1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq, müstəqillik arzularını boğmaq üçün Bakıda dəhşətli qırğın törədən sovet imperiyasına ilk etiraz səsini ümummilli liderimiz Heydər Əliyev yüksəldib. Həmin çətin günlərdə Vətəndən uzaqlarda olsa belə, öz millətinin, xalqının taleyinə biganə qala bilməyən ulu öndər həyatını təhlükə qarşısında qoyaraq yenə xalqının harayına səs verib. Ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib.
Bu fikirlər “20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində keçirilən elmi konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin, ölkəmizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik İsmayıl Hacıyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunub. Bu faciənin törədilməsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Vurğulanıb ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1990-cı il noyabrın 21-də məhz ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul edib. Daha sonra görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanla Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Milli Məclis 1994-cü il martın 29-da faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verib.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, institutun şöbə müdiri, dosent Asəf Orucovun “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Şəhidlərimiz milli qürurumuzdur”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “Qanlı Yanvarın nəticələri və ibrət dərsləri” mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, 20 Yanvarda milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Vurğulanıb ki, beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciəyə fərqli prizmadan baxdı. 1990-cı ilin dekabrında isə Qorbaçova hətta Nobel sülh mükafatı da verildi. Azərbaycanın ovaxtkı rəhbərliyinin cəsarətsiz və qorxaq siyasəti, kölə psixologiyası üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi qiyməti almadı. Bu qanlı faciədən sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi, daha sonra isə Azərbaycan Respublikası Milli Məclisi səviyyəsində siyasi-hüquqi qiymətin verilməsini təmin etməklə bütün bunlara son qoydu, həqiqət carçısı olan xalqımızın, millətimizin, dövlətimizin siyasi iradəsini nümayiş etdirdi.
* * *
Naxçıvan Dövlət Universitetində də 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misligörünməmiş faciəyə gətirib çıxardı”. Bu fikirləri tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib. Rektor bildirib ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb.
Tədbirdə İqtisad fakültəsinin dekan müavini, dosent Teymur Abbasovun “Xalqımızın qan yaddaşı”, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “20 Yanvar faciəsinin tarixi”, tələbələrdən Nəsrin Əliyevanın “20 Yanvar faciəsi gəncliyin yaddaşında”, Zeynalabdin Cəfərovun “20 Yanvar xalqımızın qürur və şərəf günüdür” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Vurğulanıb ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz beynəlxalq müstəvidə hələ də bəşəriyyət əleyhinə cinayət kimi yetərincə qiymətləndirilmir. Bu faciəni Azərbaycan tarixinə milli əsarətə, qətliama qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.
* * *
Dünən “Naxçıvan” Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor İsmayıl Əliyev bildirmişdir ki, hər bir xalqın qan yaddaşında yaşayan, onun milli kimliyində möhkəm yer tutan müəyyən hadisələr olmuşdur. Bu baxımdan 1990-cı ilin 20 yanvar gecəsi Bakıda və Azərbaycanın digər rayonlarında keçmiş sovet imperiyası qoşunlarının törətdiyi qırğınlar o dövrdə Azərbaycana qarşı edilmiş haqsızlıqlara qarşı mübarizə aparan xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutur. Rektor həmin hadisələrin tarixi dərslərindən danışaraq vurğulamışdır ki, 1990-cı il 20 yanvar gecəsi azərbaycanlılara qarşı törədilmiş qanlı qırğınlara qarşı ilk olaraq öz kəskin etirazını bildirən xalqımızın böyük oğlu Heydər Əliyev yanvarın 21-də xalqımızın haqq səsini bütün dünyaya bəyan etmiş və bu hadisələrə ilk siyasi qiymətini vermişdir.
“Milli azadlıq hərəkatından müstəqilliyə gedən yol” mövzusunda çıxış edən universitetin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev 20 Yanvara gedən yoldakı tarixi proseslərin mahiyyətindən danışaraq qeyd etmişdir ki, Azərbaycanın milli müstəqilliyinin qazanılmasında xalqımızın qəhrəmanlıq tarixindəki həmin günlərin mühüm rolu olmuşdur. Vurğulanmışdır ki, bu tarixin yaxşı öyrənilməsi bugünkü gəncliyin Azərbaycançılıq ruhunda tərbiyə olunmasının əsas qayəsinə çevrilməlidir.
“Qanlı Yanvar hadisəsinin ibrət dərsləri” mövzusunda çıxış edən Ümumi tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün xalqımızın oğul və qızlarının qəhrəmanlıq tarixinin həmişə təbliğ olunması, ondan lazımi nəticə çıxarılması zərurətindən danışmışdır.
Sonra 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilmiş, tələbələrin təqdimatında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət olunmuşdur.
Tədbirə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vurmuşdur.
Xəbərlər şöbəsi