Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə tədbir keçirib.
Tədbiri giriş sözü ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Şahin Bəylərov açaraq geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Kəngərlilər nəslinin görkəmli nümayəndələrindən olan Cəmşid Naxçıvanski bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməyib, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qoruyub, həyatının məqsədini vətənə xidmətdə görüb. O, bu yolda bütün çətinliklərə sinə gərib, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərib. Ona görə də Azərbaycanın bu görkəmli oğlunun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.
Vurğulanıb ki, “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 aprel tarixli və “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli sərəncamları görkəmli generalın fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək Kəngərlilər nəslinin Azərbaycan hərb tarixindəki rolundan danışıb, Kəngərli generallarının keçdiyi ömür yolu barədə məlumat verib.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Mirməcid Seyidov “Gənclərə vətənpərvərlik hislərinin aşılanması” mövzusunda çıxış edib.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Şahin Bəylərov tədbirə yekun vurub.
Sonda əsgər və zabitlər Naxçıvan televiziyasının hazırladığı “Sərkərdə” sənədli filminə baxıblar.
Xəbərlər şöbəsi