Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi, bütün dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac vermişdir. 2015-ci il də istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yadda qalmışdır. “Kənd təsərrüfatı ili”nin son ayı da bu baxımdan əlamətdar olmuşdur.
Tarixi xilaskarlıq missiyasını həyata keçirərək muxtar respublikamızı və ölkəmizi qaranlıqlardan, təhlükələr girdabından qurtaran, aydınlığa çıxaran ümummilli liderimizin əziz xatirəsi daim yad edilir, ulu öndərimizin müstəqil Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən minnətdarlıqla xatırlanır. Hər il olduğu kimi, ötən il dekabrın 12-də də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında dərin ehtiramla yad edilmişdir. Həmin gün minlərlə insan səhər saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət etmişdir.
Ötən il dekabrın ilk günü muxtar respublikamız üçün tarixi əhəmiyyətli günlər sırasına daxil olmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikamıza səfərə gəlmişdir.
Dekabrın 1-də dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış olmuşdur. Azərbaycan Prezidenti Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin, Naxçıvan şəhərindəki 2 saylı uşaq musiqi məktəbinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Naxçıvan Sənaye Kompleksinin, Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında, Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Muxtar respublikada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti demişdir: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.
Son illər muxtar respublikada gömrük infrastrukturu müasir tələblər səviyyəsində qurulmuşdur. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla Naxçıvan, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanında gömrük idarələri üçün müasir komplekslər istifadəyə verilmişdir. Hazırda Sədərək sərhəd-gömrük buraxılış məntəqəsində müasir tələblərə cavab verən kompleksin tikintisi davam etdirilir. Ötən il dekabrın 4-də “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi də muxtar respublika gömrük sistemində müasir infrastrukturun qurulması sahəsində görülən işlərin davamıdır.
Bu tikililərin istifadəyə verilməsi strateji əhəmiyyətə malik muxtar respublikamızın çox mühüm bir prosesə hazırlığının tərkib hissəsidir. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və tarixi İpək Yolunun canlanması ilə birlikdə Naxçıvan beynəlxalq nəqliyyat dəhlizi rolunu oynayacaqdır. Bu barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi bu gün olduğu kimi, gələcəkdə də xarici ticarət əlaqələrinin təşkilində “Naxçıvanterminalkompleks” Birliyinin əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Azərbaycanla qonşu ölkələr arasında dəmir yollarının birləşdirilməsi haqqında aparılan danışıqlar, eyni zamanda tarixi İpək Yolunun bərpa olunması onu deməyə əsas verir ki, gələcəkdə Naxçıvan tranzit yer kimi seqment rolunu öz üzərinə götürəcəkdir. Bu prosesə indidən hazırlaşmaq, müasir infrastruktur yaratmaq lazımdır. Son illər Culfa şəhərində müasir gömrük kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda Sədərəkdə yeni gömrük kompleksi tikilir. Bu gün Culfa şəhərində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni kompleksin istifadəyə verilməsi isə gələcəkdə xarici ticarətdə Naxçıvanın seqment rolunu oynaması üçün geniş imkanlar yaradır”.
Tarixən aqrar region kimi tanınan muxtar respublikamızın yeraltı və yerüstü sərvətlərindən, münbit torpaqlarından səmərəli istifadə olunması məqsədilə son illər çox mühüm layihələr həyata keçirilmişdir. Ötən “Kənd təsərrüfatı ili”ndə muxtar respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması, rentabelli suvarma şəbəkələrinin qurulması hesabına torpaq sahələrinin dayanıqlı su təminatının yaradılması muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olmuşdur. Ötən ayın 8-də Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin açılışının gerçəkləşməsi də bu istiqamətdə görülən məqsədyönlü işlərin davamlı xarakter aldığının göstəricisidir.
Böyük iqtisadi əhəmiyyəti olan bu layihənin reallaşdırılması nəticəsində Babək rayonu Nehrəm kəndinin 1170 hektar və Culfa rayonu Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulmuşdur.
Bu gün şəhər və qəsəbələrlə yanaşı, kəndlərdə də quruculuq işlərinin ən müasir memarlıq üslubu ilə aparılması muxtar respublikanın simasını tamamilə dəyişmişdir. Yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi müasir Naxçıvanın inkişaf göstəricisinə çevrilmişdir. Artıq şəhərdə yaradılan müasir infrastruktur kəndlərdə də qurulmuşdur.
Son illər muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda da insanların rahat yaşayışı üçün lazımi infrastruktur yaradılmışdır. Bu tədbirlərdən Axaməd kəndinə də pay düşmüş, ötən il kənddə kompleks quruculuq işləri aparılmışdır. Dekabrın 14-də burada kənd yolunun, 192 yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur.
Axaməd kənd tam orta məktəbində müasir şəraitin yaradılması gənclərimizin daha bilikli, dünyagörüşlü və xüsusən vətənpərvər böyüdülməsinə imkan verir. Reallıq budur ki, Vətən sevgisi olmayan bilikli insanın yurdumuza heç bir faydası yoxdur. Vətənpərvər insan bilikli olduqda isə öz el-obasına can yandırır, biliyini, bacarığını bu istiqamətə yönəldir, Vətənə fayda verir. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas aspektləri müəyyənləşdirir. Bu hislər insanı qəhrəmanlığa, fədakarlığa, məğlubedilməzliyə kökləyir, özünə inamı artırır. Başlıcası isə mənsubiyyətinlə öyünürsən, haradan gəlib hara getdiyini bilirsən. Bu baxımdan ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərləri, vətənpərvərlik tərbiyəsini hər bir zaman üçün vacib amil sayırdı.
Vətənpərvərlik konkret əməli işə söykənəndə, fədakar addımlarla müşayiət olunanda daha möhtəşəm təsir bağışlayır. Bu gün Axaməd və onun kimi onlarla kəndlərimiz də məhz Vətən sevgisini, vətənpərvərliyi əməli işdə göstərən insanların qayğısı və diqqəti sayəsində abadlaşmışdır.
Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhərinin tarixi bu gün qədim tikililərdə və tarixi abidələrdə yaşayır. Vaxtilə Naxçıvanda inşa olunan zəngin tərtibatlı hamamlar tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxil olub. Bu gün də Naxçıvan şəhərində ictimai-mədəni xidmət obyektlərinin inşasına xüsusi diqqət yetirilir. Naxçıvanın paytaxt şəhəri olması və burada 10 minə yaxın tələbənin təhsil alması yeni mədəni xidmət obyektinin – hamamın tikintisini zərurətə çevirmişdi. Dekabrın 17-də Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində Şərq hamamının istifadəyə verilməsi məhz bu zərurətdən irəli gəlirdi.
Dekabrın 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir. Sessiyada 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi məsələləri müzakirə edilmiş, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı dinlənilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci ildə muxtar respublikamızın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. Ali Məclis Sədrinin məruzəsində qeyd olunan faktlar 2015-ci ildə böyük nailiyyətlər əldə etdiyimizdən xəbər verir. İqtisadi inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 600 manata yaxın olmuşdur. Yeni istehsal sahələrinin sayının artması və əhatə dairəsinin genişlənməsi nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsalı həyata keçirilir. Artıq 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına təmin etmək mümkündür. 2015-ci ildə yeni yaradılan 2908 iş yerindən 2837-si və ya 98 faizi daimi iş yeri olmuşdur. “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada 106 min 282 ton taxıl, 82 min 16 ton tərəvəz, 45 min 43 ton kartof, 38 min ton bostan məhsulları, 66 min 465 ton meyvə və giləmeyvə istehsal olunmuşdur.
Son illər sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara nəqliyyat vasitələrinin verilməsi həyata keçirilən sosial tədbirlər içərisində xüsusi yer tutur. Dekabrın 24-də Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.
Göründüyü kimi, bu gün muxtar respublikada insan amili həyata keçirilən işlərin, çoxşaxəli islahatların başlıca hədəfidir. Əhalinin rahat yaşayışının təmin olunması, xüsusilə insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu gün də ardıcıl tədbirlər görülür. Günü-gündən öz görkəmini dəyişən paytaxt Naxçıvan şəhərində də bu məsələ daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin davamı olaraq, dekabrın 28-də Naxçıvan şəhərinin Atatürk küçəsində 9 mərtəbəli yeni yaşayış binasının açılışı olmuşdur.
Bu gün hərbçilərimizin sosial və məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin daha da gücləndirilməsi sahəsində dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər ordu quruculuğu işinin əsas prioritet məsələlərindəndir. Bu tədbirlər hərbçilərin, demək olar ki, bütün təbəqələrini əhatə edir. Muxtar respublikamızda aparılan quruculuq işləri zamanı zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da dövlət siyasətimizin tərkib hissəsidir. Bu çərçivədə dekabrın 24-də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərindəki hərbi şəhərciyində zabit ailələri üçün 6 mərtəbəli və 68 mənzildən ibarət olan yeni xidməti yaşayış binası istifadəyə verilmişdir.
Ulu öndər Heydər Əliyevin muxtar respublikamızda ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətin davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qədim diyarımızda yerləşən ordu, birləşmə və hərbi hissələri qısa zaman kəsiyində əməliyyat-taktiki baxımdan regionun yüksək döyüş hazırlığına malik, ən mobil və ən intizamlı silahlı qurumuna çevrilmişdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının hərbi təhlükəsizlik sistemi çox yüksək səviyyədə təmin olunmuş, Əlahiddə Ümumqoşun Ordu düşmənlə sərhəddə etibarlı müdafiə sistemi qurmuşdur.
Muxtar respublika rəhbəri əsgər və zabitlərimizə daim diqqət göstərir, onların xidmət şəraiti ilə maraqlanır. Bayram günlərində əsgərlərlə görüşlərin keçirilməsi, xüsusilə dağ və sərhəd kəndlərində xidmət edən əsgər və zabitlərə bayram sovqatlarının aparılması ənənə halını almışdır. Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə gəlmiş, əsgər və zabitlərlə görüşmüşdür.
Həmin gün Naxçıvan Muxtar Respublikasının ərazisində qar yağmış, dağlıq ərazilərdə çovğun ehtimalı artmışdı. Belə bir çətin və təhlükəli hava şəraitinə baxmayaraq, Ali Məclis Sədrinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissəyə gəlməsi Vətənin keşiyində dayanan igid əsgərlərimizin böyük sevincinə səbəb olmuşdur. Bu, Vətənə, xalqa bağlılığın, daim xalqla birlikdə olmağın, ulu öndər Heydər Əliyev yoluna sədaqətin növbəti nümunəsi idi.
Bu sevinci muxtar respublika sakinləri, əsgər valideynləri ilə birlikdə həm də Şadada Vətənə xidmət edən zabitlərin ailələri də yaşamışdılar. Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hərbçi ailələri ilə görüşmüş, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. Həmin gün Ali Məclisin Sədri düşmənlə üz-üzə dayanan Şada kəndindəki tam orta məktəbdə də olmuşdur.
Sosial-iqtisadi inkişafı ilə cazibə mərkəzinə çevrilən Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələr daim inkişaf edir. Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Qars Vilayətinin valisi Günay Özdəmir, Ərdahan Vilayətinin valisi Əhmət Dəniz və İqdır Vilayətinin valisi Davut Haner ilə görüşmüşdür.
Ötən ilin yekunlarını bir daha təhlil edərkən məlum olur ki, Naxçıvan Muxtar Respublikası dövlət vəsaitindən daha böyük inkişafa xidmət göstərmək baxımından həmişə yaradıcılıqla və maksimum qənaətlə istifadə etməyin, mümkün qədər çox və keyfiyyətli işlər həyata keçirməyin nümunəsini göstərmişdir. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar da ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanmışdır. Burada böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun da əsas prinsiplər səviyyəsində formalaşması inkişafa dərin ictimai məzmun gətirmişdir.
Rauf Əliyev