Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində muxtar respublikada arxivin yaradılmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan ulu öndərin əzəmətli abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində davam etdirilən tədbirdə idarənin rəisi Fəxrəddin Cəfərov çıxış edib. Bildirilib ki, muxtar respublikamızda arxiv işinin əsası 1925-ci ildə Mərkəzi Dövlət Arxivinin yaradılması ilə qoyulub, 1930-cu ildə isə Naxçıvan Arxiv İdarəsi təşkil edilib. Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi 1960-cı ilə qədər Naxçıvan Daxili İşlər Komissarlığının tabeliyində fəaliyyət göstərib, 1960-cı ildən sonra hər iki qurum Daxili İşlər Komissarlığının tabeliyindən çıxarılıb və Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin tabeliyinə verilib. Muxtar respublikada arxiv işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər müstəqillik illərində böyük sürətlə davam etdirilib.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 6 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi yaradılıb. Bu gün Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi öz ətrafında bir Mərkəzi Dövlət Arxivi və 7 rayon Dövlət Arxivini birləşdirir.
Qeyd olunub ki, fəaliyyəti dövründə Arxiv İdarəsinin fonduna mühüm sənədlər toplanıb. Arxivdə 1023 fondda 80 mindən çox kağız əsaslı idarəçilik işi, elm, mədəniyyət, ədəbiyyat və incəsənət, dövlət xadimlərinin 2 minə yaxın işdən ibarət elmi və texniki sənədləri, 84 minə yaxın foto və 4 mindən çox kino sənədi mühafizə olunur. Burada 1831-ci ildən günümüzədək bir çox qiymətli sənədlər qorunur. Bu sənədlər içərisində Naxçıvan qəza polis idarəsinə, xalq məktəbləri müdiriyyətinə, hərbi komissarlığa, torpaq şöbəsinə, Culfa, Şahtaxtı gömrük məntəqələrinə, Culfa poçt-teleqraf kontoru və digər təşkilatlara aid materiallar vardır.
Fəxrəddin Cəfərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün muxtar respublikada tarixi keçmişimizi özündə yaşadan arxiv sənədlərinin qorunması və saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci ildə istifadəyə verilən yeni bina arxiv işçilərinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Yaradılan yüksək şərait arxiv fondlarında saxlanılan yüz minlərlə sənədin etibarlı şəkildə mühafizə olunmasına imkan verir.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Zülfiyyə İsmayılovanın, aparıcı mütəxəssis Zərifə Abdullayevanın çıxışları olub.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclis Sədrinin “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında 10 dekabr 2015-ci il tarixli Sərəncamını oxuyub, təltif olunan arxiv işçilərinə “Rəşadətli əməyə görə” nişanını təqdim edib.
Xəbərlər şöbəsi