Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasının tədbirlər salonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. 24 il bundan əvvəl həmrəylik və birlik naminə rəsmiləşdirilən bu bayram dünyada yaşayan milyonlarla azərbaycanlının ümummilli məqsədlər uğrunda birləşməsinə böyük təkan verib.
Qeyd edilib ki, ümumi dövlətçilik mənafeyi uğrunda birləşmək, həmrəy olmaq, harada yaşamasından asılı olmayaraq, öz vətəninin təəssübkeşinə çevrilmək bacarığı millətin və dövlətin qüdrətindən xəbər verir. Müasir qloballaşma və inteqrasiyalar bu milli birliyi əsas zərurətlərdən biri kimi ortaya qoymuşdur. Bu baxımdan dövlətimizin ötən illər ərzində milli-mənəvi bütövlüyümüzün, əqidə birliyimizin yaradılması istiqamətində gördüyü işlər, eyni zamanda dünyanın ayrı-ayrı yerlərində yaşayan həmvətənlərimizin Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin təbliğinə verdiyi töhfələr bizi fərəhləndirir və yeni-yeni uğurlara imza atmağa sövq edir.
Vurğulanıb ki, bu il Bakıda keçirilən birinci Avropa Oyunlarında muxtar respublika idmançılarından iki nəfərin uğur qazanması idman sahəsində təqdirəlayiq hadisələrdən biridir. Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti uğurla həyata keçirilir, Naxçıvan idmanının şöhrəti ildən-ilə artır, muxtar respublika idmanın inkişaf etdiyi region kimi tanınır. 2015-ci ildə muxtar respublika idmançılarının ayrı-ayrı növlər üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 11, Avropa çempionatlarında 2, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində 36, birinci Avropa Oyunlarında isə 2 olmaqla, 67 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək bu gün dövlət gənclər siyasətinin muxtar respublikada uğurla həyata keçirildiyini bildirib. Qeyd edilib ki, muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik hislərinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.
Gənclər adından çıxış edən “Naxçıvan” Universitetinin tələbəsi Gülnarə Seyidova Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Gənclər adından muxtar respublika rəhbərinə minnətdarlığını ifadə edən Gülnarə Seyidova naxçıvanlı gənclərin bundan sonra da davamlı inkişafımız naminə yorulmadan çalışacaqlarına əminliyini bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının, “Naxçıvan” Universitetinin rəqs qrupunun və gənc müğənnilərin ifasında konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Xəbərlər şöbəsi