24 Dekabr 2024, Çərşənbə axşamı

Hər il dekabrın 18-i bütün dünyada “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.
Miqrasiya müxtəlif səbəblərdən insanların bir yerdən başqa yerə köçərək daimi və müvəqqəti olaraq öz yaşayış yerini dəyişməsidir. İctimai proses olan miqrasiya hərəkatı həmçinin iqtisadi, siyasi və mənəvi amillərin təsiri nəticəsində də baş verə bilər. Müasir dövrümüzdə miqrasiya ictimai proseslərdə mühüm faktora çevrilmişdir. Dünya dövlətləri miqrasiya məsələlərinin beynəlxalq hüquq normaları ilə tənzimlənməsi və miqrantların hüquqlarının qorunması istiqamətində sıx əməkdaşlığa üstünlük verirlər. Bu gün ölkəmizdə Beynəlxalq Miqrant Gününün qeyd olunması da dövlətin miqrasiya proseslərini tolerantlıq zəminində, milli və irqi ayrı-seçkilik olmadan tənzimlənməsində maraqlı olduğunu təzahür etdirir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra miqrasiya proseslərinin həm müsbət, həm də mənfi halları ilə üzləşmişdir. Belə ki, Ermənistanın ölkəmizə qarşı işğalçı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu səbəbdən də Azərbaycan ərazisində daxili miqrant məskunlaşmış ölkəyə çevrilmişdir. Digər bir tərəfdən həmin dövrdə əmək miqrasiyası Azərbaycan vətəndaşlarının xarici ölkələrə axını ilə xarakterizə olunurdu. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə təmin olunan siyasi sabitlik və sosial-iqtisadi inkişaf xaricə miqrasiya axınının qarşısını aldı, vaxtilə ölkəni tərk etmiş şəxslərin geri qayıdışı üçün zəruri şərait yarandı. Ümummilli liderimiz müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasını, onların üzləşdiyi problemlərin həllini daim diqqət mərkəzində saxlamışdır.

Bu sahədə dövlət siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görür. Ölkə başçısı xüsusilə urbanizasiya prosesinin qarşısının alınmasını mühüm prioritetlərdən biri kimi müəyyənləşdirmişdir. Bu gün sosial ədalət prinsipinin qorunması baxımından ölkəmizin hər bir bölgəsinin tarazlı inkişafına diqqət yetirilir.
Ölkəmizdə miqrasiya sahəsində mükəmməl qanunvericilik bazası formalaşdırılmış və insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərin müddəalarının tətbiqi üçün lazımi siyasi-hüquqi baza yaradılmışdır. Bundan başqa, Azərbaycanda Miqrasiya Məcəlləsi hazır­lanaraq qəbul edilmişdir. Bu məcəllə ölkə ərazisində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Bu gün Azərbaycana gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması daha da sadələşdirilmişdir. Bütün bunlar ölkə­mizdə insan hüquqlarına verilən dəyərin nümunəsidir.
Mövcud sabitlik və sosial-iqtisadi inkişaf son illər Naxçıvan Muxtar Respublikasına miqrasiya axınlarını daha da sürətləndirmişdir. İctimai həyatın bütün sahələrində olan inkişaf, ölkəmizin dünya mədəniyyətinə və iqtisadiyyatına inteqrasiyası Azərbaycan Respublikasının mənşə ölkəsindən daha çox təyinat ölkəsinə çevrilməsinə şərait yaratmışdır. Uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının milli maraqlar çərçivəsində tənzimlənməsi və daxili əmək bazarının qanunsuz miqrantlardan qorunması təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvan uzun illərdir, blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda inkişaf edən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir”.
Miqrasiya proseslərinin dünya standartları səviyyəsində tənzimlənməsi, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının tam şəkildə müdafiəsi istiqamətində görülən tədbirlər muxtar respublikada ölkə vətəndaşları ilə yanaşı, miqrantların da sosial rifahının yaxşılaşmasının bariz nümunəsidir. Aparılan analitik təhlil və statistik məlumatlar göstərir ki, 2015-ci ilin ötən dövründə muxtar respublikada 11 min 291 əcnəbi olduğu yer üzrə qeydiyyata alınmış, 617 əcnəbiyə müvəqqəti yaşamaq, 140 əcnəbiyə isə haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmişdir.
Naxçıvan Muxtar Respublikasında bütün miqrantların hüquq və azadlıqlarının qorunması və təminatına daim diqqətlə yanaşılmış və bu istiqamətdə görülən işlər müasir standartlar səviyyəsinə çatdırılmışdır. Bu gün muxtar respublikada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün əlverişli qeydiyyat şəraiti yaradılmışdır. Ölkəmizdə miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyatın sadələşdirilmiş formada aparılması ilk dəfə Naxçıvan Muxtar Respublikasında tətbiq olunmuşdur. Hazırda məntəqələrdə bu sahədə uçot işi Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə aparılır. Miqrasiya sahəsində vətəndaşlara göstərilən xidmətin operativliyinin təmin olunması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi sahəsində hüquqi məlumatlar əldə etməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi yaradılmışdır. Saytın Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi əcnəbilərin rahatlıqla istifadə etməsinə imkan verir. Eyni zamanda sayt vasitəsilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşaması ilə bağlı elektron müraciətlərin qəbulu və operativ cavablandırılması işləri intensiv şəkildə həyata keçirilir.
Miqrasiya siyasətinin həyata keçirilməsində əsas məsələlərdən biri də ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsinin təmin edilməsidir. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq muxtar respublikada müvəqqəti yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün müxtəlif maarifləndirici tədbirlərin təşkil olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən muxtar respublikada yaşayan əcnəbilərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilir. Bundan başqa, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti yaşama icazəsinin verilməsi halları və qanunsuz miqrasiya ilə bağlı bir neçə maarifləndirmə xarakterli qısametrajlı videoçarx və slayd hazırlanaraq Naxçıvan dövlət televiziyasında nümayiş etdirilmiş və xidmətin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Muxtar respublikada miqrasiya xidməti əməkdaşlarının səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradılmış, bu il Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilmişdir. Binada yaradılan müasir şərait və güclü maddi-texniki baza xidmətin nümunəvi təşkilinə imkan verir. Kollektiv yaradılan şəraitdən istifadə edərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərini bundan sonra da daim diqqət mərkəzində saxlayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR