Mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı hər zaman ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq.
Bu fikirləri Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağında “Ulu öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilən elmi konfransdakı çıxışında səsləndirib.
Rektor xalqımızı bəlalardan xilas etməyi, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edib. Vurğulanıb ki, ulu öndər hər zaman xalq ilə birgə olub, onunla nəfəs alıb, həyatının mənasını xalqına xidmətdə görüb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid “Ulu öndər Heydər Əliyevin siyasi irsində Azərbaycançılıq ideologiyası” mövzusunda məruzə edərək 1969-cu ildən 2003-cü ilədək Azərbaycan siyasi mühitinə Heydər Əliyev epoxası kimi daxil olan böyük bir tarixi dövrü şərh edib. Bu illəri dahi rəhbərin Azərbaycançılıq təliminin möhtəşəm təntənəsi kimi dəyərləndirib. Məhz həmin illərdə dahi rəhbərimiz tərəfindən Azərbaycançılıq ideologiyasının əsas müddəaları, başlıca prinsipləri sistemli şəkildə işlənib hazırlanıb və cəmiyyət həyatının bütün sahələrində öz ifadəsini tapıb.
Vurğulanıb ki, bu gün gələcəyə inamla irəliləyən Azərbaycan dahi liderin ideyalarının davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsini yaşayır.
Universitetin Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri” mövzusundakı məruzəsində qeyd edib ki, ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan ulu öndərimiz bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər verib, sadalanan prinsiplər dahi rəhbərin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edib.
Qeyd olunub ki, Heydər Əliyevin ədəbiyyat təlimi, sözün həqiqi mənasında, əsl professionallığa əsaslanır. Görkəmli dövlət xadiminin ayrı-ayrı sənətkarlıq nümunələri, konkret bədii əsərlər, teatr tamaşaları haqqındakı mülahizələri ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin ən yüksək tələbləri və prinsiplərindən ucada dayanır.
Sonra Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyevanın, universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədovanın məruzələri dinlənilib.
Elmi konfransda milli dövlətçiliyimizin memarı və qurucusu olan xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.
Mina QASIMOVA