Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını və azad yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu ağrılı-acılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Ancaq əfsuslar olsun ki, başları hakimiyyət uğrunda mübarizəyə qarışmış “siyasətçilər” xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə ilk siyasi-hüquqi qiymət verildi.
Tədbirdə şuranın əməkdaşlarından Səbuhi Hüseynov, Yəmən Rzayeva, Ceyhun Məmmədov, Leyla Abbasova, Pərvin Əsədli, Taliyə Bağırova, Eyvaz Əsgərov çıxış edərək bildiriblər ki, haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 1990-cı ilin 20 Yanvarı elə şanlı tarixdir ki, əsrlər keçsə də, xalqımızın yaddaşından silinməyəcək, həmişə yad ediləcəkdir.
* * *
Naxçıvan Dövlət Texniki Kollecində də 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə kollecin direktor əvəzi Asəf Ruşanov çıxış edərək bildirmişdir ki, XX əsrin ən qanlı terror aktlarından biri olan 20 Yanvar qırğını Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur. Yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızımız təpədən-dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etmişdir. Həmin gün sovet rejiminin hərbi, siyasi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir.
Sonra məruzə ətrafında kollecin müəllimi, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun, tələbələrdən Elçin Balabəylinin və Aytac Allahverdiyevanın çıxışları olmuşdur. Çıxış edənlər bildirmişlər ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazılmışdır. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qalmışdır. Azərbaycan xalqı həmin gün azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etmişdir.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər bədii qiraət edilmiş, rəsm sərgisinə baxış olmuşdur.
Xəbərlər şöbəsi