Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin müdafiəsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Müdrik rəhbərin səyləri nəticəsində hərbi təhsil sahəsində köklü islahatlar aparılmış, yeni hərbi məktəblər fəaliyyətə başlamışdır. Ulu öndərimizin 13 mart 1998-ci il tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmışdır.
1999-cu ilin oktyabr ayında muxtar respublikanın 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn dahi şəxsiyyət Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yeni tədris korpusunun təntənəli açılışı mərasimində demişdir: “Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənclərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. ...Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, Sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.
2001-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının ilk buraxılışının 50 nəfər məzunundan 49-u ali hərbi məktəblərə qəbul olunmuşdur. 2002-ci ilin iyun ayında muxtar respublikaya növbəti səfəri zamanı ulu öndər Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialını da ziyarət edərək qeyd etmişdir ki, zabit-müəllim heyəti qarşısında böyük və məsuliyyətli vəzifələr durur. Onlar təkcə öz peşələrilə bağlı deyil, başqa lazımlı sahələrdə də biliklərini artırmalı və bu bilikləri layiqli kadrların hazırlanmasına yönəltməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin “Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında” 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil hərbi lisey yaradılmışdır.
Artıq 11 ildir, müstəqil fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin məzunları içərisində hazırda Silahlı Qüvvələrimizin müxtəlif qoşun növlərində xidmət edən yüzlərlə zabit var. Muxtar respublikada belə bir hərbi liseyin fəaliyyət göstərməsi ildən-ilə hərb sənətinə marağı olanların sayının artmasına səbəb olmuşdur. Hər il muxtar respublikamızın bölgələrindən, həmçinin ölkəmizin müxtəlif regionlarından yüzlərlə gənc-yeniyetmə adıçəkilən məktəbə qəbul olunmaq üçün sənəd verir. Ötən dövrdə liseyi 2251 nəfər bitirmişdir. Təkcə 2015-2016-cı tədris ilində buraya 977 nəfər sənəd vermişdir ki, bunlardan da 255 nəfəri kursant adını qazanmışdır. Hazırda burada 671 kursant təhsil alır. Onların təlim-tərbiyəsi ilə 90-a yaxın müəllim məşğul olur. Liseyin məzunları ölkəmizin müxtəlif ali hərbi məktəblərində, 32 nəfər isə Rusiya və Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirirlər.
Qeyd edək ki, hərbi liseydə kursantların bilik və bacarıqlara yiyələnməsi üçün hərtərəfli şərait yaradılmışdır. Ötən dövrdə kursant yataqxanası və tədris korpusu müasir tələblər səviyyəsində qurulmuşdur. Yataqxana binasında kursantlar üçün müasir məişət şəraiti yaradılmış, yeni yataq dəstləri qoyulmuşdur. Tədris korpusunda yaradılmış müasir fənn kabinələri, müxtəlif tədris avadanlıqları ilə təmin edilmiş siniflər, kitabxana tədrisin yüksək keyfiyyətlə aparılmasına imkan verir. Liseydə kursantların vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir, onlara tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hislərinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Liseyin kursantları keçirilən fənn olimpiadalarında fəal iştirak edirlər. 2014-2015-ci tədris ilində kursantlardan 83 nəfəri bu cür olimpiadalarda iştirak etmiş, onlardan 3 nəfəri Azərbaycan Respublikası üzrə final mərhələsinə çıxmışdır. Kursantlardan Ənvər Quliyev riyaziyyat fənni üzrə gümüş medala, Gündüz Babazadə isə fizika fənni üzrə bürünc medala layiq görülmüşlər.
Liseydə hamı tərəfindən müqəddəs sayılan yerlərdən biri də burada yaradılmış Heydər Əliyev muzeyidir. 2005-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev liseydə olarkən muzeydəki rəy kitabında öz ürək sözlərini belə ifadə etmişdir: “Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin”.
“...Gənclərin yaxşı təhsil alması və peşə sahibi olması ölkənin gələcək inkişafını şərtləndirən başlıca amildir. Hər bir gənc harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, mütləq bir peşə öyrənməlidir. Ümummilli liderimiz isə tövsiyə edirdi ki, zabit olmaq, vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdə dayanır. Çünki zabit adını daşımaq böyük məsuliyyətdir və Azərbaycan Ordusunun zabiti kimi xalqımıza və vətənimizə sədaqətlə xidmət etmək qarşınızda duran əsas vəzifədir. Bundan sonra da yaxşı təhsil almalı, hərb sənətinə dərindən yiyələnməli, bilik və təcrübənizi artırmalısınız. Gələcəkdə harada xidmət etməyinizdən asılı olmayaraq, unutmamalısınız ki, siz müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan hərbi liseyin məzunlarısınız. Bu adı daim uca tutmalı, onu nümunəvi xidmətinizlə doğrultmalısınız”.
Bu il iyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2015-ci il buraxılışı münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kursantlara verdiyi bu tövsiyələri zabit peşəsinə verilən yüksək dəyərin, eyni zamanda Heydər Əliyev yoluna sədaqətin nümunəsi kimi qiymətləndirmək olar. Liseydə olarkən burada təhsil alan kursantların da bu yola sadiq olacaqlarını onlarla apardığımız söhbətdən aydın görmək mümkün idi. Kursantlardan Pərvin Abdullazadə, Anar Məmmədov, Məhəmməd İsmayılzadə Vətəni qorumaq kimi bir peşəni seçdiklərinə görə fəxr etdiklərini dilə gətirdilər. Təhsil aldıqları ünvanın ulu öndər Heydər Əliyevin adını daşımasını isə onlara böyük qürur hissi yaşatdığını bildirdilər. Həqiqətən də, dahi şəxsiyyətin adını daşıyan hərbi məktəbin məzunu olmaq, üçrəngli bayrağımızın hakim olduğu istənilən yerdə Vətənə sədaqətlə xidmət etməyin şərəfini burada təhsil alan kursantların dilindən eşitmək bizim üçün qürurverici idi. Çünki bu liseydə ümummilli liderimizin qurub-yaratdığı müstəqil Azərbaycanın qoruyucuları yetişir.
Səbuhi Həsənov