24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası nazir Rövşən Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2015-ci il muxtar respublika rabitəçiləri üçün əlamətdar olub, nazirliyin tabeliyində təsərrüfathesablı Elektron Avadanlıqların Texniki Xidmət Mərkəzi yaradılıb. Muxtar respublikanın bütün rayon mərkəzlərində “Elektron imza” kartlarının verilməsi üçün şəbəkə qurulub və operatorlara müvafiq təlim keçirilib. İl ərzində 49 vətəndaşa elektron imza kartı təqdim edilib. Hər il olduğu kimi, 2015-ci ildə də muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri poçt və telekommunikasiya sahəsini də əhatə edib. İl ərzində 16 avtomat telefon stansiyası və 11 poçt bölməsi yeni kənd mərkəzlərində fəaliyyətə başlayıb. Bunlardan 9 avtomat telefon stansiyası və 5 poçt bölməsi yenidir. Yeni avtomat telefon stansiyalarının yaradılması və “Naxtel” operatorunun əhatə dairəsinin genişləndirilməsi nəticəsində il ərzində 3074 yeni telefon nömrəsi istifadəyə verilib.

Qeyd olunub ki, bu il muxtar respublikada həyata vəsiqə alan ən iri layihə “Naxtel”in 4-cü nəsil mobil rabitə sisteminin qurulmasına başlanılmasıdır. Hazırda birinci mərhələ üzrə 40 BTS və mərkəzi idarəetmə sisteminin qurulması başa çatdırılıb. İkinci mərhələ üzrə isə 55 BTS fiziki olaraq qurulub, Bilinq sisteminin qurulması üzrə işlər isə davam etdirilir. IP ünvan çatışmazlığının aradan qaldırılması üçün 80 000 IP verən NAT avadanlığı və 10 Gb daxili kanal yaradan BRAS avadanlığı istifadəyə verilib. Hesabat dövründə əsaslı təmir edilən və yeni istifadəyə verilən 20 tam orta məktəbdə 27 kompüter sinfi yaradılıb, bu siniflərdə 375 ədəd kompüter qurularaq qlobal şəbəkəyə qoşulması təmin edilib. İl ərzində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun rayon filialları tərəfindən toplanan xidmət haqlarının həcmi 18 070 404 manat təşkil edib, nağdsız hesablaşmalar üçün POS-terminalların sayı 120-ə çatdırılıb. Cəmiyyətin kompüter şəbəkəsinin genişləndirilməsi davam etdirilib, mövcud 162 poçt məntəqəsinin 132-də kompüter şəbəkəsi qurulub və hazırda da bu işlər davam etdirilir.
Vurğulanıb ki, “Evədək optika” layihəsinin icrası cari ildə də davam etdirilib, il ərzində 28 fərdi mənzilə və yeni tikilən 2 çoxmənzilli yaşayış binasına fiber-optik kabel xətləri çəkilib. Bu gün muxtar respublikada fiber-optik kabel xətlərinin uzunluğu 1320 kilometrdən artıqdır. Mövcud 163 avtomat telefon stansiyasından 159-u optik arabağlantı ilə təmin edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasını nazir Cavid Səfərov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, cari ildə 2810 nəfər işlə təmin edilib. Naxçıvan şəhəri və rayonlarda keçirilmiş əmək yarmarkalarında isə, ümumilikdə, 824 nəfər işlə təmin olunub.
İl ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş peşə kurslarına, ümumilikdə, 523 nəfər cəlb edilib.
Bildirilib ki, sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində 299 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 361 uşağın müalicəsi təmin edilib, əzələ-dayaq sistemi xəstəliklərindən əziyyət çəkən sağlamlıq imkanları məhdud 18 nəfər Türkiyə Respublikasına müalicəyə göndərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı məhdud fiziki imkanlı 124 uşaq məktəbəqədər təhsil müəssisəsinə, 173 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 2 uşaq gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbə, 418 uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə və idmanın müxtəlif növləri üzrə qruplara cəlb edilib. Bu dövr ərzində eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslərin tədrisi davam etdirilib, görmə məhdudiyyəti olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurs təşkil olunub.
Distant Tədris Mərkəzində yeni avadanlıqlar quraşdırılıb, nəticədə, 150 istifadəçi yeri yaradılıb.
İclasda işdə buraxılan nöqsanlara da toxunulub, qarşıda duran vəzifələrdən danışılıb.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində də bu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
İclasda komitənin sədri Əsgər Əsgərov məruzə edərək bildirib ki, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün Babək rayonunun Nehrəm kəndinin 1170 hektar, Culfa rayonunun Bənəniyar kəndinin 1050 hektar torpaq sahəsində 241,5 kilometr qapalı suvarma xətti çəkilib, Kəngərli rayonunun Kərki və Xok kənd­ləri arasında 200 hektar sahədə qapalı suvarma şəbəkəsi bərpa edilərək Arpaçay sol sahil kanalı üzərində olan “Qıvraq-1” nasos stansiyasından sahəyə suvarma suyu verilib. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində toxumçuluq kompleksinə məxsus 400 hektar ərazini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi bərpa edilib. Cari ildə suvarma məqsədilə Kəhrizlər İdarəsi tərəfindən 17 kəhrizdə təmir işləri aparılıb, 12 kəhrizdə təmir işləri başa çatdırılıb. Komitənin balansında olan, muxtar respublikada ilkin suvarma mənbəyi kimi istifadə edilən 108 nasos stansiyasının 106-sı, 875 subartezian quyusunun 806-sı istismar olunmaqdadır.
Qeyd edilib ki, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq, Naxçıvan şəhərində su təchizatı və kanalizasiya investisiya proqramı layihəsi çərçivəsində tikinti işləri həyata keçirilir. 2015-ci ilin dekabr ayında ölkə Prezidentinin iştirakı ilə Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi əhalinin içməli suya olan tələbatının yüksək səviyyədə ödəməyə nail olunması ilə bərabər, həm də insanların sağlamlığına göstərilən dövlət qayğısından xəbər verir.
Sonra məruzə ətrafında çıxışlar olub, qarşıda duran vəzifələrdən danışılıb.

*   *   *

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə məruzə ilə çıxış edən icra başçısı Vüqar Səfərov bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi, bu il də Naxçıvan şəhərində abadlıq-bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilmiş, bir sıra idarə, müəssisə, təşkilatlar üçün yeni binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Həmin obyektlərin maddi-texniki bazaları gücləndirilmiş, müasir iş şəraiti yaradılmışdır. Hazırda Naxçıvan şəhərinin müxtəlif ünvanlarında tikinti-quruculuq tədbirləri davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının nəticəsidir ki, bu dövrdə insanların şəxsi vəsaiti hesabına 261 min 880 kvadratmetr sahədə fərdi yaşayış evi tikilmişdir.
2015-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 628 milyon 482 min 400 manat investisiya qoyulmuşdur ki, bu da ötənilki göstəricidən 3,1 faiz çoxdur. Bu dövr ərzində tikinti-quraşdırma işlərində sərf olunan investisiyanın həcmi isə 3,7 faiz artaraq 538 milyon 25 min 700 manat olmuşdur.
Naxçıvan şəhərinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində bir sıra işlər görülmüş, yeni çəkilmiş xətlər əhalinin istifadəsinə verilmişdir.
Qeyd olunmuşdur ki, 2015-ci ildə sənaye məhsulunun həcmi 669 milyon 290 min 600 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Bu dövrdə Naxçıvan şəhəri üzrə 12 milyon 271 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.
Vurğulanmışdır ki, qış mövsümünə hazırlıqla əlaqədar bir sıra tədbirlər həyata keçirilmiş, 38 fərdi, 5 mərkəzləşmiş qazanxana vasitəsilə 173 bina, 7634 mənzil, 31 inzibati bina istiliklə təmin olunmuşdur.
Digər sahələrdə həyata keçirilən tədbirlərdən də bəhs edən Vüqar Səfərov işdə buraxılan nöqsanlardan da danışmış, 2016-cı ildə bu nöqsanların aradan qaldırılmasının vacibliyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Məruzə ətrafında Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri Aqil Nəsirovun, Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin müdiri Səfər Əhmədovun çıxışları olmuşdur.

*   *   *

Dekabrın 29-da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində də 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Tədbiri Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov açmışdır.
Sonra idarənin sədr müavini Elvin Axundov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 dekabr 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 123 milyon 47 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 17 milyon 405 min manat, uzunmüddətli kredit qoyuluşu isə 105 milyon 642 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 800 min manat artmışdır.
Bank və kredit təşkilatları tərəfindən 2015-ci ilin 11 ayı ərzində 66 milyon 141 min manat kredit verilmişdir ki, bunun da 24 milyon 108 min manatı qısamüddətli, 42 milyon 33 min manatı isə uzunmüddətli kreditlərdir.
Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə verilmiş tapşırıqlara uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış tədbirlərin nəticəsində bu gün muxtar respublika ərazisində əsas ödəniş alətlərindən sayılan bankomatların sayı 55-i Naxçıvan şəhəri, 43-ü rayonlarda olmaqla, 98 ədədə, POS-terminalların sayı isə 478-i Naxçıvan şəhəri, 536-sı rayonlarda olmaqla, 1014 ədədə çatdırılmışdır.
Ötən dövr ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının ekspertlərinin, əməkdaşlarının iştirakı ilə müxtəlif mövzularda kurs və seminarlar keçirilmişdir. Cari ilin dekabr ayında Mərkəzi Bankın və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ekspertlərinin iştirakı ilə maliyyə savadlılığı mövzusunda seminarlarda bank əməkdaşları və “Naxçıvan” Universiteti tələbələrinin iştirakı təmin edilmişdir.
İclasa Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsində 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda idarənin rəisi Vüqar Babayev bildirmişdir ki, hesabat dövründə radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlər həyata keçirilmiş, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği üçün maarifləndirmə işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.
Qeyd olunmuşdur ki, idarə tərəfindən din xadimlərinin İslam dininin əsaslarını düzgün şəkildə təbliğ etmələri nəzarətdə saxlanılmışdır. Naxçıvan şəhərində qeydiyyatdan keçmiş 25, Culfa rayonunda 29, Şərur rayonunda 65 və Sədərək rayonunda 18 nəfər din xadiminin iştirakı ilə təkmilləşdirmə kursları təşkil olunmuşdur. İslam dininin əsaslarını öyrənmək istəyən 150 qadın Naxçıvan şəhər Pirqəmiş məscidində təşkil edilən kurslarda iştirak etmişdir.
Dini mərasimləri idarə edən din xadimləri və bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər attestasiyadan keçirilmişdir. İdarə tərəfindən dini icma sədrləri, eləcə də fəal dindarların iştirakı ilə “Dövlət-din münasibətləri və ma­arifləndirmə işi” mövzusunda muxtar respublikanın rayonlarında tədbirlər keçirilmişdir.
Vurğulanmışdır ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi məqsədilə 2 ixtisaslaşdırılmış satış məntəqəsi yaradılmışdır. Ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan idarəyə 853 ədəd dini təyinatlı ədəbiyyat daxil olmuş, aparılmış araşdırma nəticəsində dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik prinsipini təbliğ edən 716 ədəd dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınmışdır.
Bildirilmişdir ki, multikulturalizm və dövlət-din münasibətləri ilə bağlı şəhər və rayonlarda yerli komissiya üzvləri ilə birgə “Tolerantlıq nümunəsi Azərbaycan”, “İslamda tolerantlıq”, “Multikulturalizm Azərbaycan xalqının tarixi sərvətidir”, “Müasir Azərbaycanda multikulturalist dəyərlər” mövzularında tədbirlər keçirilmiş, idarə tərəfindən Beynəlxalq Tolerantlıq Günü geniş şəkildə qeyd olunmuşdur.
2016-cı ildə də idarə öz fəaliyyətini qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq.
Sonra çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR