Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi davam edir.
Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalamışdır. Muzeydə Cəlil Məmmədquluzadənin özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanıma məxsus piano, hekayələri əsasında hazırlanmış panoramlar və maketlər nümayiş etdirilir. 1882 ədəd eksponatı özündə cəmləşdirən muzeyin ekspozisiyasında hazırda 273 ədəd eksponat nümayiş olunur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Cəlil Məmmədquluzadənin ev-muzeyində olmuşlar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili İşlər Nazirliyinin kollektivləri Hüseyn Cavidin ev-muzeyini, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Xatirə Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları isə Bəhruz Kəngərli Muzeyini ziyarət etmişlər.
Səbuhi Hüseynov