24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan parlamenti tərəfindən 1991-ci il dekabrın 16-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Dövlətimizin xaricdə yaşayan azərbaycanlıların sosial-iqtisadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının qorunması üçün gördüyü tədbirlərdən danışan rektor bildirib ki, ümummilli liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbay­cançılıq ideyası ətrafında birləşdirilməsi və güclü diasporamızın yaradılması siyasətini ölkə başçısı İlham Əliyev uğurla davam etdirir.

Universitetin İqtisad fakültəsinin dekan müavini, dosent Teymur Abbasov çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikası harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın doğma yurdudur. Dünyanın bir çox ölkəsində məskunlaşmış azərbaycanlılar Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır.
Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusundakı məruzəsində dahi liderin səyi nəticəsində Azərbaycançılıq, dövlətçilik ideyalarının təbliği, vətənpərvərlik ruhunun yüksəldilməsi, qloballaşan dünyada soydaşlarımızın həmrəyliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Konfransda İqtisad fakültəsinin akademik məsləhətçisi Ruhəngiz Əliyevanın “Gənclik və həmrəylik”, tələbələrdən Nəsrin Əliyevanın “Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası”, Ülvi Quluzadənin “Dünya azərbaycanlılarının həmrəyliyi tələbələrin gözü ilə” mövzularında məruzələri dinlənilib. Məruzəçilər milli-mənəvi özünəqayıdışın, birliyin, Azərbaycançılığın rəmzi olan həmrəylik bayramının 24 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik ediblər.
Sonda tələbələrin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hazırladıqları qısametrajlı film nümayiş olunub.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR