Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq və təmir-bərpa işləri regionumuzu müasirliyə qovuşdurub. Dünən buraya yolu düşənlər bu gün Naxçıvanda gördüklərindən təəccüblərini gizlədə bilmirlər. Qısa zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən, tərəqqiyə qovuşan Naxçıvan bu gün, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişib.
Bu dəyişikliyi paytaxt şəhərimizdən tutmuş rayon mərkəzlərinə, ən ucqar dağ və sərhəd kəndlərinə qədər görmək olar. Bu prosesdə yaşayış məntəqələrinin təmiz saxlanılması üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd etmək lazımdır. Belə xeyirxah tədbirlərdə fəallıq göstərməyi naxçıvanlılar özlərinin vətəndaşlıq borcuna çeviriblər. Çünki yaşadığımız ünvan bizim doğma evimizdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində “Nümunəvi kənd, nümunəvi məhəllə” devizi altında keçirilmiş aylığın qaliblərinin mükafatlandırma tədbirində bu barədə geniş danışılıb. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikamız bu gün öz inkişaf tempi ilə ölkəmizin ən öndə gedən regionlarından biridir. Buraya gələn qonaqlar da etiraf edirlər ki, Naxçıvan Muxtar Respublikası öz gözəlliyi və təmizliyi, sabit həyat şəraiti, asayişin yüksək səviyyədə qorunması ilə bir sıra ölkələrə nümunə ola bilər.
Sonra, ümumilikdə, 155 inzibati ərazi dairəsi üzrə nümayəndəyə, bələdiyyə sədrinə, polis sahə inspektoruna, post-patrul xidməti əməkdaşına hədiyyə və pul mükafatları verilib.
Qaliblər sırasında Culfa rayonu Ərəzin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də var. İcra nümayəndəsi Tünzalə İmanova ilə söhbət zamanı bildirdi ki, bu gün hər bir naxçıvanlı muxtar respublikada həyata keçirilən tədbirləri ürəkdən dəstəkləyir, abadlıq-təmizlik işlərində fəallıq göstərməyi özünün mənəvi borcu sayır. Onların əməyi dövlətimiz tərəfindən layiqincə dəyərləndirilir.
Xəbərlər şöbəsi