Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şahbuz rayonunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon Polis Şöbəsinin sahə inspektorları və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər. Məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açaraq son illərdə rayonda əhalinin məşğulluğunun təmin olunması sahəsində görülən işlərdən, hazırda əmək miqrantlarının maraq göstərdiyi sahələrdən, bu sahələrdə yerli ixtisaslı kadrların yerləşdirilməsinin vacibliyindən söhbət açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Şahin Nəbiyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların ölkəmizdə işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat verərək bildirib ki, muxtar respublikada 10 gündən artıq müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir və bu məlumat əsasında onlar olduqları yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar.
Şahin Nəbiyev deyib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsilə müraciət etməlidirlər.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Zakir Məmmədovun və Rahib Kərimovun çıxışları olub. Çıxışlarda miqrasiya sahəsində ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlərdən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətindən, onların ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılmasından, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsindən söhbət açılıb. Bundan başqa, ölkə ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə də tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov yekun vurub.
Xəbərlər şöbəsi