24 Dekabr 2024, Çərşənbə axşamı

1 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına işgüzar səfər etmişdir. Səfər zamanı Prezident səhiyyə, nəqliyyat, sənaye, yenilənən enerji layihələri və təmiz su təchizat infrastruktur obyektlərinin açılış mərasimində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşayiət etmişdir. Azərbaycan Respublikasının Prezidentinə Naxçıvanın əldə etdiyi iqtisadi nailiyyətlər barədə məlumat verilmişdir. Prezident İlham Əliyev Sənaye Kompleksinin açılışında iştirak etmişdir. Yeni sənaye parkı 9 hektar ərazini əhatə edir və özündə gips, əhəng və məsaməli beton istehsal edən zavodları birləşdirir. Zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaqdır. Qeyd olunmalıdır ki, əhəng zavodu illik 36 min ton, gips zavodu 40 min ton, beton zavodu isə 2 milyon kvadratmetr istehsal gücünə malikdir. Azərbaycan Prezidenti zavodun istehsal sahələrini gəzmiş və qeyd etmişdir ki, bu zavod Naxçıvanın iqtisadi inkişafında mühüm rol oynayacaq, həmçinin burada işçilərə yaradılan yüksək səviyyəli iş şəraiti yalnız Azərbaycanda deyil, demək olar ki, cənub-qərbi Asiya regionunda yeganədir.

Bundan başqa, Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın açılışında da iştirak etmişdir. Ali Məclisin Sədri Vasif Talıbov və Cahangir Əsgərov dövlət başçısına hava limanında aparılan təmir işlərindən sonra terminalın texniki göstəriciləri barədə məlumat vermişlər. Terminalda hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı və uzunluğu 41 metr olan baqaj konveyeri quraşdırılmışdır. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsinin saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcəkdir. Naxçıvan Beynəlxalq Hava Limanından Bakı, İstanbul və Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Bir müddətdən sonra Gəncə şəhərinə də birbaşa uçuşların bərpası nəzərdə tutulur.
Prezident ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində olan abidəsi önünə gül qoymuşdur. Ali Məclisin Sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat vermişdir.
Sonra Prezident İlham Əliyev Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu, Babək rayonunun Nehrəm kənd 2 saylı orta məktəbi və Naxçıvan şəhərindəki 2 saylı uşaq musiqi məktəbinin açılışında iştirak etmişdir.
Əlavə olaraq Azərbaycan Respublikasının dövlət başçısı Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışını etmişdir. Bu tibb müəssisəsi 1920-ci ildə şəhər xəstəxanası kimi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanasının binasında tikinti işləri 1979-cu ildə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə başlamış və 1987-ci ildə tamamlanmışdır. Bu binada son əsaslı təmir işləri isə 2013-cü ildə başlamış və qısa müddət ərzində tamamlanmışdır.
Muxtar respublikaya səfərinin sonunda İlham Əliyev Naxçıvan şəhərinin su təchizatı sisteminin açılışında iştirak etmişdir. Bu münasibətlə dövlət başçısına məlumat verilmişdir ki, şəhərin su və kanalizasiya sisteminin tikintisi Asiya İnkişaf Bankı ilə Azərbaycan dövləti arasında imzalanan kredit sazişinə əsasən həyata keçirilib. Şəbəkənin tikintisi 2010-cu ildə başlayıb. Layihə çərçivəsində 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi və 219.040 metr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müşayiəti ilə Babək rayonunun Xal-xal kəndi yaxınlığında yerləşən Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Elektrik stansiyası 35 hektar ərazini əhatə edir. 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyi və Belçika Krallığının “Soltech” şirkəti arasında imzalanan müqavilə əsasında həyata keçirilmişdir. Stansiyada 78 min 684 ədəd müasir şüşə tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyaları quraşdırılıb, eləcə də tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan artıq texnika və 400 nəfərdən artıq işçi cəlb olunmuşdur. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox enerji istehsal olunacaq. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndələri ilə görüşdükdən sonra Prezident İlham Əliyev öz işgüzar səfərini bitirərək Naxçıvan Beynəlxalq Hava Limanından Bakı­ya yola düşmüşdür. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin 2015-ci ildə həyata keçirdiyi ən mühüm səfərlərindən biri idi.

Peter Tase
09.12.2015
Amerika Birləşmiş Ştatlarının
“Eurasia review” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR