Ötən əsrin 80-ci illərinin sonlarında bu oğuz yurdunun üstünü qara buludlar aldı. O buludların gətirdiyi faciələr bu torpağı qanla boyadı. 14 dəfə erməni hücumuna məruz qalan, 108 igid eloğlumuzun şəhidlik zirvəsinə ucaldığı Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atdılar, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıtdılar.
Sədərəyin tarixi taleyinə erməni adlı mənfur düşmənlə qonşuluq qisməti yazılıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizli, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr bu sərhəd bölgəsinin sakinlərinin də sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan bu oğuz yurdunun qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Sədərəklə birgə Naxçıvan da ayağa qalxdı. Ölkəmizin bəzi bölgələrindən də bura könüllülər köməyə gəldilər. O ağır illərdə Sədərək itkilər versə də, qəhrəmanlıqla qorundu, “Torpaq uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğlularımız. Bu mücadilədə sağlamlığını itirən, öz ev-eşiyinə qazi kimi qayıdanlar da az olmadı. Ona görə də, mənim düşüncəmdə, ölkəmizin müqəddəs yurd yerlərindən biridir Sədərək. O illər sədərəklilərin yaddaşında əbədi yaşadığı kimi, rayonun Tarix-Diyarşünaslıq Muzeyində də yaşadılır.
...Muzeydə Sədərəyin qəhrəmanlıq tarixini bir daha xatırladım. Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi muzeyi ziyarətə gəlmişdi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayıl İsmayılbəyli də həmin dövrdə döyüş meydanına atılaraq doğulub boya-başa çatdığı torpağın müdafiəsinə qalxıb. Onunla muzeydə yaradılmış “Sədərək Naxçıvanın qeyrət qalasıdır” adlı guşənin qarşısında dayanmışıq. Bu qalanın o illərdəki tarixini qəzet, jurnal yazıları, fotoşəkillər muzeyi ziyarətə gələnlərə danışır. İsmayıl müəllim deyir ki, 1990-cı ilin yanvar ayında sovet ordusu Bakıya daxil olmamışdan 8 saat əvvəl ermənilər Sədərəyə hücum etdilər. O gün 8 şəhid verildi. Onlardan ikisi Malik və Elvin Nəsirov qardaşları idi. Uşaqların atası Tofiq Nəsirov onda Qaraburunda erməni hücumlarının qarşısını almaq üçün yaradılmış könüllülər dəstəsində vuruşurdu. Dəstənin rəhbəri Vəli Kərimov bu xəbəri uşaqların atasına olduğu kimi çatdıra bilməyəcəyini düşünüb Tofiqi kömək gətirmək adı ilə Sədərəyə yolladı. Bu gün minnətdarlıqla xatırlanan könüllülər içərisində dünyasını dəyişənlər də, elə o ölüm-dirim mübarizəsində şəhidlik zirvəsinə ucalanlar da var. İlk köməyə Ordubad və Şərur rayonlarından 40 könüllü gəldi. Döyüşlərə atılanlar sırasında polislər də böyük şücaət göstərirdilər. Onlara polis kapitanı Məhərrəm Seyidov başçılıq edirdi. Sonralar Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Məhərrəm Seyidov öz cəsurluğu ilə onlara bir nümunə gücündə idi. Döyüşlər daha çox şərab zavodunun arxasında yerləşən mebel sexinin yaxınlığında gedirdi. Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Hava yolu məsafəsi 14 kilometr olan Qızıldaşdan Sədərəyə atılan top səsləri getdikcə güclənirdi. Bizimkilər 2 ədəd TOZ-8, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin qarşısını alırdılar. Sədərək uğrunda gedən döyüşlərdə vuruşan həmyerlilərimiz bir həqiqəti dərindən dərk edirdilər ki, məqsəd bütövlükdə Naxçıvan Muxtar Respublikasını almaqdır. Lakin erməni vandalizminin bu arzusu ürəyində qaldı. Ürəyi vətən eşqilə döyünən soydaşlarımız bu qədim yurd yerinin bir qarış torpağını da onlara vermədi.
O illəri xatırlayanda ulu öndərin sözləri yada düşür: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.
... Muzeydəki “Vətən üçün yaşayıb, Vətən üçün ölənlər heç vaxt unudulmurlar” adlı guşənin qarşısında ayaq saxlayıram. Burada şəhidlik zirvəsinə ucalanların şəkillərinə baxıram. Baxışlar dil açıb danışır. Həmin baxışlarda sabaha böyük ümidlər var. Bu ümidləri bugünkü gənclik doğrultmalıdır. Muzeyin direktoru Sərxan Abbaslı deyir ki, rayonun ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər tez-tez muzeyə gəlirlər, şəhidlərimizin, bu gün yaşayan müharibə veteranlarının keçdikləri ömür yolları ilə tanış olurlar. Rayon Mədəniyyət və Turizm Şöbəsi o günlərin canlı şahidləri ilə tez-tez görüşlər təşkil edir. Belə görüşlər sədərəkli gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, dövlətçiliyimizə sədaqət hislərinin gücləndirilməsində mühüm rol oynayır.
Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimi Novruz Rəhimovla da həmsöhbət oluram. Öyrənirəm ki, Novruz müəllim Sədərək döyüşləri başlanan ilk gündən öndə vuruşanlardan olub. O deyir ki, Sədərək hadisələrini izləmiş bir jurnalist kənddə bəzi həyətlərdən tüstü qalxdığını görüb. Fikirləşib ki, müharibənin qanunudur, yəqin əks tərəfdən atılan silahlar düşdüyü yeri yandırır. Əsl həqiqətdə isə o vaxt Sədərəkdə qadınlar səngərdə döyüşən igid oğullarımıza təndir çörəyi bişirirdilər. Bu, insanların torpağa bağlılığının ən yüksək nümunəsidir. Yaxşı ki bugünkü gənclərin bu ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır.
Müsahibim bildirir ki, 1993-cü il avqust ayının 13-də axırıncı döyüşdə ermənilər Qeyrət qalasını qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini yəqin edərək geri çəkiliblər. Sədərək belə qorunub. Bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Bu məqamda istər-istəməz ulu Dədə Qorqudun aforizmə çevrilmiş sözlərini xatırlayırsan: “Torpağı qorumursansa, əkib-becərməyinə, əkib-becərmirsənsə, qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm də əkilib-becərilir.
Digər bir guşə “Nəsillər dəyişəcək, ancaq şəhidlərin xatirəsi əbədi yaşayacaq” adlanır. Novruz müəllim deyir ki, o vaxt səngərə çevrilən Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilərdə döyüşən sədərəklilərin güc aldıqları yeganə qüvvə ulu öndərimiz Heydər Əliyev idi. Ümummilli liderimizin həmin illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələrini verməsi təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bu gündən sabaha ümidləri olmayan naxçıvanlılar da dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inandılar.
* * *
Muzeydə gördüklərimin, müəllim və şagirdlərlə söhbətlərin yaratdığı təəssüratlarla oradan ayrılıram. Rayonun məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü ərəfəsində həyata keçirilən tədbirlərlə tanış olmaq üçün həmin ünvanlara üz tuturam.
Sədərək kəndində fəaliyyət göstərən 1 və 2 nömrəli tam orta məktəblərin binaları son illərin yeni quruculuq ünvanlarındandır. Sərhəd bölgəsinin simasına xüsusi yaraşıq verən bu binalar, həmçinin digər kompleks quruculuq tədbirləri Sədərəkdə təmin olunmuş qaynar həyatdan, muxtar respublikanın sosial-iqtisadi inkişafından soraq verməklə bərabər, həm də bütün bunlar bir addımlıqda yaşayan düşmənə gözdağıdır. Bu gün həmin məktəblərdə təhsil alan uşaq, yeniyetmə və gənclərin, lazım gələrsə, ata-babalarının yolu ilə gedəcəklərinə heç bir şübhə yoxdur. Bu barədə söhbət edən 2 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Əliyeva deyir ki, bəhs olunan hadisələr başlayanda 9 yaşım var idi. O illəri uşaq kimi xatırlayıram. Və bu gün dərs dediyim şagirdlərə aşılamağa çalışıram ki, bizim mübarizəmiz haqq işidir. Haqq işi isə həmişə qalib gəlib. Sədərək hadisələri ilə bağlı dərs prosesində, məktəbdənkənar və sinifdənxaric məşğələlərdə söhbətlər aparırıq, inşa yazı və rəsm müsabiqələri keçiririk. Onu da qeyd edim ki, aidiyyəti fənlərin proqramlarında da bu mövzuya kifayət qədər yer ayrılıb. Hansı fənni tədris etməsindən asılı olmayaraq, bu gün məktəbin bütün müəllimləri bu işdə fəallıq göstərirlər. Odur ki, Sədərəyin məktəbyaşlı ən kiçik şagirdindən tutmuş yuxarı sinif şagirdlərinə qədər hamı Sədərək döyüşlərində şəhidlik zirvəsinə yüksələnlər haqqında ətraflı məlumatlara malikdir.
* * *
Sədərəyə gəlmişkən, buradakı hərbi hissədə də olduq. Zabitlərdən Elşən Həsənov, Füzuli Əhmədov əsgərlər üçün yaradılmış şəraitlə bizi tanış etdilər. Burada əsgərlərlə söhbətləşdik. Əsgər Nicat Təvəkkülzadə bildirdi ki, Azərbaycanın hər qarış torpağı hər bir azərbaycanlı üçün ata-baba mirasıdır. Heç nə ilə əvəz olunmayan ən qiymətli sərvətdir. Onu qorumaq bizim ən şərəfli borcumuzdur. Torpağı qorumaq üçün güclü ordumuz var. Ata-babalarımızın torpaqlarımız uğrunda apardıqları mübarizə bizim üçün bir təcrübədir. Bu gün Azərbaycan Ordusunda xidməti vəzifəsini yerinə yetirən hər bir əsgər işğal altında olan torpaqlarımızı geri almağa hazırdır.
Zabit və əsgərlərlə söhbətlərdə bir məqam xüsusi vurğulandı: bu gün Milli Ordumuz elə bir gücə malikdir ki, bunu düşmənlər də yaxşı bilirlər. Və onlar bu gücün qabağında heç nə edə bilməyəcəklərini yaxşı dərk edirlər. Artıq düşmən ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq bu gün Sədərəyə bir mərmi də ata bilməz. Sədərəyi və ümumilikdə, Naxçıvanı güclü Azərbaycan Ordusu qoruyur.
Muxtar Məmmədov