Naxçıvan Dövlət Universiteti nəzdindəki Heydər Əliyev Universitetinin 203-cü məşğələsi keçirilib. 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilən məşğələdə əvvəlcə Azərbaycan xalqının milli müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin xatirəsi yad edilib. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məşğələni giriş sözü ilə açaraq 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlıq və milli istiqlal uğrunda mübarizə yolunda dönüş mərhələsi kimi dəyərləndirib.
Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli “Qanlı Yanvar – Azərbaycanın müstəqilliyinə gedən yol” adlı məruzəsində bildirib ki, 20 Yanvar faciəsi çökməkdə olan nəhəng sovet imperiyasının öz tərkibində olan respublikaların, xüsusilə də türkdilli xalqların azadlıq ideyalarını boğmaq üçün hazırladığı vahid ssenarinin tərkib hissəsi idi. Xalqımızın ümummilli lideri Heydər Əliyev o vaxt siyasi hakimiyyətdən uzaqlaşdırılmış, kommunist diktaturası Azərbaycana qarşı siyasi təzyiqləri daha da gücləndirmiş, bütün bunlara baxmayaraq, ölkədə milli azadlıq hərəkatı daha geniş vüsət almışdı.
Məhz bu hərəkatı boğmaq üçün yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə hücum zamanı əksəriyyəti erməni olan əsgər və zabitlər qadına, qocaya, körpəyə, hətta təcili yardım maşınlarına atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişlər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən bu faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir.
Qeyd olunmuşdur ki, bu faciəni dünya ictimaiyyətindən gizli saxlamağa çalışan sovet imperiyası bunun üçün bir çox vasitələrə əl atsa da, istəyinə nail ola bilməmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirmiş, xalqımıza qarşı həyata keçirilmiş bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir.
Bu faciəyə ilk siyasi-hüquqi qiyməti də ulu öndərimiz Heydər Əliyev vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında görkəmli dövlət xadiminin təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi.
Sonda tədbir iştirakçıları “Qanlı Yanvar” sənədli filminə baxmışlar.
Mehriban SULTAN