Dekabrın 29-da Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, komissiyanın sədri Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2015-ci ildə gördüyü işlər haqqında məruzə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlar yüksək səviyyədə qeyd edilir. Muxtar respublikanın məscidlərində İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. İslami dəyərlərdən irəli gələn ənənələr yaşadılır, azsaylı xalqların nümayəndələrinin də mədəni irsinin qorunmasına və dini azadlığına hörmətlə yanaşılır.
Qeyd edilmişdir ki, muxtar respublika ərazisində müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. 2015-2016-cı tədris ilində “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisasının açılması bu sahəyə göstərilən dövlət qayğısını və muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasını ifadə edir.
“Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası 2015-ci ildə fəaliyyətini dövlət-din münasibətlərinin tənzimlənməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı maarifləndirmə işlərinin təşkili istiqamətində qurmuşdur”, – deyən Mirhəşim Seyidov diqqətə çatdırmışdır ki, komissiya tərəfindən dini icmaların iştirakı ilə sağlam dini mühitin formalaşdırılması, dindən bir vasitə kimi yararlanmağa çalışan xarici dairələrin ideoloji həmlələri qarşısında sayıqlığın artırılması istiqamətində silsilə xarakterli tədbirlər keçirilmişdir. Əvvəlki illər də daxil olmaqla bu günədək qeydiyyatdan keçmiş 680 din xadiminin hər birinə pulsuz olaraq komissiya tərəfindən iki dəstdən ibarət yay və qış geyim forması verilmiş, din xadimlərinin dini və yas mərasimlərində geyim formalarına əməl etmələri nəzarətdə saxlanılmışdır. 2015-ci ildə dini biliklərin artırılması məqsədilə şəhər və rayonlarda təkmilləşdirmə kursları təşkil olunmuşdur. Bu kurslarda Naxçıvan şəhəri üzrə 25, Culfa rayonu üzrə 29, Şərur rayonu üzrə 65 və Sədərək rayonu üzrə 18 olmaqla, ümumilikdə, 137 din xadimi iştirak etmişdir. Qadınlar üçün də kurslar təşkil edilmiş, bu kurslarda 150 qadın iştirak etmişdir.
2015-ci ildə xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili diqqətdə saxlanılmış, zəvvar qrupların təşkili müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə və Dini Qurumlarla İş üzrə İdarə ilə razılıq əsasında həyata keçirilmişdir.
Bildirilmişdir ki, muxtar respublika ərazisində mövcud olan məscidlərin, dini ibadətgahların qorunması, onların yerləşdiyi binaların və ətraflarının təmiz və səliqəli saxlanılmasına nəzarət artırılmış, bu məqsədlə müntəzəm yoxlamalar keçirilmiş, ciddi nöqsanlara rast gəlinməmişdir. Muxtar respublika ərazisinə dini təyinatlı ədəbiyyatların gətirilməsi və satışı nəzarətdə saxlanılmış, məzhəb ayrı-seçkiliyi salan 716 ədəd dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınmışdır. Muxtar respublika gənclərinin milli və mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri və yuxarı sinif şagirdləri ilə görüşlər keçirilmişdir.
Qeyd olunmuşdur ki, 2015-ci ildə əhalinin maariflənməsi məqsədilə Naxçıvan Dövlət Televiziyasında 32 veriliş hazırlanmışdır. Bununla yanaşı, 500 ədəd “İslam dininin əsasları” adlı vəsait hazırlanaraq din xadimlərinə paylanılmışdır. Multikulturalizm və dini məsələlərlə bağlı muxtar respublika komissiyasının üzvləri rayonlarda yaradılmış komissiyalarla birgə “Tolerantlıq nümunəsi Azərbaycan”, “İslamda tolerantlıq”, “Müasir Azərbaycanda multikulturalist dəyərlər” mövzusunda 14 maarifləndirici tədbir keçirmişdir. Bu tədbirlərdə gənclərin iştirakına üstünlük verilmiş, muxtar respublikada multikulturalizmin əhəmiyyəti və dini məsələlərlə bağlı çıxışlar dinlənilmişdir.
Komissiyanın sədri vurğulamışdır ki, muxtar respublikanın şəhər və rayonlarında yaradılmış müvafiq komissiyalar tərəfindən də multikulturalizm və dini məsələlər üzrə bir sıra tədbirlər keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, 2016-cı ildə qarşıda mühüm vəzifələr durur. Muxtar respublika komissiyası artıq iş planını hazırlamışdır. Şəhər və rayon komissiyaları da qısa müddətdə öz iş planlarını hazırlamalı, iş planında nəzərdə tutulan tədbirlər vaxtlı-vaxtında icra edilməlidir. Muxtar respublika əhalisinin, xüsusən də gənclərin maariflənməsinə yönəlmiş tədbirlərə üstünlük verilməlidir. Komissiyalar 2016-cı ildə bu istiqamətdə fəallığını artırmalıdır.
Sonra məruzə ətrafında Naxçıvan Şəhər İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri Sərdar Salahovun, Şərur Rayon İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri İlham Bədəlovun, Şahbuz Rayon İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri Mətanət Məmmədovanın çıxışları olmuşdur. Çıxış edənlər görülən işlər barədə ətraflı məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2016-cı il üçün iş planı barədə iclas iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri Mirhəşim Seyidov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iclas iştirakçılarını təbrik etmiş, onlara işlərində yeni-yeni uğurlar arzulamışdır.
Rauf Əliyev