Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2015-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, bu il muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında məlumat bazası yenilənmiş, göstəricilər geniş təhlil edilmişdir. Qadınların sağlamlıqlarının qorunması, ailə dəyərlərinin, ailələrdə sağlam həyat tərzinin, milli dəyərlərin təbliği, erkən və qanqohumluğu nikahlarının fəsadlarının uşaq və gənclərə aşılanması məqsədilə kənd mərkəzlərində və ümumtəhsil müəssisələrində 33 dəfə maarifləndirici tədbir keçirilmiş, 6000-ə yaxın broşür tədbir iştirakçılarına paylanılmışdır. Ailə dəyərlərimizin qorunması, uşaq və gənclərə aşılanması məqsədilə uzunömürlü və nümunəvi ailələrin yubileyləri qeyd olunmuş, uzunömürlü ailələrlə gənclərin görüşü keçirilmiş, rəsm, şeir və əl işləri müsabiqələri təşkil olunmuşdur. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda sərgi təşkil olunmuşdur. Hesabat dövründə sərgi-satışlarda və əl işləri mağazalarında 150-dən artıq istedadlı qadının 544 rəsm və əl işi satılaraq dəyəri qadınlara ödənilmişdir.
Komitə sədri qeyd etmişdir ki, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar proqramın qəbulundan bu günədək muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud 1631 nəfər və aztəminatlı ailənin üzvü olan 1383 nəfər qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmışdır. Qadınların maraqları nəzərə alınaraq müvafiq peşə kurslarına cəlb olunmaları ilə bağlı 99 nəfər qadının siyahısı və komitəyə məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 90 nəfər əmək qabiliyyətli vətəndaş işlə təmin olunması üçün aid təşkilatlara göndərilmişdir. Həmçinin “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar bu günədək 2780 sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə əlaqə yaradılmış, 311 uşaq potensiallarına uyğun olaraq məktəbəqədər, məktəb və məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilmiş, məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllim, metodist və tərbiyəçilərin iştirakı ilə 7 dəfə kurs təşkil edilmişdir.
İclasda qeyd olunmuşdur ki, hesabat dövrü ərzində hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 8 uşağın uçotu və övladlığa götürülmüş 13 uşağın ümumi uçotu aparılmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 5 uşağın yaşadığı evlərdə monitorinqlər təşkil edilmişdir.
İclasda komitənin aparat rəhbəri Zeynal Hümbətov, şöbə müdirləri Sahir Rüstəmov və Rəşad Kərimov çıxış etmişlər.
Xəbərlər şöbəsi