24 Dekabr 2024, Çərşənbə axşamı

Şərur Rayon İcra Hakimiyyətində bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin əməkdaşı Elnur Əhmədov açaraq son dövrlərdə bələdiyyə orqanlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışıb.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov məruzə edərək bildirib ki, rayondakı bələdiyyələrdə aparılan araşdırmalar nəticəsində, əsasən, ucqar dağ kəndlərinin ərazisində torpaqlardan istifadə və onların idarə olunmasında nöqsanlara yol verildiyi aşkara çıxarılıb. Nöqsanlar sırasında bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyi düzgün mənimsəməmələri və işə laqeyd münasibət nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi də var. Unutmaq olmaz ki, torpaqlardan istifadə qanunvericiliklə tənzimlənir. Heç kim qanunsuz olaraq torpaqlardan istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz.

Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxışında qeyd edib ki, bələdiyyə yerli özünüidarəetmə formasıdır və bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlak bələdiyyə mülkiyyətidir. Bələdiyyə mülkiyyətinin tərkibinə bələdiyyə torpaqları da daxil olduğundan torpaqlardan səmərəli istifadə yolları diqqətdə saxlanılmalıdır. Torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə qanunvericiliklə və müqavilə ilə məsuliyyət müəyyən edilir. Torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 2015-ci il 30 sentyabr tarixli Qanunla dəyişikliklər edilib. İnzibati Xətalar Məcəlləsinin 88-1.1-ci maddəsinə əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlərlə istifadə edilməsinə görə fiziki şəxslər 300 manat miqdarında, vəzifəli şəxslər 600 manat miqdarında, hüquqi şəxslər 3 min manat miqdarında cərimə edilirlər. Bələdiyyələr öz mülkiyyətində olan əmlakdan istifadə olunmasına qanun çərçivəsində nəzarət etməlidirlər. Hər bir bələdiyyənin vəzifəli şəxsi çalışmalıdır ki, bələdiyyənin ərazisində hər hansı hüquq pozuntusu baş verməsin. Bələdiyyələrin vəzifəli şəxsləri profilaktik tədbirlər həyata keçirərək yerli əhalinin nəzərinə çatdırmalıdırlar ki, torpaqların özbaşına tutulması, yəni zəbt edilməsi qanunla birmənalı şəkildə qadağan edilir.
Seminar-müşavirənin sonunda tədbir iştirakçılarına “Bələdiyyələrin statusu: hüquq və vəzifələri” kitabı təqdim olunub.

Mehman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR