24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da dahi şəxsiyyətin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması haqqında qərar qəbul etmişdir. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etməyi diqqət mərkəzində saxlayırdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir.

Tədbirdə tərbiyə işləri üzrə prorektor Əli Yusifov və İdarəetmə fakültəsinin dekanı Elbrus İsayev çıxış etmişlər.
Sonra universitetin tələbələrindən ibarət Şən və Hazırcavablar Klubunun üzvləri yumoristik səhnəciklər göstərmiş, Vətənimizə həsr edilmiş şeirlər söylənmiş, mahnılar ifa olunmuşdur.

*   *   *

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində də tədbir keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan uşaqların ziyarət olunması, onlara hədiyyələrin verilməsi dövlətin uşaqlara diqqət və qayğısının bariz nümunəsidir.
Vurğulanıb ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması, reabilitasiyası və cəmiyyətə inte­qrasiyası üçün uşaq müəssisələri yaradılıb, bu qrupdan olan uşaqlar müvafiq müəssisələrə cəlb olunub. Bu da valideynlər tərəfindən razılıqla qarşılanır.
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva bu kateqoriyadan olan uşaqlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifasında rəqslər oynanılıb, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tamaşalardan səhnəciklər göstəriblər.
Bayram şənliyində sağlamlıq imkanları məhdud 19 uşağa hədiyyələr verilib.

*   *   *

Muxtar respublikada bayram günü ahılların ziyarət edilməsi, onlara bayram sovqatlarının verilməsi artıq ənənə halını alıb. Bu ənənənin davamı olaraq dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxış edərək sakinləri bayram münasibətilə təbrik ediblər.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikada həyata keçirilən davamlı islahatlar əhalinin, o cümlədən ahıl insanların firavan yaşayışını təmin edib. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Ahılların sağlamlıqlarının qorunması, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən ardıcıl tədbirlər onlar tərəfindən dövlətimizin öz vətəndaşlarına yüksək qayğısı kimi dəyərləndirilir.
Bildirilib ki, tənha ahıllara göstərilən dövlət qayğısının daha bir nümunəsi olan Ahıllar evində sakinlərin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Sonda Ahıllar evinin sakinlərinə bayram hədiyyəsi təqdim olunub. Ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*   *   *

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli uşaqları bayramlar münasibətilə təbrik ediblər.
Bildirilib ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara həssaslıqla yanaşılır, onlara hərtərəfli diqqət və qayğı göstərilir. Sonra təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr verilib.
Məktəbin direktor müavini Mehman Vəlibəyov uşaqlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR