24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı bu yaxınlarda istifadəyə verilmiş Şərur rayonundakı Axaməd Kənd Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə ilə çıxış edərək bildirib ki, XX əsrin sonları Azərbaycan xalqının tarixində ən mürəkkəb, ən gərgin və milli müstəqillik uğrunda mübarizələrlə dolu illər olub. Bu dövrdə erməni təcavüzünə qarşı Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxan xalq müstəqil dövlətini yaratmaq əzmini bildirib, imperiya qüvvələri və onların əlaltıları ilə qeyri-bərabər döyüşə girib.
Azərbaycan xalqının inadlı mübarizəsindən qorxuya düşənlər onu yolundan döndərmək, xalqı parçalamaq və məhv etmək üçün məkrli planlara əl ataraq, hətta qan tökməkdən də çəkinməyiblər. Belə bir şəraitdə imperiyanın mərkəzində xalqımızın haqq səsini ilk dəfə yüksək səviyyədə dahi şəxsiyyət Heydər Əliyev qaldırıb. Xalqa və Vətənə bağlılıq ulu öndəri Azərbaycana gətirsə də, imperiya əlaltıları ona Bakıda qərar tutmağa imkan verməyiblər. Azadlıq hərəkatının beşiyi Naxçıvana qayıdan ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Ulu öndərin Azərbaycançılıq ideyasına sədaqətinin ifadəsi idi ki, görkəmli dövlət xadimi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaltmağa nail olub. 1991-ci il dekabrın 16-da isə ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Bildirilib ki, ulu öndərimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan diasporunun formalaşdırılmasına, müxtəlif dövlətlərin bir çox böyük şəhərlərində Azərbaycan dilində qəzetlərin nəşr olunmasına, radio və televiziya verilişlərinin təşkilinə nail olunub. Bütün dünya azərbaycanlılarının lideri Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla görüşləri zamanı verdiyi dəyərli məsləhətlər Azərbaycan diasporunun fəaliyyətinin canlanmasına və vahid məqsəd naminə birləşməsinə stimul verib. 9-10 noyabr 2001-ci il tarixdə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda dahi şəxsiyyət Heydər Əliyev çox böyük tarixi əhəmiyyət kəsb edən geniş nitq söyləyib. Böyük öndər xaricdə yaşayan azərbaycanlılara tövsiyə edərək deyirdi ki, dünyada yaşayan bütün azərbaycanlılar Azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşməli, bu ideologiyaya öz əməli fəaliyyətləri ilə töhfələr verməlidirlər. Qurultaydan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən icmaların mütəşəkkilliyi və fəallığı daha da artıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun 400-dən artıq təşkilatı fəaliyyət göstərir və onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Bu da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideologiyanın təntənəsi, bunun nəticəsində Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması və qəbul edilməsi deməkdir.
Tədbirdə Axaməd kənd tam orta məktəbi və kənd ərazi ilk partiya təşkilatlarının sədrləri Arif Yusifov və Zaman Abbasov, partiya üzvü Tamara Aşurlu çıxış ediblər.

Elman Məmmədov

*  *  *

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 202-ci məşğələsi keçirilib.
“Heydər Əliyev dünya azərbaycanlılarının milli-mənəvi birliyinin yaradıcısıdır” mövzusuna həsr olunmuş məşğələdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, xalqımız ən ağır, çətin məqamlarda ümummilli liderimizin ətrafında bir yumruq kimi birləşməklə möhtəşəm tarixi nailiyyətlərə imza atıb. Naxçıvanda vüsət alan milli birlik uğrunda mübarizəyə ilk dəfə xalqımızın böyük oğlu Heydər Əliyev düzgün siyasi qiymət verərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb. Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən əziz bayram kimi qeyd olunur.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov çıxışında bildirib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Vurğulanıb ki, iyirmi dörd il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub. Azərbaycançılıq ideyası bitkin ideologiya kimi məhz müstəqillik dövründə ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Ulu öndərin hakimiyyətə tarixi qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni vəzifələrin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac verib. Dahi rəhbər böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparması işinə başlayıb, bu çətin problemi öz dühasının gücü ilə uğurla həll edib. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri olub. Həmin qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə şərait yaradıb. Məruzəçi qeyd edib ki, ulu öndər Heydər Əliyevin milli birlik və Azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilir.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR