Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda çıxış edən nazir Famil Seyidov başa çatmaqda olan ilin muxtar respublika iqtisadiyyatı üçün uğurlu olduğunu, sosial-iqtisadi həyatda mühüm irəliləyişlər əldə edildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olmuşdur. Bu dövrdə muxtar respublikada 917 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 faiz çoxdur.
Muxtar respublikamızda reallaşdırılan məqsədli dövlət proqramlarının uğurlu icrası nəticəsində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül, yeyinti sənayesi və kənd təsərrüfatı təyinatlı 852 istehsal və xidmət sahəsi yaradılmışdır.
Cari ildə Sahibkarlığa Kömək Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 10 milyon 733 min 200 manat həcmində güzəştli kreditlər verilmiş, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatmışdır. Muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yeni qurulmuş müəssisələrdə istehsal olunan məhsulların növü 361-ə çatmış, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilmişdir.
Vurğulanmışdır ki, 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 403 milyon manata çatmışdır. Əhalinin ərzaq məhsullarına olan tələbatının il boyu ödənilməsinin təmin edilməsi məqsədilə soyuducu anbarların ümumi tutumu 12 min 730 tona, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana komplekslərinin ümumi sahəsi 113 min 892 kvadratmetrə, uzunmüddətli taxıl anbarlarının tutumu 27 min tona, qısamüddətli taxıl anbarlarının tutumu 43 min 380 tona, taxıl emalı müəssisələrinin sayı 17-yə, ətlik və yumurtalıq istiqamətində quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuş, buraxılmış nöqsanlar təhlil edilmişdir.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov məruzə edərək bildirib ki, hesabat dövründə muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 299 əcnəbi aşkarlanıb. Onlardan 69-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, cərimə inzibati tənbeh növü tətbiq edilib, 210-u 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılıb, 20-si isə inzibati qaydada ölkə hüdudlarından kənarlaşdırılıb. Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 11 min 837 müraciət daxil olub. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron ünvanına, ümumilikdə, 2836 müraciət ünvanlanıb. Daxil olmuş hər bir müraciət xidmət tərəfindən dəqiqliklə və operativliklə cavablandırılıb. Bu il əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə, ümumilikdə, 701 müraciət edilib. Daxil olmuş müraciətlərdən 641-i icra olunub, 9-na imtina verilib, 51-i isə hazırda icra mərhələsindədir. Bu dövr ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 7 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 6-sı icra olunub, 1-i isə icraatdadır.
2015- ci ildə Dövlət Miqrasiya Xidməti üçün yeni binanın istifadəyə verilməsinin quruma göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirən Elnur Məmmədov xidmət əməkdaşlarının qarşıdan gələn ildə də mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq qarşıya qoyulmuş vəzifələrin qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklərinə əminliyini ifadə edib.
Xidmətin illik fəaliyyəti ilə bağlı slaydların nümayiş etdirildiyi tədbirdə xidmətin əməkdaşlarından Əfqan Əliyevin, Rahib Kərimovun, Şahin Nəbiyevin, Aysel Əliyevanın, İlkin Rəhimovun və Samir Sadiqovun çıxışları olub.
* * *
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasını mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2015-ci ildə mədəniyyət müəssisələrində mədəni-maarif işinin müxtəlif forma və metodlarından istifadə olunmaqla 500-ə yaxın tədbir keçirilmişdir.
İl ərzində xalq yaradıcılığı ilə bağlı tədbirlər davam etdirilmiş, noyabrın 4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən xalq yaradıcılığı sərgisində 37 el sənətkarının 600-ə qədər əl işi, Naxçıvan milli mətbəxinin nümunələri nümayiş etdirilmiş, folklor kollektivlərinin çıxışları olmuşdur.
Məruzədə qeyd edilmişdir ki, 2015-ci ildə konsert-tamaşa müəssisələrinin fəaliyyəti də qənaətbəxş olmuşdur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı”, görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanovun 145 illiyi ilə bağlı hazırlanmış “Nadanlıq və ya qəfil telefon zəngi” və başqa tamaşalar uğurla səhnəyə qoyulmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında il ərzində 116 kütləvi tədbir keçirilmiş, həmin tədbirlər kitabxananın internet saytında yerləşdirilmişdir. Muzeylərdə elektron təhsilin tətbiqinin genişləndirilməsi, distant dərslərin keçilməsi istiqamətində işlər davam etdirilmişdir. Naxçıvan şəhərində Xatirə Muzeyi, C.Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyi üçün yeni inşa olunmuş binalar istifadəyə verilmiş, Məhəmməd Tağı Sidqinin ev-muzeyinin açılışı olmuşdur.
Naxçıvan şəhərinin Qaraçuq kəndində, Sədərək rayonunda uşaq musiqi məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev muxtar respublikamıza səfəri zamanı Naxçıvan Şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin açılışında iştirak etmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuş, qarşıda duran vəzifələrdən danışılmışdır.
* * *
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2015-ci ildə öz işini təsdiq edilmiş tədbirlər planına uyğun qurub, gənclər arasında bədən tərbiyəsinin kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib, idman və gənclər sahəsində əsaslı dönüş yaradılmasına çalışıb.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Nazir bildirib ki, 2015-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Naxçıvan Şahmat Mərkəzində Beynəlxalq Şahmat Festivalı, Şərur Olimpiya-İdman Kompleksində kikboksinq üzrə Azərbaycan çempionatı, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış keçirilib. İl ərzində muxtar respublikanın şəhər, rayon, qəsəbə və kənd komandaları arasında müxtəlif idman növləri üzrə birinciliklər, turnirlər, yoldaşlıq görüşləri təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqlarla əlaqədar olaraq muxtar respublikaya tanınmış məşqçilər dəvət edilib, onların yerli məşqçilərin təlimlərində iştirakları təmin olunub. Bölgələrdə də bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması ilə bağlı tədbirlər icra edilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində “Xatun” Bədii Gimnastika İdman Klubu və “Əlincə” Stolüstü Tennis İdman Klubu fəaliyyətə başlayıb.
Vurğulanıb ki, 2015-ci il ərzində ayrı-ayrı növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 11, Avropa çempionatlarında 2, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində 36, birinci Avropa Oyunlarında isə 2 medal olmaqla, cəmi 67 medal qazanıblar.
2016-cı ildə qarşıda duran vəzifələrdən də geniş bəhs olunduğu kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev, Sədərək və Şahbuz Rayon Gənclər və İdman idarələrinin rəisləri Etibar Əliyev və Vüqar Muradovun çıxışları olub.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2015-ci ildə görülən işlərə və 2016-cı ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2015-ci ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisələri ilə bağlanmış müqaviləyə əsasən, 31 min 541,6 ton A-92 benzini, 570,8 ton A-95 benzini, 56 min 113,9 ton dizel yanacağı, 11 min 657,8 ton bitum, 178,3 ton müxtəlif növ yağlar, 647,2 ton maye qaz alıb.
Bildirilib ki, bu il müəssisə tərəfindən ümumi dövriyyəsi 66153,8 min manat olan 100733,8 ton müxtəlif növ neft məhsulları satılıb ki, bu, 32 min 136,1 ton avtobenzin, 56 min 218,5 ton dizel yanacağı, 11 min 557,8 ton bitum, 683 ton maye qaz, 178,4 ton müxtəlif növ yağlardan ibarət olub. 2015-ci ildə müəssisə satışdan 483,7 min manat mənfəət əldə edib.
Vurğulanıb ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olmasına daim nəzarət edilir və bu istiqamətdə lazımi tədbirlər görülür. Görülən işlər nəticəsində yanacaq ehtiyatı yaranıb. 29 dekabr 2015-ci il tarixə müəssisənin anbarlarında 1799,5 ton A-92 benzini, 1934,3 ton dizel yanacağı, 3520 ton mazut, 18,1 ton maye qaz ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2016-cı ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən də danışıb.
Məruzə ətrafında müzakirələrdə müəssisənin qaz məhsulları üzrə anbar müdiri Kazım Rzayev, neft məhsulları üzrə anbar müdiri Mirmehdi Seyidov çıxış ediblər.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında fondun sədri Rasim Hüseynov məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hesabına 61 milyon 298 min manat vəsait daxil olmuşdur. Bu da nəzərdə tutulan məbləğdən 8 milyon 633 min manat, yaxud 16 faiz çox, ötən ilin müvafiq dövründə yığılan vəsaitdən isə 2 milyon 234 min manat, yaxud 3,8 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi prosesi davam etdirilmişdir. 2014-cü ilin noyabr ayından etibarən kənd yerlərində fəaliyyət göstərən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və torpaq mülkiyyətçisi olan sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının kəndlərdə poçt şöbələri vasitəsilə ödənilməsi də təşkil edilmişdir. 2015-ci ilin hər ayı üzrə 3913 nəfər sığortaedən tərəfindən 46 min 678 manat məbləğində məcburi dövlət sosial sığortahaqqı poçt şöbələri vasitəsilə ödənilmişdir.
Qeyd edilmişdir ki, cari ilin ötən dövrü ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsinə 114 milyon 466 min manat vəsait yönəldilmişdir. Cari ildə əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 53,6 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığortahaqqı şəklində yığılmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Hazırda muxtar respublika üzrə ödəniş aparılan 51860 nəfər pensiyaçının plastik kartlarla təmin edildiyini diqqətə çatdıran Rasim Hüseynov bildirmişdir ki, hesabat dövründə daha 6328 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 4,3 faiz artaraq 159 min nəfərə çatmışdır.
Vurğulanmışdır ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə inteqrə edilmiş 20 elektron xidmətdən 15-i istifadəyə verilmişdir.
Avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidlə bağlı xüsusi proqram təminatı vasitəsilə 2006-2014-cü illər üzrə sığortaolunanlar haqqında məlumatlar, həmçinin sığortaolunanların 2006-cı il 1 yanvar tarixinədək bütün əmək fəaliyyəti dövrləri onlar üçün fondda açılmış fərdi şəxsi hesablara işlənilmiş və 2014-cü ilin noyabr ayından etibarən avtomatlaşdırılmış qaydada əmək pensiyalarının təyinatına başlanılmışdır. 2015-ci il ərzində 127 nəfərə bu sistem vasitəsilə yaşa görə əmək pensiyası təyin edilmişdir.
Sonda çıxışlar olmuşdur.
Xəbərlər şöbəsi