24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 16-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən keçirilən “Naxçıvan: müstəqillik illərində” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olmuşdur.
Əvvəlcə tədbirin aparıcıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin, o cümlədən muxtar respublikamızın çoxşaxəli inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən, müstəqillik illərində Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən danışmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirmişdir ki, dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması isə muxtar respublikamızda gənclər sahəsində görülən işlərə daha bir təkan vermişdir. Fond ötən dövr ərzində muxtar respublikada gənclərlə bağlı layihələrin və tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamış, bu istiqamətdə bir sıra işlər görmüşdür. Bu gün artıq yekun tədbirinə toplaşdığımız “Naxçıvan: müstəqillik illərində” yaradıcılıq müsabiqəsi də belə tədbirlərdən biridir.
Qeyd olunmuşdur ki, teleradio verilişi, qəzet məqaləsi, rəsm əsəri, ədəbi yaradıcılıq, musiqi və elmi məqalə kateqoriyaları üzrə keçirilən müsabiqəyə 104 iştirakçı tərəfindən 24 teleradio verilişi və videoçarx, 46 qəzet məqaləsi, 26 rəsm əsəri, 20 ədəbi yaradıcılıq, 6 musiqi əsəri və 8 elmi məqalə olmaqla, cəmi 130 material təqdim olunmuşdur. Müsabiqəyə təqdim olunan işlər bədii səviyyəsi və keyfiyyəti, ideyanın orijinallığı, savadlı kompozisiya həlli, işin təsiredici qüvvəyə malik olması, mövzunun asan qavranılması, yaradıcı yanaşma və digər meyarlar əsasında qiymətləndirilərək qaliblər müəyyənləşdirilmişdir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 2 birinci, 3 ikinci, 4 üçüncü və 5 həvəsləndirici yer müəyyənləşdirilmişdir. Birinci, ikinci və üçüncü yerlərin qalibləri üçün pul mükafatları və diplom, həvəsləndirici yer üçün isə qiymətli hədiyyə və diplom nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev vurğulamışdır ki, müstəqillik illərində ölkəmizdə və muxtar respublikada əldə edilən sürətli inkişafın fonunda ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz də çox böyük uğurlar əldə etmişdir. Müstəqillik illərində şair və yazıçılarımız onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmişlər. Onların mindən artıq kitabı çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinin sayı 80 nəfərədək artmışdır. Bu illərdə muxtar respublikada 10-dan artıq ədəbi almanax işıq üzü görmüşdür. Birlik üzvü olan şair və yazıçılarımızdan, filoloq-alimlərimizdən 22-si Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşdür. Yazıçılardan 3-ü “Şöhrət” ordeni, biri “Şərəf” ordeni, 8-i “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 12 nəfər yazıçımız Azərbaycan Prezidentinin fərdi mükafatına və təqaüdünə layiq görülmüşdür ki, onlardan da 4-ü gənc­lərdir.
Diqqətə çatdırılmışdır ki, Naxçıvanın müstəqillik illərindəki inkişafı şair və yazıçılarımızın əsərlərində böyük ilhamla tərənnüm olunur. 10-15 il bundan əvvəl Naxçıvana həsr olunmuş bir poema olmadığı halda, bu gün Naxçıvanla bağlı iyirmiyə yaxın poema yazılmışdır. Şair və yazıçılar tərəfindən “Naxçıvan: müstəqillik illərində” adlı yaradıcılıq müsabiqəsinə bu il 20 əsər təqdim olunmuşdur. Bu əsərlər içərisində şeir və hekayələr, poemalar, dram əsərləri də vardır. Müsabiqədə gənc şair və yazıçılar daha fəal iştirak etmişlər. Onların şeir və hekayələrində qədim diyarımız böyük sevgi ilə tərənnüm olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli qeyd etmişdir ki, muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Bu gün bir-birindən rəngarəng proqram və verilişlərlə 17 saat efirdə olan Naxçıvan teleradiosu dünyanın ən müasir efir və çəkiliş avadanlıqları ilə təmin olunmuşdur. Teleradiomuzun hər bir əməkdaşı göstərilən yüksək diqqət və qayğıya öz əməli işi və fəaliyyəti ilə cavab verməyə çalışır. “Naxçıvan: müstəqillik illərində” yaradıcılıq müsabiqəsinə də fəal qoşulan əməkdaşlarımız müsabiqəyə 20 material təqdim etmiş, dövlətimizin bizə göstərdiyi yüksək qayğı müqabilində dəyərli film və verilişlər hazırlamağı özünün mənəvi borcu bilmişdir.
“Qədim Naxçıvan həmişə özünün zəngin mədəniyyəti və incəsənəti ilə xalqımızın tarixində əvəzsiz rol oynamışdır”, – deyən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva demişdir ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda bütün sahələr kimi, rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüşdür. Belə ki, müstəqillik illərində Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin muzeyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu təşkil edilmiş, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində və Naxçıvan Müəllimlər İnstitutunda Memarlıq və Təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalereyası, 10 məktəbdənkənar müəssisədə və 3 uşaq incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir. Bu məktəblərdə gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi muxtar respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısının daha bir əyani təzahürü olmuşdur. Bu gün ətrafında 50-yə yaxın üzvü birləşdirən Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında özünəməxsus rola malikdir. Rəssamlarımız mütəmadi olaraq muxtar respublika, ölkə­miqyaslı və beynəlxalq sərgi və festivallarda doğma Naxçıvanımızı yüksək səviyyədə təmsil edirlər.
Naxçıvan Muxtar Respublikasında mətbuata göstərilən diqqət və qayğıdan danışan “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmiş, əməkdaşlar üçün müasir iş şəraiti yaradılmış, qəzetlərin rəngli nəşrinə başlanmışdır. Bütün bunlarla yanaşı, qəzet əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Son illər “Şərq qapısı” qəzeti redaksiyası işçilərinin əməkhaqları dəfələrlə artırılmış, redaksiya yeni xidməti avtomobillərlə təmin olunmuşdur.
Vurğulanmışdır ki, Naxçıvan mətbuatı öz tarixi ənənələrinə söykənərək bu gün də ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Heç şübhəsiz ki, bu fəaliyyətin bir hərəkətverici qüvvəsi var – o da mətbuata göstərilən dövlət qayğısıdır.
Çıxış edənlər qalibləri təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşı Elxan Yurdoğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Faiq Abbasoğlu birinci, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı İradə Quliyeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi İsmayıl İsmayıllı, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasım­ov ikinci, “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Muxtar Rzazadə, “Şərurun səsi” qəzetinin redaktoru Elman Məmmədov və “Şərq qapısı” qəzetinin əməkdaşı Səbuhi Hüseynov üçüncü yerlərə layiq görülmüşlər. Qaliblərə pul mükafatı və diplomlar təqdim olunmuşdur.
Müsabiqədə 5 nəfərə həvəsləndirici mükafatlar verilmişdir.
Müsabiqə qaliblərindən Şəmsəddin Qasımov, Elxan Yurdoğlu, İradə Quliyeva, Şəhla Nəbiyeva, Muxtar Rzazadə və digərləri çıxış edərək muxtar respublikada kütləvi informasiya vasitələrinə, o cümlədən yaradıcılıqla məşğul olan insanlara göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyası solistlərinin ifasında mahnılar səsləndirilmiş, rəqs kollektivləri milli rəqslərimizi ifa etmişlər.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR