Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclası Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açmış, komitənin sədri Cəfər Muxtərov mövzu ilə əlaqədar məruzə etmişdir.
Qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də muxtar respublikanın bütün bölgələrində genişmiqyaslı tikinti-quruculuq işləri aparılmış, bu işlər həyatımızın bütün sahələrini əhatə etmiş, yeni sosial obyektlər istifadəyə verilmiş, yollar müasir standartlar səviyyəsində yenilənmiş, körpülər salınmış, abadlıq tədbirləri həyata keçirilmişdir. Hazırda bəzi obyektlərdə quruculuq işləri davam etdirilir.
Bildirilmişdir ki, əldə edilən uğurlarla yanaşı, bir sıra nöqsan və çatışmazlıqlar da müşahidə olunmuşdur. Obyektlərin tikintisinə başlamaq üçün layihə sənədlərinin hazır olmaması halları hələ də müşahidə edilir. Keyfiyyətsiz iş, israfçılıq, məsuliyyətsizlik komitənin idarə və müəssisələrində özünü 2015-ci ildə də göstərmişdir.
Obyektlərdə iş zamanı tələskənliyə yol verilir, keyfiyyətsiz işlər görülür. Yenidən görülən işlər isə əlavə xərc hesabına başa gəlir. Bu xərclər tikinti təşkilatının öz vəsaiti hesabına aparıldığına görə idarələrin rentabelliyinə də mənfi təsir göstərir.
Qeyd olunan çatışmazlıqların yaranmasında komitənin də səhvləri vardır. Komitənin texniki nəzarətçiləri obyektlərdə keyfiyyətsiz işlərə yol verilməməsi üçün diqqəti artırmalı, obyektlərdə nizam-intizamı, eləcə də nəzarəti gücləndirməlidirlər.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad və Babək Rayon, Naxçıvan Şəhər idarələrinin rəisləri Əkrəm Salmanovun, Rəvayət İmanovun və Novruz Qalayevin çıxışları olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək demişdir ki, başa çatmaqda olan 2015-ci il muxtar respublikamızda sosial-iqtisadi sahədə qazanılan bir sıra uğurlarla yadda qalmışdır. Xalqımız bu il keçirilmiş seçkilərdə bir daha ümummilli lider Heydər Əliyev yoluna sədaqət göstərmişdir.
Ölkə başçısı tərəfindən bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, bütün sahələrin inkişafı təmin olunmuşdur. Doğma Naxçıvanımız da bu diqqət və qayğının nəticəsində bu gün, sözün həqiqi mənasında, öz intibah dövrünü yaşayır.
Bildirilmişdir ki, bu ayın əvvəlində ölkə Prezidenti cənab İlham Əliyev muxtar respublikamızda səfərdə olmuş, bir sıra obyektlərin açılışını etmişdir.
Bütün bunlar bizdən qarşıya qoyulmuş vəzifələri daha məsuliyyətlə yerinə yetirməyi, maliyyə vəsaitlərindən daha səmərəli istifadə etməyi, keyfiyyətli və müasir tələblərə cavab verən abadlıq-quruculuq işləri görməyi tələb edir.
Naxçıvan Muxtar Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bu baxımdan sosial-iqtisadi sahələrdəki davamlı tərəqqi yüksək nəticələr əldə etməyə imkan vermiş, tikinti-quruculuq işlərinin həcmi 2015-ci ildə 145 milyon 149 min 500 manat təşkil etmişdir.
Kollegiya iclasında tikinti təşkilatlarına texnikaların təmirini başa çatdırmaq, maliyyə-təsərrüfat fəaliyyətini qaydaya salmaq, tikinti işlərinin keyfiyyətini artırmaq, 2016-cı ildə tikilməsi nəzərdə tutulmuş obyektlərin layihələrinin vaxtında hazırlanması barədə tapşırıqlar verilmişdir.
Muxtar Məmmədov