Yanvarın 18-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əli Əlizadə çıxış edərək 20 Yanvar faciəsinin hər il Azərbaycan xalqı tərəfindən qürur hissi ilə yad edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, erməni əsilli xüsusi təyinatlılardan təşkil olunmuş sovet ordusu tərəfindən amansızcasına törədilmiş 20 Yanvar faciəsi Azərbaycana qarşı aparılan işğalçı siyasətin davamı olmaqla yanaşı, həm də xalqımızın müstəqillik arzularını boğmaq məqsədinə xidmət etmişdir. Sovet imperiyası və Azərbaycanın ovaxtkı rəhbərliyi 20 Yanvar hadisələrinin gerçək miqyasının və mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısını almağa çalışmışlar. Lakin bütün təzyiqlərə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ o dövrdə imperiya mərkəzində bəyanatla çıxış edərək hadisəni törədənlərin ifşa olunmasını və günahkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə, eləcə də ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi qiymət vermişdir.
Mərasimdə 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilmiş, hazırlanmış fotostendlərə baxış olmuş, iştirakçılara əyani vəsaitlər paylanmış, ehsan süfrəsi açılmışdır.
Anım tədbirində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və konsulluğun əməkdaşları, kütləvi informasiya vasitələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”