Şərur rayonunun Aşağı Daşarx kəndində rayon prokurorluğunun təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Şərur rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Anar Həsənov “Təbii qazın, istilik və elektrik enerjisinin talanması cinayətdir” mövzusunda məruzə etmişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına səbəb olan hərəkətlər və bu əməllərə görə nəzərdə tutulmuş məsuliyyət təsbit olunmuşdur. Təbii qazın, istilik və elektrik enerjisinin talanmasına görə cinayət məsuliyyəti isə sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 189-1.1-ci maddəsində öz əksini tapmışdır. Bu maddənin tələblərinə görə qaz, elektrik və istilik şəbəkələrinə qanunsuz qoşulmaqla enerji resurslarının talanması inzibati və cinayət məsuliyyəti yaradır. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə isə bu məsuliyyət daha ağır olur.
Anar Həsənov təbii qazın, elektrik və istilik enerjisinin talanması, təbii qazdan, istilik və elektrik enerjisindən qanunsuz istifadə halları ilə əlaqədar İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələrin tələbləri barədə sakinlərə ətraflı məlumat vermişdir.
Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən III dərəcəli hüquqşünas Arif Quliyev “Torpaq üzərində mülkiyyət hüququnun təmin edilməsi” mövzusundakı məruzəsində nəzərə çatdırmışdır ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra torpaq üzərində dövlət mülkiyyəti ləğv edilmiş, torpaqlar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmiş, hüquq pozuntularının qarşısının alınması üçün bir sıra normativ aktlar qəbul edilmişdir. Bunlardan biri də Azərbaycan Respublikasının Torpaq Məcəlləsidir. Məcəllənin 111-ci maddəsinə əsasən, torpaqların özbaşına tutulması qanunla qadağan edilir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpağın əvvəlki vəziyyətinə gətirilməsi, yəni orada olan tikililərin, qurğuların sökülməsi isə torpağı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların vəsaiti hesabına həyata keçirilir. Torpaq Məcəlləsində o da əksini tapmışdır ki, özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, dəyişdirilməsi barədə və Məcəllədə nəzərdə tutulmuş digər qaydaları pozmaqla bağlanan əqdlər etibarsız hesab olunur.
Məruzəçi torpaq sahələrinin istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə və sair bu kimi əməllərə, torpaq sahələrinin təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsinə, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, nişanlarının məhv edilməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələr barədə də tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Elman MƏMMƏDOV