24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tədbiri giriş sözü ilə açaraq məruzə edib. Məruzəçi ötən il gömrük orqanları qarşısına qoyulan vəzifələrin icrasının təmin olunmasının Naxçıvanın sosial-iqtisadi inkişaf dinamikasının qorunmasına mühüm töhfələr verdiyini vurğulayıb.
Qeyd olunub ki, 2015-ci ildə muxtar respublika gömrük orqanları dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşısına qoyulan tapşırığın öhdəsindən gəlib, büdcənin formalaşdırılması üçün müəyyən olunan 7 milyon manat proqnoza qarşı 8 milyon 656 min manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb, proqnoz-tapşırıq 124 faiz yerinə yetirilib. Gömrük ödənişlərinin 57 faizi avtonəqliyyat vasitələrinin, 43 faizi isə digər malların rəsmiləşdirilməsi hesabına əldə olunub. Gömrük rüsumu və vergilərin bank, POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsi təmin edilib.

2015-ci ildə tabeli gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə yanaşı, 17 sahibkarlıq subyektinin ümumi gömrük auditi aparılıb və ümumilikdə, 27 min 291 manat vəsaitin yenidən dövlət büdcəsinə ödənilməsi təmin edilib. Gömrük sərhəd-buraxılış məntəqələrindən keçən xarici avtonəqliyyat vasitələrindən il ərzində 170 min 531 manat sığortahaqqı, Azərbaycan Respublikasının minik avtonəqliyyat vasitələrindən 115 min 344 manat keçid haqqı toplanaraq müvafiq hesablara köçürülüb. Bu dövrdə 54 xarici dövlətlə ticarət əməliyyatları aparılıb, muxtar respublikanın xarici ticarət dövriyyəsi 502 milyon 567 min ABŞ dolları olub. Bu il də ixracın həcmi idxalı üstələyib, xarici ticarət dövriyyəsinin 82 faizi ixrac, 18 faizi isə idxal əməliyyatlarının payına düşüb. İdxal-ixrac əməliyyatları üzrə yaranmış müsbət saldo 323 milyon 273 min ABŞ dolları olub. 2014-cü illə müqayisədə ixracın həcmi 1 faiz artıb, idxalın həcmi isə 17,6 faiz azalıb. İxracın 77 faizini sənaye, 23 faizini kənd təsərrüfatı məhsulları, idxalın 60,4 faizini sənaye məhsulları, 15,6 faizini nəqliyyat vasitələri və onların hissələri, 7,5 faizini ərzaq məhsulları, 0,6 faizini tikinti materialları, 15,9 faizini isə digər mallar təşkil edib.
Sonra komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynovun 2015-ci ildə aparılmış audit yoxlamalarının nəticələri ilə bağlı çıxışı olub, tabeli gömrük orqanlarının rəisləri idarələrin illik fəaliyyəti ilə bağlı məlumat veriblər.

*   *   *

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2015-ci ilin yekunlarına və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni xidmətin rəisi, general-mayor Səxavət Salmanov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2015-ci ildə çağırış kampaniyalarının keçirilməsi ilə bağlı nəzərdə tutulmuş plan və tapşırıqları tam həcmdə yerinə yetirib.
Qeyd olunub ki, 2015-ci ildə çağırışaqədər gənclərin ilkin qeydiyyata alınması tədbirləri də qarşıda duran əsas vəzifələrdən olub. Bu sahədə iş uğurla aparılıb. Bundan əlavə, çağırışaqədər gənclərin peşəyönümlü məktəblərə göndərilməsi də diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu il 349 nəfər gənc sürücü­lük məktəbinə cəlb olunub, tam kursu bitirdikdən sonra sürücülük vəsiqələri ilə təmin edilərək hərbi hissələrə göndəriliblər.
Naxçıvan Muxtar Respublikasında məktəblilər arasında hərbi-idman oyunlarının keçirilməsinin diqqət mərkəzində saxlanıldığını deyən xidmət rəisi bildirib ki, “Cəsurlar”, “Şahin” hərbi-idman oyunları Naxçıvan Muxtar Respublikasının Təhsil, Gənc­lər və İdman nazirliklərinin birgə iş planı əsasında təşkil edilib. Bununla yanaşı, 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi hissələrin, eləcə də qanunla müəyyən edilmiş digər silahlı birləşmələrin müddətdən artıq hərbi qulluqçular, zabitlərlə komplektləşdirilməsi işi davam etdirilib. İl ərzində ehtiyatdan çağırılaraq 19 nəfər zabit 1 il 6 ay müddətinə və 7 nəfər 5 il müddətinə həqiqi hərbi xidmət keçmək üçün göndərilib, 10 nəfər zabit və 3 nəfər gizir hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, 9 nəfər zabit və 4 nəfər gizir isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunverici­liyə uyğun olaraq yaradılmış digər birləşmələrdə xidmət edirlər.
Səxavət Salmanov işdə buraxılmış nöqsanlara da toxunub, onların qısa müddətdə aradan qaldırılmasının vacibliyini bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyevin, Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Nurlan Cəfərovun, Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimlinin və Sədərək Rayon Şöbəsinin rəisi, mayor Cavid Məmmədovun çıxışları olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində də ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində muxtar respublikanın iqtisadiyyatında qazanılan uğurlar dövlət büdcəsinin gəlirlərinə də öz təsirini göstərib. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2015-ci ilin ötən dövründə bütün mənbələr hesabına 63 milyon 125 min manat proqnoza qarşı 67 milyon 693 min 241 manat vəsait daxil olub. Bu, nəzərdə tutulan məbləğdən 4 milyon 568 min 241 manat çoxdur. Bu ilin ötən dövründə büdcə daxilolmalarının 85,2 faizi Vergilər Nazirliyi, 12,2 faizi Dövlət Gömrük Komitəsi tərəfindən, 2,6 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil­olmalar vasitəsilə təmin edilib. Dövlət büdcəsinə muxtar respublika Vergilər Nazirliyi tərəfindən 54 milyon 900 min manat proqnoza qarşı 57 milyon 712 min 211 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 2 milyon 812 min 211 manat çoxdur. Bəhs edilən dövrdə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 6 milyon 405 min manat proqnoza qarşı 8 milyon 228 min 975 manat vəsait daxil olub. Bu da nəzərdə tutulan məbləğdən 1 milyon 823 min 975 manat çoxdur. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyon 741 min 615 manat, digər daxilolmalardan isə dövlət büdcəsinə 10 min 440 manat vəsait daxil olub. 2015-ci ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən mənzil-kommunal strukturları tərəfindən 1 milyon 910 min 280 manat proqnoza qarşı 1 milyon 925 min 843 manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 min 731 manat və ya 5,4 faiz artıq vəsait toplanıb. 2015-ci ildə Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş və yoxlamalarda aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilib, cəmi 100 min 832 manat məbləğində qanunsuz sərf olunmuş vəsaitin 60 min 499 manatı dövlət büdcəsinə bərpa edilib. Hazırda 40 min 333 manat vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində işlər aparılır.
Bildirilib ki, 2016-cı il üçün Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsinin gəlirləri 69 milyon manat məbləğində proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsinin xərcləri 351 milyon 350 min manat müəyyənləşdirilib. Qarşıdakı ilin dövlət büdcəsinin xərclərinin 82,6 faizi və ya 290 milyon 300 min 173 manatının cari xərclərə, 17,4 faizi və ya 61 milyon 49 min 827 manatının əsaslı xərclərə yönəldilməsi müəyyənləşdirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilmişdir.
2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edən nəqliyyat naziri Mirsənani Seyidov muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılmasının cari ildə də diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Qeyd edilmişdir ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Pro­qram”a uyğun olaraq, Naxçıvan şəhərdaxili nəqliyyatında sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmiş, muxtar respublikamıza 7 ədəd yüksək komfortlu yeni avtobus gətirilmiş, Naxçıvan şəhərdaxili nəqliyyatında sərnişindaşıma fəaliyyəti göstərən beynəlxalq standartlara uyğun avtobusların sayı 58-ə çatdırılmışdır. Muxtar respublikada 138 marşrut xəttində 303 ədəd avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilmiş, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının hərəkətinə nəzarət artırılmışdır. Muxtar respublikada 489 ədəd taksi əhaliyə nümunəvi nəqliyyat xidməti göstərir. Cari ildə 199 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 404 avto­nəqliy­yat vasitəsinə lisenziya kartları verilmişdir.
Vurğulanmışdır ki, Naxçıvandan Bakı şəhərinə işləyən avtobus mar­şrutunun fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu marşrutda sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün 4 ədəd yeni avtobus alınmışdır. Ötən il ərzində bu marşrut üzrə Naxçıvandan Bakıya 45942 nəfər, Bakıdan Nax­çıvana isə 45703 nəfər sərnişin daşınmışdır.
Sonra “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev çıxış edərək cari il ərzində dəmir yolu sahəsində görülən işlərdən danışmış, 88 min 917 ton yük və 131 min 535 nəfər sərnişin daşındığını bildirmişdir. Müvafiq olaraq yükdaşımadan 150 min 314 manat, sərnişin daşınmasından isə 19629 manat gəlir əldə edilmişdir.
“Naxavtoyol” Dövlət Şirkətinin baş direktoru Bəhruz Əsgərov çıxışında 2015-ci ildə 1473 kilometr uzunluğunda respublika və yerli əhəmiyyətli avtomobil yollarında təmir, istismar və yenidənqurma işlərinin aparıldığını, yolların saxlanması və istismarına 1 milyon 83 min manat vəsait xərcləndiyini bildirmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli son illər ərzində Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlərin həyata keçirildiyini, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni “Şərq Terminalı”nın, Şərur və Ordubad şəhərlərində isə aviakassa binalarının istifadəyə verildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, ötən müddət ərzində Naxçıvan-Bakı marşrutu üzrə 234 min 526 nəfər sərnişin, 3 milyon 885 min 471 kq baqaj, 770 min 557 kq yük və 24 min 391 kq poçt daşınmışdır. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 3 min 149 nəfər, Naxçıvan-İstanbul reysi ilə 5 min 987 nəfər sərnişin daşınmışdır.
İclasa nəqliyyat naziri Mirsənani Seyidov yekun vurmuşdur.

*   *   *

Muxtar respublikamızda keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, əhalinin sağlamlığının qorunması, məhsul, iş və xidmətlərin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr durur və beynəlxalq norma və prinsiplərə müvafiq olaraq standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində təkmilləşmə, müasir beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir.
Bu barədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında danışılmışdır.
Komitə sədri Bəxtiyar İsmayılov bildirmişdir ki, təhsil, o cümlədən mək­təbəqədər təhsil müəs­sisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması və onların yerli məhsullarla təminatına diqqətin artırılması məqsədilə 96 təhsil müəssisəsinin bufet və yeməkxanalarında 357 halda müşahidə xarakterli nəzarət tədbirləri təmin olunmuş, 73 təhsil müəssisəsinin bufetində 16 istiqamət üzrə 315 halda nöqsan aşkar olunaraq aradan qaldırılmışdır.
Qeyd olunmuşdur ki, 104 ictimai iaşə obyektində monitorinqlər aparılmış, 26 istiqamət üzrə 697 halda çatışmazlıqlar müəyyənləşdirilərək aradan qaldırılması üçün vaxt verilmişdir. 57 ictimai iaşə obyektində aparılmış təkrar araşdırma zamanı 23 istiqamət üzrə 261 halda nöqsanların aradan qaldırıldığı müəyyən edilmiş, digər nöqsanlar üzrə hazırda nəzarət tədbirləri aparılmaqdadır.
Diqqətə çatdırılmışdır ki, aparılmış monitorinqlər zamanı standartların tələblərinə uyğun olmayan 51781,14 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz, kon­trafakt məhsul satışdan çıxarılaraq götürülmüş və ya satışdan çıxarılmışdır ki, bunlardan 43204,98 manat dəyərində məhsul məhv edilmiş, 6174,70 manat dəyərində ərzaq məhsulu biotexniki tədbirlərdə istifadə üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilmiş, 1900,10 manat dəyərində məhsul idxalçı müəssisəyə geri qaytarılmış, 501,36 manat dəyərində məhsulun isə yerində satışına qadağa qoyulmuşdur.
“2015-2016-cı illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı 2015-ci il avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə aidiyyəti orqanların nümayəndələri ilə birgə 78 təsərrüfat subyektində 192 halda monitorinqlər aparılmışdır”, – deyən komitə sədri bildirmişdir ki, təhlükəsizlik sistemi olmadığından 5 ədəd mətbəx üçün qaz pilətəsi, sənaye üsulu ilə hazırlanmayan 6 ədəd qaz sobası və 91 ədəd qaz başlığı satışdan çıxarılaraq götürülmüşdür. Metrologiya xidməti üzrə 1273 təsərrüfat subyektinə məxsus 36807 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunmuşdur. 4649 ədəd ölçmə vasitəsinə metroloji nəzarət həyata keçirilmişdir.
Sonra çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR