Kərkinin işğalından 26 il ötür
26 il bundan qabaq, soyuq yanvar ayının əvvəllərində qədim oğuz yurdu Naxçıvanın sərhəddə yerləşən kiçik bir kəndində həyat öz axarı ilə davam edirdi. Bacalar tüstüləyir, ocaqlarda yeməklər bişir, uşaqlar həyət-bacalarda oyan-buyana şütüyür, qoyun-quzu tövlələrdə yemlənirdi. İnsanlar bir az səksəkəli olsalar da, öz gündəlik qayğıları ilə məşğul idilər. Heç kim ağlına gətirmək istəmirdi ki, cəmisi bir neçə gün sonra onlar öz yurdlarını tərk edib gedəcəklər. Onlar bilmirdilər ki, topu-topxanası, zirehli texnikalardan qalası olan zülmkar erməni cəlladlarının Kərki kəndinin gələcək taleyi üçün mənfur planları hazır idi. Bu planların reallaşması neçə-neçə evi sahibsiz, neçə-neçə insanı didərgin qoyacaqdı, xanimanları yandırıb xarabazara çevirəcəkdi.
...O hadisələrin canlı şahidi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov Kərki kəndindən bəhs edən kitabında yazır ki, 1990-cı il yanvar ayının 15-də Kərki kəndinin müdafiəçiləri sovet hərbçilərinin tələbi ilə axşam saat 6-7 radələrində Kərkini tərk ediblər. Kərki sovet hərbçiləri tərəfindən yerli sakinlərdən alınıb ermənilərə veriləndə (15 yanvar 1990-cı il) hələ nə Qarabağ işğal olunmuşdu, nə Xocalı faciəsi baş vermişdi, nə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçmişdi, nə də Sədərək üzərinə erməni hücumları olmuşdu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərəyə silahlı basqınlarının başlanğıcı oldu.
Kərkidə nələr baş vermişdi, kəndin son müdafiəçiləri kimlər idi, onlar hansı şəraitdə vuruşurdular və kənd necə işğal edildi, bundan çoxları xəbərsiz idi. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən saat 18-19-a qədər Kərki kəndində şiddətli döyüşlər olub. 20-30 nəfər Kərki sakini 2-3 nəfər Şərur Rayon Polis Şöbəsinin əməkdaşı ilə birlikdə 2-3 min silahlı erməniyə qarşı vuruşsa da, qüvvələrin qeyri-bərabər olması döyüşçülərin davam gətirməsinə imkan verməyib və axşamüstü onlar bir neçə saatlıq fasilədən sonra yenə başlanan güllə yağışı altında qarlı dağ yolu ilə kəndi tərk ediblər. Beləliklə, Kərki kəndi ermənilər tərəfindən işğal olunub...
70-dən artıq ailənin, 350 nəfərə yaxın əhalinin yaşadığı kənddə 1990-cı illərə qədər də əhali çox əziyyət çəkib. Ozamankı Sədərək kəndindən 12 km aralıda – İrəvan-Cermuk yolunun 20-30 metrliyində yerləşən kiçik bir kənddə yaşamaq çox çətin olub. 1988-ci ildən yoldan keçən erməni maşınlarından kəndə müxtəlif çaplı silahlardan atəş açılmasına başlanılıb.
Kərki kəndi uğrunda gedən döyüşlərin iştirakçılarından Rza Cabbarovun, Ağoş ləqəbi ilə məşhur olan Oruc Orucovun, Yavər Ələkbərovun və başqalarının Vaqif Məmmədov tərəfindən qələmə alınmış xatirələri o hadisələr barədə müfəssəl məlumat almağa imkan verir. Bu xatirələrdə qeyd edilir ki, 1988-ci ildən əli silah tuta bilən 45 nəfər siyahıya alınıb, hər birində 15 nəfər olmaqla kəndin üç yerində post yaradılıb. Sədərəkdən, Şərurdan, ümumiyyətlə, Naxçıvanın müxtəlif bölgələrindən gələn könüllülər də daxil olmaqla, Kərki 2 il bu vəziyyətdə qorunub. 1990-cı il yanvarın 15-də səhər saat 4-də sakinlər güllə səsinə oyanıblar. Səhər saat 8-ə qədər evlərdən çıxmaq mümkün olmayıb. Yanvarın 14-dən 15-nə keçən gecə Ermənistan tərəfdən Cermuk yolu ilə gələn kalonu kəndin müdafiəçiləri müşahidə ediblər. Kəndin ən uca yerində yerləşən ehtiyat növbətçilərin vasitəsilə həmin kalonda gedən maşınlar sayılıb. 115 erməni maşını keçib. Bu, onları şübhələndirib. Postlara ayıq olmaq üçün xüsusi tapşırıqlar verilib və səhər saat 4 radələrində 2-3 min erməni kəndi mühasirəyə alıb.
O hadisələrin şahidlərindən və döyüşlərin iştirakçılarından olan, hal-hazırda Yeni Kərki kəndində yaşayan Elşad Məmmədov deyir ki, Kərki kənd sakini Oruc Orucovun kustar üsulla hazırlanmış topu düşmənin itki ilə geri çəkilməsinə səbəb olub. Bu topu Oruc Orucov hələ 1960-cı ildə Kərki dağlarında kinofilm çəkilişindən sonra əldə edib, bir neçə il o topun üstündə işləyib onu saz hala gətirib, dəfələrlə sınaqdan keçirib. Bunun bəhrəsini isə 1990-cı il yanvarın 15-də bütün Kərki sakinləri görüb.
... Yanvarın 15-i sübh tezdən erməni silahlıları bir neçə tərəfdən – Şırran körpüsü, O tay, Köhnə Kərki və Sənəm zağası tərəfdən kəndə tərəf irəliləyərək Kərkini üzük qaşı kimi mühasirəyə alıblar. Vəziyyət getdikcə çətinləşib. Şırran körpüsü tərəfdən kəndə hücum edən ermənilər qədim yurd yerimizi yandırmağa başlayıblar. Belə bir vaxtda Ağoş (Oruc Orucov) topun lüləsini aşağıya – ermənilərin cəmləşdiyi yerə çevirib, topu tarazladıqdan sonra ilk atəşi açıb. Top atəşini gözləməyən ermənilər ölənləri və yaralananları da elə oradaca buraxaraq qaçmağa başlayıblar. Bu topla daha yeddi mərmi atılıb, qaçanların əksəriyyəti də oradaca məhv edilib. Bir neçə saat sonra maşınlar geri qayıdıb, ölənlərin cəsədləri və yaralılar maşınlarla yaxın kəndlərə göndərilib. Top atəşindən sonra kənd camaatını qoruyacaqlarına yalandan söz vermiş, elə bunun üçün də məktəb binasında qərarlaşmış ruslar da hadisə yerinə gələrək topu görəndə mat-məəttəl qalıblar. Axşam saatlarında isə elə həmin ruslar tərəfindən kəndi qoruyanlara son dəfə xəbərdarlıq edilib və kənddən çıxmaları tövsiyə olunub. Mərmilər tükəndiyindən kəndin müdafiəçilərinin başqa çıxış yolu olmayıb və onlar qaranlıq düşən zaman kəndi tərk etməyə məcbur olublar.
Müasir mənbələr bu kənd
haqda nə deyir
Apardığımız araşdırmalardan belə məlum olur ki, ötən əsrin əvvəlində Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində anklav vəziyyətə düşən Kərki kəndi Qarabağda separatçı münaqişənin qızışmaqda olduğu bir vaxtda işğal edilib. Həmin vaxt ermənilər təkcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə yox, Azərbaycanın Ermənistanla sərhədboyu kəndlərinə qarşı da silahlı hücumlar həyata keçirirdilər. Kəndin işğal olunmasında qonşu dövlətdə dislokasiya olunmuş 7-ci sovet ordusunun hissələrinin də “əməyi” az olmayıb. Bəs 26 ildir ki, işğal altında olan Kərki kəndi indi hansı vəziyyətdədir? Bu barədə müxtəlif informasiya mənbələri əsasında müəyyən nəticələr çıxarmaq olar. Mənbələrdə qeyd edilir ki, Ağrı vadisini İrəvanla birləşdirən yeganə avtomobil yolunun kənarında, olduqca əlverişli coğrafi mövqedə yerləşən kənd hazırda Kərkinin işğalında iştirak etmiş və Vaqif Kazımov tərəfindən öldürülmüş bir erməninin adı ilə kimi tanınır.
Kərki kəndi ələ keçiriləndən sonra orada əvvəlcə Azərbaycandan köçən ermənilər məskunlaşıb. Lakin onların əksəriyyəti burada duruş gətirməyiblər, müxtəlif yerlərə köçüblər. Hazırda kənddə müxtəlif regionlardan sürgünə göndərilmiş ermənilər məskunlaşıb. İşğal olunmuş digər ərazilər kimi, bu kəndin də rəsmi statusu olmadığı üçün onu, onun üzdəniraq “sakinləri”ni də taleyin ümidinə buraxıblar. Kəndin Ermənistan torpağı kimi leqallaşdırılması məsələsi dəfələrlə hökumət qarşısında qaldırılsa da, hökumət beynəlxalq təşkilatların diqqətini çəkməmək üçün bu işə “qol qoymur”, məsələnin həllini Qarabağ probleminin həllinə bağlayır. Bəzi qüvvələr isə gec də olsa, kəndin statusunu tanımaq, onun sakinlərinin torpaq sahələrini rəsmiləşdirmək, kəndə qaz çəkmək və su problemini həll etmək üçün təzyiqlər edirlər. Kəndin indiki “sakinləri” düşmən ölkənin ayrı-ayrı regionlarında pasport qeydiyyatındadırlar.
Köhnə Kərkidən yeni Kərkiyə
Yeni Kərki kənd tam orta məktəbinin direktoru Aygün Bayramova bugünkü gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə olunmaları üçün yaxın tarixdə baş verən hadisələr, qəhrəmanlarımızın keçdikləri döyüş yolu, Kərki kəndinin taleyi haqda şagirdlərlə mütəmadi olaraq söhbətlərin aparıldığını deyir. Bildirir ki, kərkililər qoçaq, məğrur, torpaqlarını qorumağı bacaran insanlar olub və bundan sonra da belə olacaq. Kərki kəndi mövcud olduğu dövrdə bir o qədər də diqqət görməmişdi. Yalnız kənd sakinlərinin şikayətlərindən sonra, 1989-cu ilin aprel ayında kəndin sosial-iqtisadi inkişafı ilə bağlı ovaxtkı Naxçıvan MSSR Nazirlər Soveti qərar qəbul etmişdi. Lakin gec idi. Çünki 1988-ci ildə başlanan hadisələr elə sürətlə cərəyan edirdi ki, o vaxt ancaq kəndi və kənd adamlarını qurtarmaqdan söhbət gedə bilərdi. Təəssüf ki, kəndi qurtarmaq mümkün olmadı. Kərkililər nə qədər müqavimət göstərsələr də, yurd yerimiz ermənilərin əlinə keçdi. İnsanların bir qismi isə indiki Kəngərli rayonu ərazisində məskunlaşdılar və buraya Yeni Kərki adı verildi. Öz ata-baba torpaqlarından zorla çıxarılmış kəndin sakinlərinin üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi hesabına kərkililərin problemləri öz həllini tapdı, onlar üçün ayrılmış torpaq sahəsində yeni mənzillər tikildi. Kənd sakinlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər görüldü. Kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, məktəb yaradıldı, kənd qazlaşdırıldı, evlərə telefon xətti çəkildi. 2010-cu ildə isə kənddə kompleks quruculuq işləri aparıldı, yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa edildi. Heç kim inanmazdı ki, bir gün biz o kəndsiz qalacağıq. O kənd də bizsiz qalmağa məcbur ediləcək. Gözləmirdik belə olacağını. Ancaq sən saydığını say, gör fələk nə sayır. Mən və mənim kimi yüzlərlə insanın gözləri hələ də yol çəkir. Oradan çıxan kərkililərin bir qismi Kəngərli, Şərur, Babək, Ordubad rayonlarında, Naxçıvan və Bakı şəhərlərində, bir qismi isə Qax rayonunda yaşayırlar. Dövlətimiz kərkililərə hər cür qayğı göstərsə də, doğma yurd həsrəti hələ də içimizi yandırır. Ora qayıtmaq ümidlərimiz hələ də yaşayır. Bugünkü gənclik Yeni Kərkidə böyüyüb. Bizim gördüyümüz Kərki haqqında ancaq söhbətlərimizi eşidiblər.
Yeni Kərkinin gənc sakinlərindən Hafiz İsmayılbəyli deyir ki, dağların o tayında qalan kəndimiz haqda atamdan, yaxın qohum-əqrəbadan eşitmişəm, ora getməyi, kəndin buz bulaqlarının suyundan içməyi, dədə-baba məzarlığını ziyarət etməyi arzulamışam. Kəndin şəkillərinə baxanda ürəyimdə istər-istəməz bu torpağa qayıtmaq həvəsi yaranıb. Mən və mənim kimi gənclər and içmişik ki, nəyin bahasına olursa-olsun, bu torpaqları azad edəcəyik, bu kənd yenə bizim yurd yerimiz olacaq.
Kərkinin azad olunacağına
inam böyükdür
Bu gün bir çox ermənipərəst dairələr, eləcə də Ermənistan müxalifəti Azərbaycanı zəif görmək istəklərinə rəğmən həqiqəti etiraf etməyə məcbur olurlar. Bu həqiqət də ondan ibarətdir ki, Azərbaycanın güclü ordusu var və bu ordu istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Kərkililər əmindirlər ki, Ermənistan məğlub tərəf kimi danışıqlar masasına oturdulacağı təqdirdə onların kəndlərinin qaranlıq taleyi üçün də işıq ucu görünəcək. Beynəlxalq aləmdə diplomatik mənzərənin bütünlüklə Azərbaycanın xeyrinə dəyişməsi, beynəlxalq təşkilatlar, dünyanın super gücləri tərəfindən ölkəmizin ərazi bütövlüyü haqqında səsləndirilən bəyanatlar da ermənilərin diplomatik cəbhədə məğlubiyyətindən xəbər verir.
Dövlətimizin artan gücü və hərbi qüdrəti, bir də Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi belə bir inam yaradır ki, tezliklə əzəli və əbədi torpaqlarımız, eləcə də Naxçıvan Muxtar Respublikasının əraziləri olan Kərki və Nüvədi kəndləri də işğaldan azad olunacaq. Dövlət başçısının “biz öz ərazi bütövlüyümüzü istənilən yolla azad edəcəyik” kimi qətiyyətli bəyanatı da bu inamdan xəbər verir.
Səbuhi Hüseynov