24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Ali təhsil ocağının Humanitar və təsviri incəsənət kafedrasının dosenti Xəzər Hüseynov “Azərbaycan milli mücadilə tarixində 20 Yanvar” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki və sonrakı faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin bariz nümunəsidir. Həyata keçirilən soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, sonrakı dövrdə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halına düşməsi, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, həmin hadisə xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini ifadə etdi. 20 Yanvar hadisələri Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı.

Sonra institutun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyevin “Xalqımız 20 Yanvar faciəsini unutmayacaq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş bu cinayəti pisləyib, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli liderin təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Tədbirdə tələbələr tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər bədii qiraət edilib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR