1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və imzası ilə hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasına dair qərar qəbul edib.
Bu münasibətlə dekabrın 16-da Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə elmi-praktik konfrans keçirilib.
Konfransı açan Heydər Əliyev adına tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb.
Namiq Məmmədov qeyd edib ki, 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin imzası ilə qəbul edilən qərar bir tərəfdən böyük liderin uzun illərdən bəri uğrunda mübarizə apardığı amalın təntənəsi idisə, digər tərəfdən müstəqilliyin bərpa olunmasından sonra bütün dünyaya səpələnmiş milyonlarla azərbaycanlını vahid ideologiya ətrafında birləşdirmək məramına xidmət edirdi.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən respublikanın gələcək müstəqilliyini aydın görüb, özünün bütün fəaliyyətini ümummilli mənafelərin həyata keçirilməsinə həsr edib. 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına, 1993-cü ildən isə müstəqil Azərbaycana rəhbərlik edərkən O, Azərbaycançılıq məfkurəsini xalqımızın vahid milli ideyası kimi irəli sürüb, onu daha da inkişaf etdirərək milli ideologiyamızın nəzəri və təcrübi konsepsiyasını yaradıb, dövlətçilik ideologiyası kimi inkişaf etdirib. Yeni Azərbaycan Partiyasının proqramındakı ideoloji prinsiplər də öz mayasını məhz bu amaldan götürüb. Bu baxımdan ulu öndərin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, əslində, milli ideologiyamızın tarixi-nəzəri konsepsiyasıdır.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri vurğulayıb ki, ölkəmizin tam siyasi-iqtisadi müstəqilliyi, milli-mənəvi dəyərlərin qorunması şərti ilə ümumbəşəri dəyərlərə inteqrasiyası təmin olunub, müstəqil, müasir, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu uğurla aparılıb. Sosial ahəngdarlığın və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən sosial dövlətçilik və sosial ədalət təmin edilib. Bütün bunlar milli ideologiyamızın və inkişaf strategiyamızın başlıca prinsiplərini təşkil edir. Hazırda milli ideologiya bütün prinsiplər üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı konfransın məhz dekabrın 16-da keçirilməsi Azərbaycan xalqını vahid bayraq altında, Azərbaycançılıq ideologiyası ətrafında birləşdirən ulu öndər Heydər Əliyevin xatirəsinə dərin hörmətin növbəti ifadəsidir.
Heydər Əliyev adına tam orta məktəbin müəllimi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Könül Mirzəyeva “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda çıxışında qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Sərəncamı ilə ilk dəfə olaraq 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Məhz bundan sonra dünyanın siyasi xəritəsi üzrə səpələnmiş milyonlarla azərbaycanlı təşkilatlanmağa başlayıb, vahid Azərbaycançılıq ideyası və müstəqil dövlətimizin bayrağı altında birləşərək ümummilli həmrəylik ideyası uğrunda səfərbər olub.
Heydər Əliyev adına tam orta məktəbin tarix müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şəfiqə Əhmədova “Dövlətçiliyimiz möhkəm təməllərə əsaslanır” mövzusundakı çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. Milli ordu formalaşdırılıb, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.
Konfransın sonunda tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə və rəsm sərgisinə baxıblar.
Səbuhi Həsənov