Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrində 2015-ci ilin yekunu və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov tədbirdə çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə müşahidə olunan davamlı inkişaf və yeniləşmə kütləvi informasiya vasitələrini də əhatə etmiş, jurnalistlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Teleradio və qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər 2015-ci ildə də davam etdirilmişdir. Bu il Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı muxtar respublikada geniş tədbirlər keçirilmiş, jurnalistlər mükafatlandırılmış, fəxri adlara layiq görülmüşlər. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq məsələləri ilə bağlı verdiyi tapşırıqların İcra Planı” çərçivəsində Naxçıvan Dövlət Televiziyası və Radiosunun maddi-texniki imkanları daha da gücləndirilmişdir. Bu dövrdə “Kanal 35” televiziyasının, “Naxçıvanın səsi” radiosunun, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmiş, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni çap avadanlıqları quraşdırılmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoy aidiyyəti üzrə məlumat vermişlər.
Ali Məclis Sədrinin birinci müavini kütləvi informasiya vasitələrində yol verilən nöqsanları diqqətə çatdırmış və gələcək fəaliyyətlə bağlı tapşırıqlar verərək demişdir: Bu gün muxtar respublikada yaradıcı insanların, eləcə də jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün hər cür şərait vardır. Lakin bəzi hallarda kütləvi informasiya vasitələri yaradılan şəraitdən səmərəli istifadə etmir, nöqsanlara yol verirlər. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin 2015-ci il üçün tədbirlər planı vaxtlı-vaxtında icra olunmamışdır. Ona görə də kütləvi informasiya vasitələri tədbirlər planlarında nəzərdə tutulan vəzifələrin icrasını nəzarətdə saxlamalı, kollektivlər Ali Məclis Sədrinin qəbul etdiyi normativ-hüquqi aktların, sessiya və müşavirələrdə verilən tapşırıqların icrasına diqqəti artırmalı, işdə ciddi dönüşə nail olunmalıdır. Qədim diyarda baş verən yeniliklər, aparılan genişmiqyaslı quruculuq tədbirləri teleradio və qəzetlərdə ətraflı işıqlandırılmalı, milli dəyərlərimiz, adət-ənənələrimiz və xalq yaradıcılığı sahələri ilə bağlı silsilə materiallar hazırlanmalıdır.
Qeyd olunmuşdur ki, dövlət televiziyası və radiosunda müasir avadanlıqların imkanlarından səmərəli istifadə olunmur, rejissor, operator və montaj işinin düzgün qurulmaması səhvlərin buraxılmasına səbəb olur, bəzi hallarda telemateriallar efir tələblərinə uyğun hazırlanmır. Ona görə də Naxçıvan Dövlət Teleradiosu öz fəaliyyətini qabaqcıl media standartlarına çatdırmalı, tamaşaçı və dinləyicilərə keyfiyyətli verilişlər təqdim olunmalıdır. Jurnalistlər gündəlik mütaliəni artırmalı, hər hansı mövzu üzrə material hazırlanarkən geniş tədqiqat aparılmalı, bədii şuranın fəaliyyəti gücləndirilməli, tamaşaçı və dinləyici tələbi ödənilməlidir.
“Şərq qapısı” qəzetində kənar müəlliflərlə əlaqələr davamlı xarakter almamış, qəzet səhifələrində ictimai əhəmiyyəti olmayan məqalələrə üstünlük verilmiş, gənc kadrların seçilib işə cəlb olunması sahəsində iş zəif qurulmuşdur. “Şərq qapısı” qəzeti muxtar respublikanın əsas mətbuat orqanı kimi fəaliyyətini gücləndirməli, aparılan quruculuq işləri qəzetin səhifələrində dolğun əksini tapmalı, mövzu seçimi, redaktə, korrektura və tərtibat işi canlandırılmalıdır. Jurnalistlər şablonçuluqdan uzaq olmalı, tarix, mədəniyyət, milli dəyərlər, vətənpərvərlik mövzularına mütəmadi müraciət edilməli, oxucu tələbini ödəyən yazılar hazırlanmalıdır.
Şəhər və rayon qəzetlərində redaktənin düzgün aparılmaması, mövzu seçimi və yaradıcılıq axtarışının olmaması əsas nöqsanlardandır. Qəzet redaksiyalarının hər biri müasir fotoaparatlarla təchiz olunsa da, fotomüxbirlərin fəaliyyəti hiss olunmur. 2016-cı ildə qəzetlərdə keyfiyyət dəyişikliyi təmin edilməli, fotomüxbirlərlə iş gücləndirilməli, yeni əməkdaşlar işə cəlb olunmalı, kurslar təşkil edilməlidir. “Kanal 35” televiziyasında verilişlər qeyri-peşəkar hazırlanır. Proqram tərtibatında və mövzu seçimində pərakəndəlik vardır. “Naxçıvanın səsi” radiosunun efirində isə ünvansız verilişlər səsləndirilir, müraciət olunan mövzular tam açılmır. Müxtəlif adlarla təqdim olunan eyni məzmunlu verilişlər çoxluq təşkil edir. “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun əməkdaşları işə ciddi yanaşmalı, veriliş və proqramların keyfiyyəti yüksəldilməli, tamaşaçı və dinləyici auditoriyasının informasiyaya artan tələbatı dolğun şəkildə ödənilməlidir. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurasının üzvləri teleradiolarda və qəzetlərdə təqdim olunan materialların keyfiyyətinə, yayım cədvəllərinə və proqram siyasətinə nəzarəti artırmalıdırlar. Bu gün muxtar respublikada hər bir təşkilatın qarşısında nizam-intizama əməl etmək əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Kütləvi informasiya vasitələrinin əməkdaşları da nizam-intizama ciddi əməl etməli, iş və əmək intizamı diqqət mərkəzində saxlanılmalıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kütləvi informasiya orqanları əməkdaşları qarşısında konkret vəzifələr qoyaraq demişdir: “Hər bir kütləvi informasiya vasitəsi bugünkü həyatımızın salnaməçisinə çevrilməlidir. Mətbuat işçiləri tarixi-mədəni irsimizin, milli dəyərlərimizin təbliğatçısı olmalı, maarifçilik işi gücləndirilməlidir. Qəzet səhifələrində gənc nəslin milli mənlik şüurunun inkişafına xidmət edən yazılara üstünlük verilməlidir. “Əkinçi” qəzetinin əsas prinsipləri olan maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği və hadisələrin obyektiv işıqlandırılması bu gün də rəhbər tutulmalı, mətbuat vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməlidir”.
“Şərq qapısı”