Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu ilin avqust ayının 6-da elan edilən müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirdi ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də aparılan islahatlar uğurla davam etdirilir. Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Muxtar respublika rəhbərinin hərtərəfli qayğısı ilə dövlət orqanları üçün müasir standartlara cavab verən yeni inzibati binaların tikilib istifadəyə verilməsi, nümunəvi iş şəraitinin yaradılması, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi bunun bariz nümunəsidir.
Dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılan komissiyanın vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açdığını mərasim iştirakçılarının diqqətinə çatdıran İsmayıl Qəribli qeyd etdi ki, dövlət qulluğu dövlətin Konstitusiya ilə müəyyən edilmiş məqsədlərini, funksiyalarını reallaşdırmaq üçün vətəndaşların xüsusi təşkil olunmuş fəaliyyəti, onların bu prosesdə praktiki və peşəkar iştirakıdır. Dövlət qulluqçuları dövlət qulluğuna qəbul olunduqları gündən müəyyən vəzifə səlahiyyətlərini həyata keçirməyə başlayırlar.
Komissiya sədri Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə düşən vəzifələri qərəzsiz, vicdanla, qanunauyğun surətdə, vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içən dövlət qulluqçularının anda sadiq qalacaqlarına əminliyini ifadə etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonra dövlət qulluqçuları təntənəli surətdə and içdilər. Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edildi, xatirə şəkli çəkdirildi, mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış oldular.
Xatırladaq ki, dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün avqustun 6-da elan edilən müsabiqəyə 36 dövlət orqanından 299 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 445 nəfər sənəd təqdim etmişdi. Müsabiqənin 16-29 sentyabr tarixlərində keçirilən test imtahanları mərhələsində 404 namizəd iştirak etmişdi. Keçid balını toplaya bilmiş 161 namizəddən 135-i müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdi. 10-16 noyabrda komissiyanın test mərkəzində keçirilən müsahibə mərhələsində 131 namizəd iştirak etmiş, onlardan 63-ü müvəffəqiyyət qazanmışdı. Müsabiqənin nəticəsindən narazı olan 2 namizəd apelyasiya şikayəti verib, həmin şəxslərin iştirakı ilə müsabiqənin videoyazısına təkrar baxılıb, apelyasiya komissiyası şikayətləri əsassız hesab edərək təmin etməyib. Müsabiqədə müvəffəqiyyət qazanmış 63 namizəddən 60-nın sənədləri iddia etdikləri vəzifəyə təyin olunmaq üçün dövlət orqanlarına göndərilib. Həmin şəxslərdən 59-u vəzifəyə təyin olunub, 1 namizəd isə hüquq-mühafizə orqanında işlə təmin olunduğuna görə təklif olunan vəzifədən imtina edib. 3 namizəd ehtiyat kadr siyahısına salınıb.
Səbuhi Hüseynov