşun Ordu hər keçən gün gücünü daha da artırır. Əlahiddə Ümumqoşun Ordunun yaradılması, bu ordunun indiyədək müxtəlif taktiki təlimlərə cəlb edilməsi düşmən ölkədə narahatlıqla qarşılanıb. Nəinki müdafiə olunmaq, düşmənin uyğun ərazilərindəki istənilən tipli obyektlərin anında məhv edilə biləcəyini, həmin ərazilərə nəzarət funksiyasının Azərbaycan əsgərinin əlində olmasını hər halda düşmənlərimiz də bilməmiş deyillər.
Bu gün xalqımız 26 il bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin növbəti ildönümünü qeyd edir. Həmin faciə ən yeni tariximizdə xalqımızın azadlıq və müstəqillik arzularına qarşı aparılmış mənfur siyasətin nəticəsi idi. Doğrudur, xalqımız bu qanlı tarixi hadisədən qalib olaraq çıxdı – öz müstəqilliyini, azadlığını qazandı. Həmin dövrdə xalqımız onu qoruyacaq orduya malik deyildi. Əgər o illərdə bugünkü kimi yüksək döyüş hazırlığına malik öz Silahlı Qüvvələrimiz olsaydı, nə 20 Yanvar, nə Xocalı faciələri baş verər, nə də torpaqlarımız işğal oluna bilərdi. Çünki Milli Ordumuz bizim milli ruhumuza zərər verə biləcək istənilən həmlənin qarşısını vaxtında alacaqdı.

Bu yazıda muxtar respublikada ordu quruculuğu sahəsində yalnız 2015-ci ildə görülən işlərə ümumi nəzər saldıq. Silahlı Qüvvələrimizin muxtar respublikada yerləşən ən böyük hərbi birləşməsi – Əlahiddə Ümumqoşun Ordu yarandığı gündən böyük bir inkişaf yolu keçib. Bu ordu, ümumilikdə isə Azərbaycan Silahlı Qüvvələri bu gün ölkəmizin hər bir bölgəsində sabitliyin və inkişafın davamlı olmasına, bir daha hər hansı bir milli faciənin yaşanmamasına təminat verən böyük GÜCDÜR.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR