Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə agentliyin baş direktoru Yasin Səfərov açaraq bildirmişdir ki, bu il gücü 20 meqavat olan Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə əlaqədar həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər cari ildə də davam etdirilmiş, Kəngərli rayonu ərazisində 35 meqavolt-amper güclü 110/35/10 kilovoltluq yeni müasir avadanlıqlar qoyulmuş “Qıvraq” yarımstansiyası tikilib istismara verilmişdir. Mövcud yüksəkgərginlikli elektrik verilişi xətlərinin Qıvraq qəsəbəsindəki yaşayış evlərinin üzərindən çıxarılması üçün 7 kilometr uzunluqlu 110 kilovoltluq, 2 kilometr uzunluqlu 35 kilovoltluq, 11 kilometr uzunluqlu 10 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Babək rayonu ərazisində yeni 35/10 kilovoltluq 1260 kilovolt-amper güclü müasir avadanlıqlar qoyulmuş “Nehrəm” transformator yarımstansiyası, Kəngərli rayonu ərazisində 35/6 kilovoltluq 6300 kilovolt-amper güclü yeni “Qıvraq nasos” transformator yarımstansiyası tikilib quraşdırılmış və istismara verilmişdir.
Vurğulanmışdır ki, 2015-ci ildə muxtar respublikanın şəhər və kəndlərində, ümumilikdə, 44 ədəd yeni transformator yarımstansiyası qoyulmuş, 84 kilometr uzunluqlu yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş, 7,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilmişdir.
Bu il Naxçıvan şəhərində vətəndaşların evlərində smartkarttipli ön ödənişli elektron sayğacların qoyulmasına başlanılmış, indiyə qədər 9000 ədəd belə sayğac qoyulmuşdur.
Sonra Biləv Su Elektrik Stansiyasının direktoru Sahib Zeynalov, Ordubad Rayon Elektrik Şəbəkəsinin direktoru Ramazan Rzayev, Naxçıvan Modul Elektrik Stansiyasının direktoru Məhərrəm Abbasov, Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru İqrar Əliyev görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında məlumat vermişlər.
Xəbərlər şöbəsi