Dünən…
Hər dəfə “Dədə Qorqud” filminə baxanda, “Kitabi-Dədə Qorqud” dastanlarını oxuyanda özümdə bu möhtəşəm milli-tarixi abidəyə qarşı munis bir yaxınlıq, doğmalıq hiss etmişəm. Yaxşı yadımdadır, yeniyetməlik illərində filmi həmişə böyük diqqətlə izləyər, onun qəhrəmanları kimi at minmək, qurşaq tutmaq, qılınc oynatmaq, ox atmaq, namərdi cəzalandırmaq istəyərdim. Bu filmin mənim üçün baxılması ən çətin olan səhnələri isə Beyrəyin dost kimi bir qalaya qonaq çağırılıb, orada xaincəsinə öldürülməsi, Qazan xanın oğlunun yerdə yaralı yatan Alp Aruzun həyatını bağışlaması, onun başını kəsməməsi müqabilində Alp Aruzun son nəfəsdə dikəlib onu oxla vurması idi. O zaman çox heyifsilənmişdim ki, Beyrək niyə qalaya silahsız gəlib, niyə Qazan xanın yadigarı yerdə yatan düşməninin başını kəsmədi? Bu filmə təkrar-təkrar baxdıqca məni heyrətləndirən məqamlar da, cavabsız suallar da çoxalmağa başlamışdı, sanki yaxın, əlçatan görünən üfüqə doğru hey yol gedir, ancaq heç cür ona çata bilmirdim. Ona da heyrətlənirdim ki, Qazan xanın ömür-gün yoldaşı ələ keçməmək üçün oğlunun ətindən bişirilmiş qara qovurmanı yeməyə razı olmuşdu, Bamsı Beyrək onun yalan ölüm xəbərini gətirən Yalıncığı bağışlamışdı, Bayandur xanın kürəkəni olan xan Qazan evi yağmalandığında, ailəsi düşmənə əsir düşdüyündə çobanın sürünü buraxıb ona köməyə gəlməsinə razı olmamışdı. Filmin sonu isə mənim üçün əsl müəmma idi.
Çünki heç bir fərq qoyulmadan bütün mənfi və müsbət qəhrəmanlar qapqara daşlara, sıldırım qayalara çevrilmişdilər. Bir sözlə, “Dədə Qorqud” dastanı o illərdə mənim üçün sirli dünya, cavabsız suallarla dolu kitab, maraq səbəbindən tez-tez əl uzatdığım, ancaq toxuna bilmədiyim, əlimi boş qaytaran dərkolunmaz, əlçatmaz xəzinə, ünyetməz zirvə idi. Sanki Dədəmiz Qorqudun xalqımıza demək istədikləri, vəsiyyətləri və nəsihətləri gizli bir şifrə altında kodlaşdırılmışdı.
“Kitabi-Dədə Qorqud” oğuz türklərinin müqəddəs kitabıdır
Ancaq zaman keçdikcə bu dastanın, belə demək mümkünsə, gizli kodları da mənim üçün açılmağa, sualların cavabları tapılmağa başladı və mən dərk etdim ki, dastanda cərəyan edən bütün hadisələrin hər birinin arxasında reallıq, həyat həqiqətləri dayanır. Dastandakı yer adları kimi, adları sadalanan qəhrəmanlar da real adamlardır, heç bir şey insan təxəyyülünün məhsulu deyil. Bu dastan millət olaraq necə formalaşdığımızın, kim olduğumuzun, hardan gəldiyimizin düsturu, bu millətin hansı milli və mənəvi dəyərlərə söykənərək varlığını sürdürə biləcəyinin açarıdır. Dastanda Beyrəyin silahsız olaraq qonaq qapısına getməsinin, xaincəsinə öldürülməsinin də səbəbi var, Qazan xanın oğlunun ölüm ayağında olan Alp Aruzu öldürməməsinin də, xanın Qaraca Çobanın kömək təklifini rədd etməsinin də, onun zövcəsinin oğlunun ətini yeməyə hazır olmasının da.
Əslində, dastanda cavabı çətin olan suallar yaratmaqla gələcəkdə bu dastanlarla tanış olanların cavab axtaracaqlarını bilib ulu söz ustası. Elə edib ki, bu suallara cavab tapanlar əsl həqiqəti dərk etsinlər. Bilsinlər ki, bütün bu hadisələrlə Dədəmiz Qorqud mübariz, igid millətimizin ən möhtəşəm milli-mənəvi dəyərlərə, nəcib duyğulara, humanist düşüncələrə malik olduğunu bütün dünyaya bir daha nümayiş etdirib. Göstərib ki, millətimizin təməlini təşkil edən oğuzlar qonaq getdiyi evə, sözün həqiqi mənasında, qonaq kimi gediblər. Ora düşmən niyyətilə, silahla getmək olmaz. Bu, dünən də belə idi, bu gün də belə olmalıdır. Dastan vasitəsilə xalqımıza çatdırılıb ki, məğlub olan düşmənə rəhmsiz davranmaq olmaz. Qazan xanın Qaraca Çobanın kömək təklifini rədd etməsi ilə bizə vəsiyyət olunub ki, elin başçısı öz evi darda olsa belə, elin malını gözardı etməməli, bu sərvətin keşikçilərini bütün işlərdən uzaq tutmağa çalışmalıdır. Beyrəyin Yalıncığı bağışlamasına gəlincə, dastan vasitəsilə nəsihət olunub ki, onsuz da qorxaqlar hər gün ölür, hər gün əzab çəkir. Əgər Beyrək qılıncla Yalıncığın həyatına son versə idi, onu qorxu əzablarından qurtaracaqdı, belə qorxaqlar üçün yaşamaq əfzəldir.
Dastanda qəhrəmanların daşlara, qayalara çevrilməsinə gəlincə, Dədəmiz Qorqud demək istəyib ki, bir oğuz türkü ilə başqa bir oğuz türkünün savaşında heç kim qazanmır, hər iki tərəf məğlub olur. Bir daş parçasına belə lazımsız bir əşya kimi baxmaq olmaz, əgər onu hiss edib öyrənməyə çalışsan, daş da olsa, dilə gəlib sənə keçmişdə baş verənlərdən xəbər verə biləcək.
Qazan xanın zövcəsinə gəldikdə isə, o bilir ki, onun namusu elin namusudur, elin-obanın namusu naminə doğma övladının canından belə keçməlidi. Övlad tapılar, ancaq elin namusu, şərəfi əldən gedərsə, onu geri qaytarmaq mümkünsüzdü. “Salur Qazanın evinin yağmalanması boyu”nda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin onu dünyaya gətirən anasından keçmir, bilir ki, hər şeyi həyatda əldə etmək olar, təkcə valideyn, ana itkisini heç nə ilə əvəz etmək olmaz.
“Kitabi-Dədə Qorqud” ruhunun oyanış dövrü
Ulu öndər Heydər Əliyev hər zaman milli irsimizin yadigarı olan bu dastana, onun genişmiqyaslı, dərindən, hərtərəfli tədqiqinə diqqət ayırıb. 1975-ci ildə yazıçı Anarın ssenarisi əsasında ikiseriyalı “Dədə Qorqud” filmi çəkilib. “Kitabi-Dədə Qorqud”u “ana kitabımız”, Dədə Qorqudu isə “ulu babamız, əcdadımız” kimi dəyərləndirən ulu öndər dastanın və Dədə Qorqudun xatirəsinin əbədiləşdirilməsinə böyük önəm verib.
Bu il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının xalqımız üçün müqəddəsliyinə verilən böyük önəmin bir daha şahidi olduq. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 25 iyul 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq etdi, muxtar respublikada beynəlxalq əhəmiyyətli tədbirlərin, elmi konfransların keçirilməsinə başlandı. Dastanın alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə qeyd edilməsi xalqımızın tarixi və mədəniyyətinin ən parlaq incisi, milli-mənəvi dəyərlərimizin aynası olan bu dastana verilən böyük önəmin nəticəsidir. Naxçıvanda keçirilən yubiley tədbirləri qədim oğuz türklərinə məxsus “Dədə Qorqud” ruhunu oyandırdı, onu özünə qaytardı. Xalqımızın möhtəşəm qəhrəmanlıq, sənət abidəsi olan “Dədə Qorqud” dastanının öyrənilməsi işi daha da sürətləndirildi. Dədəmiz Qorqudun öyüd-nəsihətləri bu günlə səsləşir, bu günlə həmahəngdir. Bu baxımdan “Kitabi-Dədə Qorqud” dastanlarının ilk tərcüməsi və nəşrinin 200 illiyinin Azərbaycanda, eləcə də Naxçıvanda yüksək səviyyədə qeyd olunması ana Vətənə, vəzifəsi bu Vətəni qorumaq olan bizə, “Vətən daşlarına” ən böyük xidmət, ən qiymətli hədiyyədi.
“Kitabi-Dədə Qorqud” dastanlarını əsrarəngiz, əvəzolunmaz, bu günlə səsləşən edən el birliyinin, söz birliyinin, milli həmrəyliyin sonsuz qüdrətinin bütün epos boyu gözlər önünə sərilməsi, bu birliyin oğuz elinin nicatında həyati vacibliyinin önə çəkilməsidir. Müasir dövrümüzdə Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması qədim oğuz-türk millətinin birliyinin dünya miqyasında nümayişidir. Bu həm də ulu öndərin Azərbaycanda hakimiyyətə gəlişindən sonra bütöv və inkişaf etmiş Azərbaycan uğrunda başlanan milli birlik hərəkatının fövqəlbəşər bəhrələrinin nümayişidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi həm də “Kitabi-Dədə Qorqud” dastanlarında tumurcuqlayan milli həmrəylik arzularının çiçəklənməsidir. Bu günün ilk dəfə qeyd olunmasından ötən müddətdə dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar bir-biri ilə əlaqələr yaradır, birlik və həmrəylik şəraitində ölkəmizin gələcəyi naminə misilsiz xidmətlər göstərirlər. Bu nailiyyət “Kitabi-Dədə Qorqud” dastanlarında arzu olunan milli birliyin təmin olunması, ulu Dədə Qorqudun bizə nəsihətinə və vəsiyyətinə əməl edilməsi, tarixi yaddaşımızın bərpasının təntənəsidir.
Səbuhi Hüseynov