24 Dekabr 2024, Çərşənbə axşamı

 Şərur rayonu

Bu qədim oğuz-türk yurdu öz inkişaf yoluna ötən əsrin 70-ci illərində – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qədəm qoyub. Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, ulu öndərimizin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib.

Məhz ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində ötən əsrin 70-ci illərindən başlayaraq Şərur rayonunda kənd təsərrüfatında mühüm irəliləyişlər əldə olunub. Həmin dövrdə respublikamızda bərqərar olan sosial-iqtisadi inkişaf rayona da sirayət edib. Geniş aqrar sənaye komplekslərinin yaradıldığı Şərur rayonu həmin illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub. Buna görə də rayon sakinləri ümummilli lideri­mizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər bu bölgəyə yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Ötən əsrin 90-cı illərində muxtar respublikanın ağır blokada şəraitində yaşaması, hakimiyyətdə olan bəzi qüvvələrin regiona ögey münasibət göstərməsi bütün rayonlar kimi, Şərur bölgəsinə də öz mənfi təsirini göstərib. Uzun illər boyu, minbir əziyyətlə yaradılan müəssisələr iflic vəziyyətinə düşərək fəaliyyətini dayandırıb. Kənd təsərrüfatı sahəsində ciddi problemlər özünü göstərib. Lakin ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə, eləcə də xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın hər bir rayonu kimi, Şərura da böyük diqqət və qayğı göstərilib.
Bu ənənə hazırda da davam etdirilir. Dövlətimizin diqqət və qayğısı sayəsində regionların inkişafını nəzərdə tutan dövlət pro­qramlarının uğurla reallaşması nəticəsində Şərur rayonunda bütün sahələr, o cümlədən iqtisadiyyat inkişaf edib, yeni iş yerləri açılıb.
Qurucu rəhbərin göstərişlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi nəticəsində rayonda bir sıra infrastruktur layihələri həyata keçirilib, onlarla müasir bina inşa olunub. Müstəqillik illərində rayonda 1 şəhər və 35 kənd mərkəzi, 40 məktəb binası, 33 kənd yaşayış məntəqəsində səhiyyə ocaqları, 3 kənd uşaq musiqi məktəbi, 33 kənd mədəniyyət müəssisəsi, 1 idman obyekti üçün yeni binalar tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. Belə qayğıdan rayonun digər idarə, müəssisə və təşkilatlarına da pay düşüb. Demək olar ki, rayonun bütün idarə, müəssisə və təşkilatları müasir binalarda fəaliyyət göstərir.
Bu gün muxtar respublikanın bütün regionları kimi, münbit torpağı olan Şərur rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri bu qədim diyarın simasını daha da gözəlləşdirib, tanınmaz dərəcədə dəyişib. Bu isə yerli əhalinin gün-güzəranını, yaşayış səviyyəsini xeyli yaxşılaşdırır, onlarda Vətənə, torpağa olan sevgini, eləcə də el-obaya olan bağlılığı daha da artırır. Tarixən qoçaq, zəhmətkeş, əməksevər olan şərurlular yaradılan şəraitdən bəhrələnərək muxtar respublikamızın sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər.
Dövlətə, dövlətçiliyə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna həmişə sədaqətli olan şərurlular bu gün respublika Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşir, onun yeritdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Şərurluların bu fəal vətəndaş mövqeyi muxtar respublika iqtisadiyyatının güclənməsinə verdikləri sanballı töhfələrdə özünü daha qabarıq göstərir.
Dahi rəhbərin anım günündə şərurlular ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dekabrın 12-də Şərur şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilib.

Babək rayonu

Muxtar respublikamızın ərazisinə və əhalisinə görə böyük rayonlarından biri olan Babək rayonunun yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanın ucqar rayonlarının iqtisadiyyatını möhkəmləndirmək siyasətinin nəticəsi kimi 1978-ci il oktyabrın 23-də təşkil olunmuş bu rayona mərkəzi hakimiyyətin iradəsinin əksi olaraq Babək adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.

Bu gün 73 minə yaxın əhalisi olan Babək rayonu 36 kənd və bir qəsəbədən ibarətdir. Rayon mərkəzi Babək qəsəbəsi və bir sıra iri kəndlər muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinə yaxın olan yaşayış məntəqələri kimi sürətlə inkişaf edirlər. Belə coğrafi imkan rayonun digər yaşayış məntəqələrinin də simasının sürətlə dəyişilməsinə, əhalinin rifahının şəhər standartlarına çatmasına imkan yaradır. Babəkin şəhərə yaxın kəndləri ilə yanaşı, ucqar yaşayış məntəqələri də inkişaf edir. Bu gün Nehrəmdə, Qahabda, Kərimbəylidə, Şıxmahmudda yaradılmış müasir şəraitin eynisi ucqar dağ kəndləri olan Göynükdə, Nəhəcirdə, Naxışnərgizdə, Yuxarı Buzqovda da vardır.
Ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi sayəsində 2002-ci illə müqayisədə Babək rayonunda sənaye məhsulunun həcmində 36,9 dəfə artım olmuşdur. Hazır­da Babək rayonunda fəaliyyətdə olan müxtəlif istehsal müəssisələrinin sayı 23-ə çatmışdır. Rayon ərazisində iri daş məhsulları, kərpic, beton məmulatları və mineral su istehsalı müəssisələri ilə yanaşı, kiçik sahibkarlıq obyektləri də vardır. Nehrəmdə və Şıxmahmudda gəc istehsalı sahələrini, Cəhri, Sirab və Hacıvardakı un dəyirmanlarını və digər kəndlərdəki istehsal sahələrini də nəzərə alsaq, burada çox sayda babəklinin işlə təmin olunduğunu görmək olar. Şübhəsiz, Babək rayonunun təbii sərvətləri, burada sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı daha çox sayda istehsal sahəsinin yaradılmasına imkan verir.
Ötən dövrdə təkcə Babək qəsəbəsində 20-dən çox sosial obyekt, 3 idman obyekti, 20 kənddə kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir.
Abad yurd yolundan bəlli olar, – deyiblər. Babək rayonu da rahat yol-nəqliyyat infrastrukturuna malikdir. Son illərdə burada genişhəcmli Hacıvar-Vayxır-Sirab və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları inşa olunmuş, görülmüş kompleks yol infrastrukturu işləri nəticəsində 400 kilometrdən çox yeni yol çəkilmiş, kəndlərdən rayon mərkəzinə və Naxçıvan şəhərinə gediş-gəliş xeyli dərəcədə asanlaşmışdır. Ötən illər ərzində Babəkdə mədəniyyətin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Bu dövrdə rayonda 22 mədəniyyət müəssisəsi üçün yeni binalar istifadəyə verilmişdir.
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi muxtar respublikamızın hər yerində olduğu kimi, Babək rayonunda da böyük ehtiramla anılmışdır. Həmin gün rayon mərkəzinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdir. Rayon sakinləri müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişlər.

Ordubad rayonu

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda dahi rəhbərin qurub-yaratdıqlarını sadalamaqla bitməz. Rayonun hərtərəfli inkişaf etdirilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb. Qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonlarında qədim yurd yerimizin insanları böyük çətinliklərlə üzləşmişdilər. Ancaq dahi rəhbərin muxtar respublikaya gəlişindən sonra digər bölgələrimiz kimi, Ordubad da sürətli inkişaf yoluna qədəm qoydu. Sonrakı dövrdə rayonda vəziyyət müsbətə doğru dəyişildi, bütün sahələrdə böyük problemlərin olduğu bölgəmizdə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində ictimai-siyasi sabitlik, əmin-amanlıq bərpa edildi, iqtisadi böhranın aradan qaldırılması üçün ilkin zəruri addımlar atıldı. Rayonun müxtəlif sahələrdə inkişafına əhalinin bütün təbəqələri cəlb edildi, məşğulluq probleminin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirildi, azad sahibkarlıq üçün geniş imkanlar yaradıldı, dağıdılmış aqrar sahə bərpa edildi.
Son illərdə Ordubad rayonunda əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, ulu öndərimizin Naxçıvanın inkişafı naminə başlatdığı işlər uğurla davam etdirilib. Elə buna görə də həyata keçirilən tədbirlərin parlaq nəticələrini rayonun hər bir yaşayış məntəqəsində görmək olar. İllər ötdükcə, Naxçıvanda gedən inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün bölgələr kimi, Ordubadın da sosial-iqtisadi inkişafına öz töhfələrini verdikcə, rayon iqtisadiyyatının daha da güclənməsi səbəbindən əhalinin gün-güzəranı yaxşılaşdıqca qədirbilən ordubadlılar görülən işlərin əsl mahiyyətini daha yaxşı, daha dərindən dərk edirlər. Çünki bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni tikililər, bərpa olunan tarixi abidələr, salınan park və xiyabanlar qədim yurd yerinə müasir görkəm gətirib. Ümumiyyətlə, müstəqillik illərində 70-dən çox obyekt inşa edilərək və ya yenidən qurularaq istifadəyə verilib, onlarla yaşayış məntəqəsi, eləcə də ucqar dağ yaşayış məntəqələri abad kəndlər sırasına qoşulub. Ötən müddətdə 27 ümumtəhsil, 1 musiqi məktəbi, 1 uşaq bağçası, 24 səhiyyə, 1 idman, 29 mədəniyyət obyekti inşa edilərək istifadəyə verilib, 15 kənd mərkəzi həyata vəsiqə alıb. Görülən işlərin nəticəsidir ki, bu gün Ordubad tarixiliyini saxlamaqla ən abad və müasir bir rayona çevrilib. Bütün bunlar Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizin gələcəyi üçün gördüyü işlərə, insanların rifahı naminə misilsiz xidmətlərinə, bugünkü əmin-amanlığa, firavanlığa görə xalqımızın böyük oğlu rayon sakinləri tərəfindən həmişə minnətdarlıqla xatırlanır, ümummilli liderimizin xatirəsi əziz tutulur. Dahi rəhbərin xatirəsinə sonsuz ehtiram dünən bir daha ifadə olunub. Ulu öndərin anım günündə rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gələrək ona sevgi və ehtiramlarını bildirib, ən böyük azərbaycanlının əziz xatirəsini bir daha yad ediblər.

Culfa rayonu 

Muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonunun sakinləri də ümummilli liderin anım günündə Onun əziz xatirəsini böyük ehtiramla yad edirlər. Rayonun hansı səmtinə üz tutsan, orada dahi rəhbərin ideyalarının uğurla davam etdirildiyinin şahidi olarsan.
Culfa rayonu istər tarixi-mədəni, istərsə də strateji baxımdan regionun mühüm əhəmiyyət kəsb edən ərazilərindən biridir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə digər rayonlar kimi, Culfa rayonunun da sosial, iqtisadi, mədəni yüksəlişinə daim qayğı ilə yanaşmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının muxtar respublikamızda uğurlu davamının nəticəsidir ki, digər rayonlarda olduğu kimi, Culfa rayonunda da kompleks quruculuq tədbirləri həyata keçirilmiş, son illər rayonda 7036 şagird yerlik 19 ümumtəhsil məktəbi, 2 musiqi məktəbi, 2 uşaq bağçası, 5 məktəbdənkənar müəssisə, 23 səhiyyə obyekti, 11 mədəniyyət müəssisəsi üçün yeni bina, 15 kənd mərkəzi istifadəyə verilmiş, obyektlər müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonda həyata keçirilən tədbirlər gələcəyimiz olan uşaqların yaxşı təhsil almasına, sağlam böyüməsinə, rayon sakinlərinin rahat yaşamasına və asudə vaxtının səmərəli keçirilməsinə, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına zəmin yaratmışdır.
Culfa şəhəri də aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl bir məkana çevrilmişdir. Bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin istifadəsinə verilmişdir. Həmçinin əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, əhalinin məşğulluğu təmin olunmuş, maddi rifah halı daha da yaxşılaşmışdır.
Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilir. Böyük liderə olan ehtiramın ifadəsidir ki, rayon sakinləri ulu öndərin anım günündə bir daha dahi rəhbərin əziz xatirəsini yad etmiş, Onun Culfa Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış büstünü ziyarət etmişlər.

Kəngərli rayonu 

Dünən xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əziz xatirəsi Kəngərli rayonunda da böyük izdihamla, hörmət və ehtiramla anılıb. Ulu öndərimizin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon sakinləri ümummilli lideri­mizin əziz xatirəsini yad etməklə dahi şəxsiyyətə və Onun nurlu yoluna olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzində əzəmətlə ucaldılan abidəsi minlərlə insanın axın etdiyi məkana çevrilib.
Kəngərli rayonunun yaradılması və bugünkü inkişafı da ulu öndərimizin yolunun uğurlu davamının nəticəsidir.
Yeni rayonun yaradılması, yeni idarə, müəssisə və təşkilatların fəaliyyətə başlaması mindən çox iş yerinin yaranmasına, bölgə iqtisadiyyatının güclənməsinə, ailələrin məskunlaşmasına şərait yaratdı. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa müddət ərzində muxtar respublikanın digər rayonlarının inkişaf səviyyəsinə çatdı.
Ötən müddət ərzində rayonda genişhəcmli quruculuq işləri aparılıb. Muxtar respublikamızda artıq ənənə halını almış kənd mərkəzlərinin tikintisi Kəngərli rayonunun bütün yaşayış məntəqələrini əhatə edib. Hazır­da rayonun Yurdçu kəndində orta məktəb, kənd və xidmət mərkəzləri üçün binaların tikintisində son tamam­lama işləri aparılır. Bu işlər tamamlandıqdan sonra Kəngərli rayonu muxtar respublikada bütün yaşayış məntəqələrinin abadlaşdırıldığı ilk rayon olacaq.
Rayon mərkəzi Qıvraq qəsəbəsində hər il yeni binaların istifadəyə verilməsi qəsəbənin simasını xeyli dəyişib. Ötən il burada Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi, Elektrik Şəbəkəsi üçün yeni binalar və “Qıvraq” elektrik yarım­stansiyası istifadəyə verilib. Bu il isə qəsəbədə yeni Ticarət-İaşə və Bazar Kompleksi tikilib. Bundan əlavə, istifadəyə verilən tikililərin ətrafı abadlaşdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub. Son illərdə görülən işlərin nəticəsidir ki, rayonda bütün kənd yolları abadlaşdırılıb.
Əldə olunan nailiyyətlər təkcə iqtisadi sahələri əhatə etmir. Mədəniyyət, təhsil, səhiyyə kimi humanitar sahələr də öz inkişafının yeni mərhələsindədir. Kəngərli rayonunun sakinləri bütün bu uğurlara görə əbədiyaşar liderimiz Heydər Əliyevə borclu olduqlarını dərindən dərk edirlər.

Şahbuz rayonu 

12 dekabr müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün kimi bütün azərbaycanlılar tərəfindən ehtiramla anılır. Bu gün ölkəmizin hər yerində dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında xidmətləri, Onun tükənməz Vətən sevgisi bir daha ümumxalq sevgisi ilə xatırlanır. Müstəqil Azərbaycanın güclü bir dövlət kimi yaşaması, ölkəmizin hər yerində insanların azad, xoşbəxt bir vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsi ulu öndərimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir.
Şahbuz rayonu da ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi yolu ilə inamla irəliləməkdədir. Müstəqillik illərində rayon iqtisadiyyatı inkişaf etdirilmiş, əhalinin güzəranı qat-qat yaxşılaşmışdır. Şahbuzun, demək olar ki, bütün yaşayış məntəqələri müasirliyə qovuşmuş, rahat yol və nəqliyyat, etibarlı enerji və rabitə infrastrukturu yaradılmışdır. Bu dövrdə rayonda 21 məktəb, 3 musiqi məktəbi, 1 uşaq bağçası, 1 məktəbdənkənar müəssisə, 22 səhiyyə, 21 mədəniyyət, 2 idman obyekti, 19 kənd mərkəzi üçün yeni binalar tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Öz firavan həyatını qurmuş şahbuzlular ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərini, ölkəmizin, muxtar respublikamızın çətin dövrlərindəki xilaskarlıq missiyasını həmişə minnətdarlıqla xatırlayırlar.
Dünən Şahbuz rayon əhalisi görkəmli dövlət xadimi Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyəti önündə ucaldılmış büstünü ziyarət etmişlər. Ulu öndərin Vətəninə, xalqına xidmətləri dərin minnətdarlıqla anılmışdır.

Sədərək rayonu 

Naxçıvan Muxtar Respublikasının sərhəd bölgəsi olan Sədərək rayonunun yaradılması, inkişafı və tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sədərək rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilmişdir. Rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur.
Ötən əsrin 90-cı illərində Sədərək mənfur ermənilər tərəfindən mütəmadi hücumlara məruz qalmışdır. Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər getmişdir. Həmin illərdə buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu hücumların qarşısının alınması üçün misilsiz xidmətlər göstərmiş, dünya ölkələrinin diqqətini burada baş verən hadisələrə yönəltmişdir. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınmış, rayonun müdafiəsi üçün mühüm addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1 qəsəbə və 2 kənd yaşayış məntəqəsindən ibarət olan Sədərək rayonu ötən dövrdə böyük inkişaf yolu keçərək hərtərəfli tərəqqiyə qovuşmuşdur. 1996-cı ildən 1 noyabr 2015-ci ilədək rayonda 1782 şagird yerlik 4 ümumtəhsil məktəbi, 1 uşaq musiqi məktəbi, 2 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 4 mədəniyyət obyekti, 2 idman obyekti, 2 kənd mərkəzi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Rayon mərkəzi olan Heydər­abad qəsəbəsinin siması büsbütün dəyişmiş, yeni park və küçələr salınmış, yaşıllıqlar yaradılmış, rayonun bütün daxili yolları abadlaşdırılmışdır.
Təbii ki, sədərəklilər bu gün ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla anırlar. Bu böyük sevgi və ehtiramı rayon ictimaiyyəti dünən Türk dünyasının böyük oğlu Heydər Əliyevin Heydərabad qəsəbəsində əzəmətlə ucalan abidəsini ziyarət etməklə bir daha göstərdi.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR